“Müştərilərinin hesabına fəaliyyət göstərən şirkətlər bu günlərdə onları nəzərə almalıdırlar” – Millət vəkili

3 Aprel, 2020, 20:33
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Gəncədə də vəziyyəti ciddiyə almayan, “virus mənə heç nə edə bilməz” deyən vətəndaşlarımız var”.

Hurriyyet.org bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus infeksiyasının yayılmasına qarşı ölkədə və ikinci böyük şəhərimiz olan Gəncədə həyata keçirilən tədbirləri dəyərləndirən millət vəkili Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, mövcud şəraitdə bankların və mobil operatorların vətəndaşların vəziyyətini nəzərə alaraq, müəyyən güzəştlər tətbiq etməsinə ehtiyac var:

“Bizim banklara, kredit verən təşkilatlara və məişət avadanlıqları satan firmalara çağırışımız oldu ki, faizlərin verilməsini ən azı 2-3 aylıq dayandırsınlar. Çox sevindirici haldır ki, bəzi kredit verən və məişət avadanlıqları satan təşkilatlar bu çağırışımızı müsbət qarşıladılar. Bir neçə təşkilat mart ayı boyunca faizləri dondurub.

Çox təəssüflər olsun ki, 1-2 bankı çıxmaq şərtilə, digərləri bu təşəbbüsə qoşulmayıblar. Bununla yanaşı mobil operatorlarımız Fonda yardım ediblər, sırf müştərilərlə bağlı bir kampaniya həyata keçirməyiblər. Onlar ən azı internetin keyfiyyəti və sürətini yaxşılaşdıra, yaxud da müştərilərə xüsusi paket tətbiq edə bilərdilər.

Çünki neçə illərdir, bu şirkətlər müştərilərin hesabına fəaliyyət göstərirlər. Bu gün onlar müştərilərin yanında olsaydılar, müştərilər də daim o xidmətlərdən istifadə edərdilər. Bizim internet provayderləri də çalışmalıdırlar ki, öz fəaliyyətlərini maksimum keyfiyyətli etsinlər. Endirim edə bilmirlərsə, heç olmasa, sürət və keyfiyyəti artırsınlar. Çünki insanlar evdədirlər və internetdən müntəzəm istifadə edirlər”.

Gəncə şəhərində ehtiyacı olan insanlara yardım etdiklərini deyən Naqif Həmzəyev bildirib ki, yardım gözləyən hər kəsə əl uzatmağa çalışırlar:

“Pandemiya başlayandan Yeni Azərbaycan Partiyası vətəndaşların yanındadır, könüllülərimiz bu işdə yaxından iştirak edirlər. Bizim “qaynar xətt”ə müraciət olunduqda, tənha, yaşı 65-dən yuxarı olan insanlarımızın köməyinə çatırıq, onları ərzaq və dərmanla təmin edirik.

Seçicilərimin də müraciətləri olur, gücüm çatan qədər onlara da yardım edirik. Gəncə şəhərindən olan iş adamları da bu prosesdə fəal iştirak edirlər. Onlar da çalışırlar ki, edilən müraciətlər cavabsız qalmasın.

Fürsətdən istifadə edib bu dönəmdə bütün vətəndaşlarımıza, xeyirxah işlər görən sahibkarlara təşəkkürümü çatdırıram. Onlar müəyyən dərəcədə dövlətin yükünü paylaşırlar, vətəndaşlarımızın yanında olurlar”.

Hazırda Gəncədə olduğunu deyən millət vəkili şəhərdəki vəziyyətlə bağlı da fikirlərini bildirib:

“Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Operativ Qərargah yaradılıb. Bütün proses Operativ Qərargah tərəfindən idarə olunur.

Hal-hazırda şəhərdəyəm. Müsbət haldır ki, küçəyə çıxan vətəndaşlarımızın sayı çox azalıb. Bütün bunlara baxmayaraq, vəziyyəti ciddiyə almayan, “virus mənə heç nə edə bilməz” deyən vətəndaşlarımız var. Ümumiyyətlə, vəziyyət ötən günlərlə müqayisədə yaxşıdır.

Dövlətimiz tərəfindən atılan addımlar nəticəsində qonşu ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət ürəkaçandır. Biz bütün yardımı, dəstəyi ancaq dövlətdən gözləyirik. Elə bir zamadır ki, sahibkarlar, vətəndaşlar hamı həmrəy olmalıdır. Koronavirusla mübarizə Fonduna sahibkarlar tərəfindən kifayət qədər dəstək verilir, ancaq vətəndaşlara xidmət göstərən şirkətlər bu gün müştərilərinin yanında olmalıdırlar”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93