“Naxçıvanda xəstələri ölümə məhkum ediblər” – YUNİS MƏMMƏDOV

18 İyun, 2020, 16:17
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Baş həkim mənə deyir ki, uşağın harada müalicə olunub, oradan qanı ilə bağlı epikriz gətir”

Son vaxtlar ölkədə, o cümlədən də Naxçıvan Muxtar Respublikasında koronavirus xəstələrinin sayı kəskin artıb. Bundan başqa, ölkədə kifayət qədər digər xəstəliklərin daşıyıcıları var ki, o vətəndaşların da həyatı önəmlidir. Lakin koronavirusla əlaqədar xəstəxanalarda yer olmadığı üçün digər xəstələr diqqətdən kənarda qalıb, onların müayinə və müalicəsi aparılmır.  Elə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndinin sakini Yunis Məmmədovun Hurriyyet.org-a şikayəti də bununla bağlıdır.

 “Xəstəxanaya girişə qadağa qoyublar və izah edirlər ki, sığorta verilmir”

Y.Məmmədov bildirib ki, onun uşağı xəstədir: “Qanında problem var, 2-3 aydan bir analiz verməliyik, həkimin yanına getməliyik. Bu gün səhər tezdən durub Babək rayonun xəstəxanasına gəlmişik. Bilirsiniz ki, həkimlər, aparatlardan keçmək pulludur. Tibbi sığorta almaq lazımdır ki, uşaq pulsuz, dövlət hesabına aparatlardan keçsin, həkim baxsın. Amma Babək rayon xəstəxanasının qapısında mülki formada bir qapıçı, bir nəfər də polis qoyublar. Xəstəxanaya girişə qadağa qoyublar və izah edirlər ki, sığorta verilmir. Soruşuram ki, niyə sığorta verilmir? Deyir, “tapşırıq belədir, koronovirusla əlaqədar insanlara tibbi yardım göstərilmir”. Bu, kimin tapşırığıdır? Niyə o tapşırıq verilib, heç kəs bilmir. Bizə belə dedilər ki,  “əməliyyata gedəsi adamdırsa, həkim qəbul edəcək, bir də konkret  qadın doğursa, tibbi sığortaya, həkimə icazə verirlər, qalan heç bir halda icazə verilmir”. Mən də sorğu edirəm, necə olur ki, Naxçıvan şəhərində sadəcə adamın başı ağrıdığına görə həkimə gedib, adamın qapısına polis qoyub, virus adı ilə adamın evini karantinə alıblar? Bir həftədir Əlyabad kəndində adam evində həbs olunub, heç analiz götürülməyib, müalicə yoxdur, qapısına polis qoyublar.

Mənim uşağımın qan problemi var, xəstəxana deyir ki, baxmırıq. Bu gün Naxçıvanda nə rayonlarda, nə respublika xəstəxanasında koronovirusu bəhanə edib xəstələri qəbul etmirlər. Bu da o deməkdir ki, bü gün kiminsə əli ilə Naxçıvanda istənilən xəstəni ölməyə məhkum ediblər. Belə qayda olmaz ki. Adam mənə şərt qoyur ki, “ya əməliyyat olmalısan, ya da doğuş edən qadınlar qəbul olunur”.

 “Mən bu adama başa sala bilmirəm ki, Naxçıvanda qan xəstəxanası yoxdur”

Y.Məmmədov onu da nəzərə çatdırıb ki, o, Babək rayon xəstəxanasının baş həkimi Asiman Yusifovun özü ilə də danışıb: “Baş həkim mənə deyir ki, “uşağın harada müalicə olunub, oradan qanı ilə bağlı epikriz gətir, mən görüm ki, sənin uşağın doğrudan da ağır vəziyyətdədir. Mən sonra icazə verim ki, səni həkim yoxlasın, ya da tibbi sığorta versin”. Mən bu adama başa sala bilmirəm ki, Naxçıvanda qan xəstəxanası yoxdur. Bu xəstəxana Bakıdadır. Mən uşağımı Bakıda müalicə etdirmişəm. İndi mən Bakıya gedib epikriz çıxartdırıb gətirim? Yollar koronavirusa görə bağlıdır”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93