Salam, xoş gəlmisiniz.

“MİRKƏNAN SEYİDOV SİYASİ MƏHBUSDUR” - Orxan Seyidov: “Heç bir dəlil-sübut olmadan, sırf şahid ifadəsi əsasında qardaşıma 5 il iş verdilər”

2020-01-28 12:36:00

“MİRKƏNAN SEYİDOV SİYASİ MƏHBUSDUR” - Orxan Seyidov: “Heç bir dəlil-sübut olmadan, sırf şahid ifadəsi əsasında qardaşıma 5 il iş verdilər”

“Mirkənan Seyidov məhz Sərdar Cəlaloğlunun bacısı oğlu olduğuna görə həbs olunub”

“Qardaşım Mirkənan Seyidov ittiham olunduğu müddətdə işə Xətai rayon Məhkəməsində baxıldı. Ondan sonra onun barəsində təzədən Bakı Ağır Cinayətlər Məhkəməsində iş açıldı. Bu proses 1 il davam etdi. Sonda hakim Eldar Mikayılov tərəfindən haqsız, ədalətsiz qərar verilərək, heç bir dəlil-sübut olmadan qardaşım zaldan həbs olundu”.

Bu barədə həbs olunan “Bakunews” saytının baş redaktoru Mirkənan Seyidovun qardaşı Orxan Seyidov “Hürriyyət”ə şikayətində bildirib.

“Mehman Həsənov Mirkənan Seyidovla bağlı heç bir şikayəti olmadığını bildirsə də...”

O.Seyidov qeyd etdi ki, qardaşına iş kəsiləndən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin qərar ilə razılaşmayıb, Bakı Apellyasiya Məhkəməsinə şikayət ediblər: “6 aydır bu proses gedir. Bu gün (dünən – red.) 17-ci proses baş tutdu. Dəfələrlə Prezident Administrasiyasına, şəxsən prezidentin özünə, Baş Prokurorluğa, Ədliyə Nazirliyinə müraciət etməyimizə baxmayaraq, bizi arxayın saldılar ki, işə ədalətli baxılacaq, ədalətli qərar olacaq. Amma ortada heç bir proses getmədi. Yəni araşdırma aparılmadan, heç bir dəlil-sübut olmadan Ağır Cinayətlər Məhkəməsində Mirkənan Seyidova 5 il iş verildi, Apellyasiya Məhkəməsində isə bu proses uzadıldı. Hətta şikayətçi və zərərçəkmiş qismində iştirak edən Mehman Həsənov Ağır Cinayətlər Məhkəməsində gedən prosesdən bu günə qədər Mirkənan Seyidovla bağlı heç bir şikayəti olmadığını bildirsə, bu, hökmdə öz əksini tapsa da, yəni onunla barışıq elan etdiyini desə də, qərar qüvvədə qaldı. Bu gün də (dünən – red.) onun Apellyasiya Məhkəməsinə ərizəsi daxil oldu ki, heç bir şikayəti yoxdur. Hazırda onun özü həbsdədir. Eyni maddə ilə (181.2.4 maddə - hədə-qorxu ilə pul tələb etmə) həbs olunan iki juranlistdən biri Mirkənan Seyidov, biri də Cəlal Məmmədovdur. Amma Cəlal Məmmədovun işinə bu gün 60-cı maddə tətbiq edilərək, onun 5 il 3 ayını 2 il 3 aya endirdilər. Lakin Mirkənan Seyidovun 5 ilini qüvvədə saxladılar”.

“Bu, qərəzli və sifarişli həbsdir”

O.Seyidovun sözlərinə görə, hakim ədalətsiz qərar çıxarıb: “Çünki Eldar Mikayılov qardaşıma 5 il iş verəndə dedi ki, “mənlik bir şey deyil, “yuxarı”dan tapşırıq belədir”. Amma “yuxarı” haradır, kimdir, bilmirik. O dedi ki, “mənim əlimdən heç nə gəlmir, burada heç bir dəlil-sübut yoxdur, ehtimal var ki, Apellyasiya Məhkəməsi açıb, buraxacaq”. Amma bu gün (dünən – red.) Apellyasiya Məhkəməsində 17-ci proses getməsinə baxmayaraq, bu proseslər zamanı dəfələrlə Prezident Administrasiyasında görüşlərdə olmuşuq, bizi çox arxayın etdilər. Axırıncı görüşümüz də Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin  qəbulunda olub. O da dedi ki, “iş özümün şəxsən nəzarətimdədir, uzadırıq ki, araşdırılsın”. Amma heç bir araşdırma aparılmadı, istintaq yenilənmədi, vəsatətlər təmin olunmadı. Bu gedişatdan biz belə görürük ki, bu, qərəzli və sifarişli həbsdir”.

“Qardaşımın jurnalist fəaliyyəti ilə bağlı heç bir dəlil-sübut yoxdur”

Orxan Seyidov hesab edir ki, qardaşı siyasi məhbusdur: “Çünki artıq bu iş öz hədəqəsindən çıxıb. Qardaşım məhz Sərdar Cəlaloğlunun bacısı oğlu olduğuna görə həbs olunub. Çünki qardaşımın bir jurnalist, baş redaktor olaraq qanunsuz fəaliyyəti ilə bağlı bircə dənə dəlil-sübut yoxdur. Ona görə, qardaşımın həbsi qanunsuzdur, qərəzlidir”.

“Bizim məhkəmələr çox rahat şəkildə göstərişlə, tapşırıqla istənilən şəxsə iş verə bilir”

“Hələ qərar bu gün (dünən – red.) verilib. Təbii ki, Ali Məhkəməyə müracət edəcəyik. Amma yenə də ümidim yoxdur ki, bu işə ədalətli baxılsın, obyektiv yanaşılsın, normal araşdırmalar aparılsın. İstintaqın gedişi onu göstərir ki, qardaşımın heç bir günahı yoxdur, ümumiyyətlə, təqsirləndirilən maddənin ona aidiyyatı yoxdur. Heç bir dəlil-sübut olmadan sırf şahid ifadəsi əsasında bir insana 5 il iş verməzlər. Müstəntiq deyir ki, yetərincə iş sübuta yetirilib, amma ortada nə bir səs yazısı, nə də görüntü var. Məhkəmədə şahid qismində çıxış edən 3 nəfərin isə çıxışları bir-birinə ziddir. 3 şahidin sözü ilə qardaşıma 5 il kəsildi. Belə çıxır ki, mən yolda 3 nəfərə desəm, “gedək, filankəsin üzünə dur, onu tutduraq”, deməli, bizim ölkədə bu, mümkündür.  Yəni bizim məhkəmələr çox rahat şəkildə göstərişlə, tapşırıqla istənilən şəxsə iş verə bilir”,-deyə şikayətçi vurğuladı.

“Bu qədər haqsızlıq olmaz”

O. Seyidov onu da diqqətə çatdırdı ki, Apellyasiya Məhkəməsində işə hakim Həsən Əhmədovun sədrliyi ilə baxılıb. “O, bizə çox qərəzli yanaşdı,  valideynlərimi, hətta vəkilimizi belə, özünə yaxın buraxmır. Deyirik ki, söz soruşaq, maraqlanaq. Cavab verir ki, “polis çağıraram, mənə yaxın durmayın, mənim toxunulmazlıq hüqum var, məndən söz də soruşa, yaxın da dura  bilməzsiniz”. Bu qədər haqsızlıq olmaz. Məhkəmələrin ədalətli olacağını düşünərək gedirik, amma nəticə etibarilə qapılar üzümüzə bağlanır”.

Şamo EMİN, Hurriyyet.org

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93