“Müharibə faktiki olaraq başlayıb” – ELMAN NƏSİROV

14

“Hadisələrin gedişatı onu göstərir ki, beynəlxalq aləmin reaksiyası gözlənilən səviyyədə deyil”

Bunu Hurriyyet.org-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, beynəlxalq qurumların  tərəfləri yalnız atəşkəsə çağırmaqla kifayətləndiyini bildirib:

“İyul ayının 12-dən başlayaraq, Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribatı baş verib. Bu təxribat hazırda da davam etməkdədir. Hərbi təxribatın arxasında birbaşa Ermənistanın hərbi siyasi rəhbrəliyi dayanır. Bir az da açıqlasaq, Paşinyan dayanır. Məhz onun əmriylə Ermənistan silahlı qüvvələri atəşkəsi pozub və belə hərbi təxribata əl atıblar. Eyni zamanda burada sual doğuran çox maraqlı məqamlardan biri də odur ki, bu vəziyyətdə Ermənistan bütün məsuliyyəti Azərbaycanın üzərinə qoyur. Guya, Azərbaycan atəşkəsi Tovuz istiqamətində pozub. Halbuki, bununla bağlı Ermənistan Müdafiə nazirinin mətbuat katibi müsahibəsində qeyd edir ki, Azərbaycan tərəfinə məxsus UAZ markalı hərbi maşın sərhədi keçdi və biz buna cavab verdik. Belə bir gülünc bir ittiham irəli sürüb. Belə vəziyyətdə təbii ki, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında da qeyd etdi ki, düşmənə odekvat cavab verdik və yerində otuzdurduq. İlk növbədə Cənab Prezident qeyd etdi ki, biz şəhidlərimizin qisasını aldıq və bundan sonra da alacayıq. Şəhidlərimizin qanı yerdə qalmayıb və bundan sonra da qalmayacaq. Biz dəfələrlə düşməndən bunun əvəzini çıxmışıq. Hadisələrin gedişatı onu göstərir ki, beynəlxalq aləmin reaksiyası gözlənilən səviyyədə deyil. Düzdür bəzi beynəlxalq qurumlar reaksiya verib. Lakin onlar da tərəfləri yalnız atəşkəsə çağırmaqla kifayətlənirlər. Hələ ki, işğalçı Ermənistanı pisləyən, kəskin mövqe ortaya qoyan beynəlxalq qurum yoxdur. ATƏT-in MİNSK qrupunun həmsədrləri ümumiyyətlə susub. Onların hələ ki, heç bəyanatı da yoxdur. Bütün bunlar təəssüf doğuran məsələlərdir”.

Deputat bütün hallarda məsuliyyət Ermənistanın üzərinə düşəcəyini qeyd edib:

“İncə bir məqama toxunmaq istəyirəm. Ermənistan dövləti Dağlıq Qarabağda deyil, məhz Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozub və hərbi təxribata əl atıb. Burada iki məqsəd ola bilər. Birincisi, Azərbaycanı hərbi təxribata cəlb etməkdir. Belə olan halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına müraciət edib, onlardan dəstək almaq istəyirlər. Bununlada, Azərbaycanı təkləmək niyyətindədirlər. İkincisi isə, Azərbaycanı təxribata cəlb etmək və nəticədə bu hərbi-siyasi təşkilatın üzvlərinə, xüsusilə də Rusiya və Belarusiyaya təhrik göstərib, Azərbaycana silah satmasının qarşısını almaqdır. Əsas motivlər bunlardır. Ancaq unutmaq olmaz ki, Azərbaycanın bu təşkilatın üzvləriylə sıx iqtisadi və dostluq əlaqələri vardır. Bu səbəbdən Paşinyanın niyyəti reallaşmadı. Bütün hallarda məsuliyyət Ermənistanın üzərinə düşür”.

Elman Nəsirov, Ermənistanın daha çox hərbi postlarımızı deyil, mülki əhalini hədəf aldığını vurğulayıb:

“Belə gedişat müharibənin başlanmasına səbəb ola bilər. Müharibə artıq faktiki olaraq başlayıb. Düşmən tərəf daha çox, hərbi postlarımızı deyil, mülki əhalini hədəf alır. Artıq sülh danışıqları mənaszıdır və inamını itirib. Belə olan vəziyyətdə ya həmsədrlər münaqişınin həlliylə bağlı köklü bir addım atmalıdır, ya da bu məsələdə özlərinin acizliyini ifadə edib kənara çəkilməlidir. Bununla da öz missiyalarına xitam verilməlidirlər. Müharibə ehtimalı kifayət qədər böyükdür”.

Hurriyyet.org