NEFT 60 DOLLARDAN AŞAĞI DÜŞSƏ...

NEFT 60 DOLLARDAN AŞAĞI DÜŞSƏ...

...Hökumət büdcənin gəlirlər və xərclər hissəsini korrektə etməli olacaq

Ötən gün dünya birjalarında neft qiymətləri kəskin ucuzlaşıb. Belə ki, “Brent” markalı neftin bir barreli 4.38 dollar ucuzlaşaraq 62,41 dollara düşüb. VTİ markalı neftin bir barreli isə 3,91 dollar ucuzlaşıb və 53,29 dollar olub. ABŞ xam nefti isə 4,7% ucuzalaşaraq 53.71 dolları görüb. Həmçinin “Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 2,16 dollar ucuzlaşaraq 65,78 dollar təşkil edib. Halbuki, 3 oktyabrda “Brent” neftinin qiyməti 86 dolları keçmişdi. Həmin tarixdən bəri “Brent” nefti 29% ucuzlaşıb.

Neftin qiymətlərinin ucuzlaşmasına baxmayaraq məşhur neft treyderi Andy Hall-a görə, neft qiymətləri yüksəlməyə hazırlaşır və böyük bir ehtimalla OPEC ehtiyatların “şişməsi” ilə əlaqədar olaraq gələcək bir-iki ay ərzində hasilatın azaldılmasını yenidən tətbiq edəcəkdır.

Hall proqnozunu “Orbital Insight Inc” şirkətinin məlumatlarına əsaslandıraraq qeyd edib ki, bu şirkət qlobal neft ehtiyatlarının səviyyəsini izləmək üçün peyk görüntülərini istifadə edir. Məlumata görə, OPEC, Avropa və ABŞ-ın neft ehtiyatları ötən aylarda kəskin şəkildə yüksəlib.

ABŞ-ın neft sahəsinə xidməti şirkəti “Baker Hughes”ın açıqladığı həftəlik məlumata görə də ABŞ-da neft qazma qurğularının sayı 10-16 noyabr dövründə əvvəlki həftəyə nisbətən artıb. “Baker Hughes”ın cümə günü açıqladığı məlumata görə, ABŞ-da aktiv neft qazma qurğularının sayı üç ildən çox müddətin ən yüksək səviyyəsinə qalxıb.

Əslində, ABŞ-da neft qazma qurğularının sayının əvvəlki həftəyə nisbətən artması da neftin qiymətlərinin düşməsinə səbəb olan əsas faktorlardan biridir. ABŞ-da xam neft hasilatının artması fonunda OPEC və tərəfdaşları 2019-cu ildə gündəlik neft hasilatının 1,4 milyon barelədək azaltmaq məsələsini araşdırır. OPEC və tərəfdaşlarının gələn il hasilatı azaltmaq niyyəti isə təklif bolluğunun qarşısını almaq və beləliklə, qiymətlərin azalmasına yol verməmək istəyi ilə bağlıdır. Bu baxımdan, qlobal investisiya bankı “Goldman Sachs”ın əmtəə departamentinin rəhbəri Cef Currie bildirib ki, neft bazarında böyük ehtimalla aşağı istiqamətli hərəkət sona yaxınlaşır: “Dekabrda OPEC-in hasilatı azaltması vəziyyətində “Brent” neftinin qiymət yenidən 75 dollara qalxa bilər”.

Məşhur neft treyderi Andy Hall və “Goldman Sachs”ın əmtəə departamentinin rəhbəri Cef Currie neftin qiymətinin bahalaşcağını proqnozlaşdırsa da, hazırda qiymətlər 2017-ci ildən bəri ən aşağı səviyyəyə enib.

Səudiyyə Ərəbistanı ilə bağladıqları kommersiya müqavilələrini davam etdirəcəklərini bildirən ABŞ Prezidenti Donald Trampın “100 milyardlarla dollardan imtina etməyəcəyik. Əgər imtina etsək, neft qiymətləri “tavan”a qalxacaq” açıqlaması da neft qiymətlərinin ucuzlaşmasına təsir göstərir. Bu baxımdan, “Bloomberq” agentliyinin “dünyada neft qiymətlərini üç siyasətçi - Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman müəyyənləşdirir” açıqlaması da yerinə düşür. Hətta “Bloomberq” agentliyi artıq OPEK-in qiymət müəyyənləşdirilməsində rol oynamadığını bildirib. Belə ki, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının OPEK-in digər 15 üzvündən daha çox neft istehsal etdiyi açıqlanıb: “Bu üç ölkənin liderlərinin fərqli hədəfləri var. Ər-Riyad büdcəni doldurmaqdan ötrü yanacaq ixracını davam etdirir. Tramp isə öz növbəsində Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətləri Qaşıqçı cinayəti fonunda qoruyub saxlamaq istəyir”.

Göründüyü kimi, dünyada neft qiymətlərini müəyyənləşdiriən üç siyasətçidən biri- ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin “tavan”a qalxmasını istəmir. Neft qiymətlərini müəyyənləşdirən üç siyasətçidən biri olan Rusiya Prezidenti Vladimir Putin isə “70 dollar səviyyəsindəki neft qiymətləri bizə tamamilə uyğundur”-deyib.

ABŞ prezidenti Donald Trampın və Rusiya prezidenti Vladimir Putinin bu açıqlamaları da göstərir ki, yaxın və orta perspektivdə neftin qiymətində ciddi artım ola bilməz. Əslində, prezident D.Trampın ABŞ-ın İran neftinin ixracatına tətbiq edilən sanksiyalara görə növbəti 6 ayda 8 ölkəyə yaşıl işıq yandırması da neft bazarında qiymətlərin qalxmaması üçün verilən bir qərardır. O baxımdan, yaxın və orta perspektivdə neftin qiymətinin artması dünyanın gündəmini dəyişəcək siyasi hadisələrdən asılıdır.

Düzdür, Amerika Neft İnstitutu (API) dünən məlumat yayıb ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 1,5 milyon barrel azalaraq 439,2 milyon barrel olub. Xatırladaq ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 10,3 milyon barrel (2,4 faiz) artaraq 442,1 milyon barrelə çatmışdı. O baxımdan, keçən həftə ilə müqayisədə ölkədə neft ehtiyatlarının 1,5 milyon barrel azalması bazara təsir edə, neft çüzi bahalaşa bilər. Əslində, bu, iqtisadi qanunauyğunluqdur. Amma dünya neft bazarlarına nəinki iqtisadi qanunauyğunluq, daha çox D.Trampın və V. Putinin bəyanatları, atdığı addığı addımlar təsir edir. Hər iki lider neftin qiymətinin bahalaşmasında maraqlı olmadığı üçün ciddi qiymət artımları gözlənilən deyil.

Energetika üzrə fransalı mütəxəssis Kolet Levayner isə bildirib ki, bazar daim dəyişir: “Son zamanlarda bəzi amillər neft ehtiyatlarının artmasına səbəb olub. Hazırda dünyada iqtisadi inkişafda azalma yaşanır. Xüsusilə də böyük istehlakçı olan Çində bunu görmək olar. Bundan başqa, boru kəmərində aşağı ötürücülük qabiliyyətinə görə çətinlik yaradan ABŞ-ın şist neft ixracatı 2019-cu ildə yaxşılaşacaq və bu daha çox ABŞ neftinin ixracına imkan verəcək. Üstəlik, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bəzi tərəfdaş ölkələr üçün yüngülləşdirilib. Bütün bunlar neft ehtiyatlarının artmasına gətirib çıxarıb”.

Dünyada iqtisadi inkişafda azalma yaşanırsa, bu da neft qiymətlərinin bahalaşmayacağını deməyə əsas verir.

Yaxın gələcəkdə qiymətlərin hansı səviyyədə sabitləşə biləcəyinə dair sualı cavablandıran ekspert qeyd edib ki, neft hasilatı investisiya qərarları və neft hasilatı arasında uzunmüddətli, çoxlu kapital tələb edən sahədir: “Bu sahənin əsaslandırılmış investisiya qərarları qəbul etmək üçün sabit neft qiymətinə ehtiyacı var. OPEC-in yenidən ABŞ ilə ticarət müharibəsinə başlayacağına inanmaq çətindir, çünki bu müharibə neftin bir barelinin qiymətini 26 dollar səviyyəsinə qədər azaltdı və bu qiymət səviyyəsi bütün iqtisadiyyata zərər verdi. Həmçinin unutmaq olmaz ki, 2008-ci ildə neftin qiymətinin barelinin 150 dollara - pik nöqtəyə çatması iqtisadi böhranın başlanğıcı ilə üst-üstə düşdü və qiymətlər də endi. Bütün bunları nəzərə alsaq, qarşıdakı aylarda neftin bir barrel üçün qiymətinin 50-80 dollar aralığında dəyişə biləcəyini gözləmək olar”.

Əslində, hazırkı qlobal vəziyyət neftin bir barrel üçün qiymətinin 50-80 dollar aralığında dəyişə biləcəyini düşünməyə əsas verir. Amma neftin qiyməti 50 dollara düşərsə, bu nefti ölkəsi olaraq bizim üçün yaxşı nələrsə vəd etmir. Nəzərə alsaq ki, hökumət gələn il dövlət büdcəsində neftin qiymətini 60 dollar götürüb. O baxımdan, əgər qiymətlər 60 dollardan aşağı düşsə, hökumət büdcənin gəlirlər və xərclər hissəsini korrektə etməli olacaq. Hətta neftin qiymətinin düşməsi inzibati qaydada idarə olunan manatın məzənnəsinə də təsir edəcək. Yəni manatı dollara nisbətdə 1.70-də saxlamaq mümkün olmayacaq.

Qeyd edək ki, BP 2018-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb. Məlumata görə, 2018-ci ilin 1-ci üç rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. 9 ay üçün AÇG-dən ümumi hasilat- Çıraq (47 000), Mərkəzi Azəri (156 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə -gündə orta hesabla 588 000 barel və ya ümumilikdə təqribən 161 milyon barel, yəni 22 milyon ton olub.

Gündəlik orta hesabla 588 000 barel neft hasil olunduğu halda isə neftin 1 dollar ucuzlaşması ölkəmizin hər gün 588 min, aylıq isə 17 milyon, 640 min, illik isə 212 minə yaxın dollar itirməsi deməkdir. Neftin 1 dollar düşməsi bu qədər vəsait edirsə, 10 dollar və yaxud çox düşməsi isə milyardlarla dollar itkdir ki, bu da neftdən asılı olan büdcəmizə böyük zərbədir. Bu baxımdan, hökumətin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirməsi arzuolunandır.

Şamo EMİN, Hurriyyet.org