“Müdafiə xərclərimiz ötən il 3,1 milyard manatdan çox olub” – Ekspert

0

Ermənistanın Tovuz istiqamətindəki təxribatı bir sıra beynəlxalq qurumlar tərəfindən pislənildi. Hətta Ermənistanın özünün üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üç üzvü digər beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəklədi. Praktik olaraq biz Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsini müşahidə etdik.

Hurriyyet.org bildirir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Deputat bildirib ki, Tovuz strateji əhəmiyyət daşıyan bir rayon olmaqla yanaşı Azərbaycan, region və eləcə də qitə üçün əhəmiyyətli tranzit xəttləri buradan keçir.

Vüqar Bayramöv qeyd edib ki, yüksəklik baxımından da Tovuz rayonu böyük strateji mövqeyə sahibdir:
“Bütün bunlarla yanaşı Azərbaycan Ordusu güclü və intizamlıdır. Ermənistanın Tovuz istiqamətindəki təxribatına layiqincə cavab verməsi bir daha təsdiq etdi ki, hazırda Ordumuz düşmənin istənilən təxribatına cavab vermək gücündədir. Ordumuzun maddi-texniki bazası, əhval ruhiyyəsi çox yüksəkdir. Ordu ilə paralel olaraq vətəndaşlarımız arasında da öz gücümüzə inam böyükdür. Deputat qrupunun Tovuz rayonuna səfərində bunu bir daha açıq şəkildə müşahidə etdik”.

Millət vəkili deyib ki, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən qurumların və dövlətlərin sayının artması təqdirəlayiqdir.

Vüqar Bayramov bütün bunlara baxmayaraq Azərbaycanın heç bir dəstək olmadan düşmən ölkənin təxribatına cavab vermək imkanına və gücünə qadir olduğunu söyləyib:

“Azərbaycan diplomatiyası və xarici siyasəti praktik olaraq ölkəmizin mövqeyini dəstəkləyən ölkələrin sayının daha da artmasına gətirib çıxarır. Xüsusən də cənab Prezindetin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi ideyası 130 ölkə tərəfindən dəstəkləndi. Əslində bu fakt bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin və rəhbərinin təşəbbüsü ilə təqdim edilən beynəlxalq, qlobal xarakter daşıyan ideyalar, layihələr beynəlxal birlik və dünya ölkələrinin əksəriyyəti tərəfindən dəstəklənir. Bu, Azərbaycanın mövqeyinin, gücünün göstəricisidir”.

İqtisadçı deputat bundan sonra da dövlətimizin ordunun maddi-texniki bazasının möhkəmlədirilməsi istiqamətində işlərini davam etdirəcəyini vurğulayıb.

O qeyd edib ki, ölkə rəhbərinin tapşırığı ilə müdafiə xərclərinin artırılması ilə bağlı göstəriş var: “Son illər ölkəmizin müdafiə xərclərinin artmasını müşahidə edirik. Belə ki, 2018-ci ildə müdafiə xərcləri 2,8 milyard manat idi. 2019-cu ildə isə bu rəqəm 3,1 milyard manatdan çox oldu. Bu da öz növbəsində 11,2 faiz artım deməkdir. 2020 və 2021-ci illərdə də bu artımın davam edəcəyi gözlənilir”.