Naxçıvan polisi küçə qadınları ilə əlbir olub bu ağır karantin dövründə vətəndaşları soyur – TƏFƏRRÜAT

2

Babək rayonunun Cəhri kənd sakinindən ərinin sərbəst buraxılması üçün 1500 manat alınıb

Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, martın 29-dan mayın 31-dək ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunub. Məhz həmin dövr ərzində bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılıb. Təbii ki, bu da ölkədə işsizlərin sayının artmasına, kiçik və orta sahibkarların, o cümlədən bütün ölkə əhalisinin gəlirinin ciddi şəkildə azalmasına səbəb olub. Düzdür, hökumət koronavirusla mübarizə tədbirlər planına əsasən, məşğulluğa və sosial rifaha dəstək tədbirləri çərçivəsində vətəndaşlara, o cümlədən sahibkarlara maliyyə yardımı edib. Lakin bu, vətəndaşların koronavirus pandemiyası səbəbindən üzləşdikləri problemləri tam şəkildə həll etməyib.

Onu da nəzərinizə çatdıraq ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə, artıq iki dəfə həftə sonu Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərləri, Abşeron rayonu və digər bölgələrdə sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Söz yox ki, bu cür addımlar koronavirusun yayılmasının qarşısının alınmasına xidmət edir. Ancaq bu, həm də işsizlərin sayının artmasıyla nəticələnir. Ki, bu gün ölkənin əksər şəhər və rayonlarında yüzlərlə, bəlkə də daha çox iş yerini itirmiş vətəndaşa rast gəlmək mümkündür. Onların bir qismi isə Naxçıvan Muxtar Respublikasının payına düşür. Hurriyyet.org-un əldə etdiyi bilgilərə görə, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunduğu andan indiyədək muxtar respublikada iş yerlərinin sayı sürətlə azalmağa, nəticədə işsizlərin sayı artmağa başlayıb. Elə bu səbəbdən də Naxçıvan sakinləri müxtəlif yolla, məsələn həyətində becərdiyi meyvə-tərəvəzi satmaqla, kişi, uşaq və qadın paltarı alveriylə, yaxud digər ticarət növü ilə koronavirusun onların büdcələrinə vurduğu ziyanı qismən də olsa kompensasiya etməyə, evinə bir tikə çörək aparmağa çalışır. Bu şəxslərdən biri də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kənd sakini olan yaşlı qadındır. Hurriyyet.org-a verilən məlumata görə, bu yaşlı xanım öz həyətində qadın alt paltarları alveri ilə məşğul olub ailəsinin dolanışığını təmin etməyə çalışıb. Lakin Naxçıvan polisi qadının bu arzusunu ürəyində qoyub. Belə ki, bu barədə Hurriyyet.org-a informasiya verən mənbənin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları öncədən öyrədilmiş, yüngül həyat tərzi keçirən qadını həmin xanımın yaşadığı evə göndərib və “əməliyyat” da elə bundan sonra başlayıb: “Naxçıvan polisi küçə qadınını öyrədib həmin xanımın evinə göndərib. Yüngül həyat tərzi keçirən qadın isə karantin dövründə ac qalmamaq üçün öz həyətində alver edən xanımın başına oyun açıb. Belə ki, polisin göstərişini icra edən şəxs yaşlı xanımdan qadın alt paltarı almaq istəyib. Xanım isə onu tanımadığı üçün ehtiyat edib və qadın paltarı-filan satmadığını deyib. Bu zaman yüngül həyat tərzi keçirən qadın şirin dilə salıb və xanımı yola gətirib. Beləcə, ondan bir-iki ədəd alt paltarı aldıqdan sonra evi tərk edib”. Mənbənin iddiasına görə, yüngül həyat tərzi keçirən qadın evdən çıxadıqdan qısa müddət sonra polis əməkdaşları xanımın evinə baş çəkiblər: “Polislər qadının evinə gəlib və onun alverlə məşğul olduğunu deyiblər. Qadın qorxduğundan bunu inkar edib. Lakin bu zaman polislər ona alış-verişin əks olunduğu videogörüntünü təqdim edib. Bununla da məlum olub ki, bir qədər əvvəl paltar alan qadın polislə əlbir imiş və bu yolla xanımı “tor”a salıblar”. Verilən məlumatda o da deyilir ki, bundan sonra polislər qadını polis şöbəsinə aparacaqlarını deyiblər. Xanımın əri vəziyyətin ciddi olduğunu görüb, şöbəyə onu aparmaqlarını xahiş edib. Polislər xanımın ərini iki gün saxladıqdan sonra 1500 manat gətirəcəyi təqdirdə onu azad edəcəklərini deyiblər . Odur ki, çarəsiz vəziyyətdə qalan ailə qohumdan, qonşudan borc alıb 1500 manat düzəldib və pulu verdikdən sonra əri sərbəst buraxılıb. Bu hadisə onu deməyə əsas verir ki, Naxçıvan polisi küçə qadınlarının ümidinə qalıb, onlarla əlbir olub bu ağır karantin dövründə vətəndaşları soyur.

“Hürriyyət”

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.