“Neonasizmin təbliğ edildiyi təcavüzkar Ermənistan…” – Tarixçi professor

9 May, 2020, 20:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Azərbaycan xalqı İkinci Dünya müharibəsi illərində, onun tərkib hissəsi və o zaman Böyük Vətən müharibəsi adlandırılan 1941-1945-ci illər müharibəsində anti-Hitler koalisiyasına daxil olan ölkələrin cərgəsində SSRİ-nin digər xalqları ilə birlikdə Hitler Almaniyası, faşist İtaliyası və militarist Yaponiya üzərində qələbə qazanılmasında mühüm rol oynayıb.

Hurriyyet.org xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

O qeyd edib ki, xalqımız ön cəbhədə, arxa cəbhədə, həmçinin, Avropa ölkələrində antifaşist müqavimət və partizan hərəkatlarında yaxından iştirak edib:

“Müharibə illərində 600 mindən çox azərbaycanlı səfərbər edilib. Onların təxminən yarıya qədəri həlak olub. Azərbaycan nefti qələbədə başlıca rol oynayıb. Müharibə illərində Azərbaycan yanacağın ən mühüm təchizatçısı olub. Eyni zamanda 1941-1945-ci illərdə SSRİ-nin beynəlxalq nəqliyyat-kommunikasiya mərkəzi Azərbaycan olub.

Əvvəllər Daşkənd üzərindən xarici ölkələrə uçuşlar həyata keçirilirdisə, az sonra ən əlverişli olan Bakı-Tehran hava xəttinə üstünlük verilib. Bakı-Tehran dəmiryolu xətti də fəaliyyət göstərib. Dövrün görkəmli xadimləri, məsələn, Fransa müqavimət hərəkatının rəhbəri, sonralar Fransada Beşinci Respublikanın Prezidenti Şarl de Qoll Moskvaya Bakıdan keçib gedib. O, Bakıda Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasına tamaşa edib. Tərcüməçi tərcümə etmək istəyərkən deyib ki, ehtiyac yoxdur, müqavimət hərəkatındakı azərbaycanlı silah yoldaşları ona danışıblar”.

Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti müharibə iştirakçılarının xatirəsinə böyük hörmət və ehtiram göstərir:

“Dövlət başçımız hər il mayın 9-da iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyur, cəsur sərkərdənin xatirəsini ehtiramla yad edir. Bu addım həm tarixi keçmişimizə hörmət və ehtiramın nümunəsidir, həm də neonasizmin təbliğ edildiyi təcavüzkar Ermənistan üzərində zəfər qazanılmasına ruhlandıran amillərdən biridir. Sirr deyil ki, təcavüzkar ölkədə bu gün faşizm qəhrəmanlarının təbliğ olunması bir ənənəyə çevrilib.

Dövlət başçımız bu günlərdə Rusiyanın “TASS” informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində də çox haqlı olaraq bildirdi ki, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdləri qətiyyətlə pislənməlidir və bizim ölkəmiz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Hazırda belə meyillərin ən geniş yayıldığı ölkələrdən biri təcavüzkar Ermənistandır.

Belə ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub ki, bu heykəlin açılışında ölkənin keçmiş prezidenti iştirak edib. Prezident İlham Əliyevin də bildirdiyi kimi Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyinin bu canini müdafiə etməsi göstərdi ki, bu ölkədə hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93