Neft ucuzlaşmağa davam edir

8

Bu gün keçirilən hərraclarda neftin qiymətləri bir qədər də azalıb ki, bu da bazarlardakı tarazlığın pozulacağı ehtimallarının üstünlük qazanması ilə bağlıdır.

“Report” xəbər verir ki, “Brent” markalı neft 0,37 faiz ucuzlaşaraq 39,91 ABŞ dollara, “WTI” markalı neft isə 0,27 faiz ucuzlaşaraq 37,2 ABŞ dollara satılıb.

Koronavirus pandemiyası nəticəsində neft bazarında xeyli azalan tələbatın yenidən dirçələcəyinə olan ümidlər ABŞ-da kommersiya ehtiyatlarının artması xəbərlərilə doğrulmadı. Belə ki, 28 avqust – 4 sentyabr tarixlərində ABŞ-dakı neft ehtiyatlarının 0,4 faiz artaraq 500,4 milyon barelə çatdığı açıqlanmışdı.

“Reuters” xəbər verir ki, ekspertlərin fikrincə bunun bir səbəbi də bu yaxınlardakı Laura tropik qasırğası nəticəsində dayandırılan neftayırma müəssisələrinin istehsalı azaltmalarıdır.

musavat.com