Nobel mükafatının indiyədək Azərbaycana nəsib olmamasının səbəbləri

22

Ekspertlər Şeyxülislamın bu mükafatı almaq şanslarından danışdılar

Məlum olduğu kimi, bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxsin adı bəlli olub. Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov Azərbaycandan cəmi bir namizədin təqdim olunduğunu açıqlayıb. B.Ələsgərov qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh Mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib:

“Dekabrın 10-dan fevralın 1-dək sənəd qəbulu olur. Namizədlər Nobel Sülh Mükafatının ekspert qrupuna göndərilir. Sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr elan olunur. Dekabrın 10-da isə təqdimat mərasimi olur.

Şeyxülislam Allahşükür Paşazadənin namizədliyi artıq ikinci dəfə verilir. Namizədlərlə bağlı da gizli səsvermə gedəcək və sentyabrın sonu, oktyabrın əvvəlində nəticələr bəlli olacaq”.

Qeyd edək ki, 1895-ci ildə Alfred Nernard Nobelin vəsiyyəti əsasında təsis edilən Nobel Sülh Mükafatı dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilir. Beləliklə, vəsiyyətə əsasən mükafat altı sahə üzrə verilməlidir:

1.Kimya üzrə Nobel mükafatı

2.Fizika üzrə Nobel mükafatı

3.Fiziologiya və tibb üzrə Nobel mükafatı

4.Ədəbiyyat üzrə Nobel mükafatı

5.Nobel Sülh mükafatı

6.İqtisadiyyat üzrə Nobel mükafatı

Nobel Sülh Mükafatı ilk dəfə 1901-ci ildə Frederik Passi və Anri Dünana verilib. Mükafatın məbləği hazırda təxminən bir milyon 450 min dollara bərabərdir. O da məlumdur ki, bu mükafatın formalaşmasında Bakı neftinin də müstəsna rolu var. Buna baxmayaraq, bu günə qədər heç bir azərbaycanlı Nobel mükafatına layiq görülməyib. Doğrudur, dəfələrlə namizədlər olub, lakin mükafat hələ ki, ölkəmizə gəlib çıxmayıb. Məsələn, Sovet dövründə məşhur azərbaycanlı kimyaçı Yusif Məmmədəliyev Nobel mükafatını real ala biləcək namizəd olub. Lakin deyilənə görə, erməni lobbisi buna mane ola bilib.

Bu arada xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır.

Təkcə azərbaycanlılar deyil, qonşu ölkə alimləri də, o cümlədən gürcülər, ermənilər, ukraynalılar, beloruslar da hələlik mükafata layiq görülə bilməyiblər. 

Türkiyə kimi elm və təhsili inkişaf etmiş bir ölkədə cəmi iki nəfər bu mükafata layiq görülüb. Bunlar kimya sahəsində – Əziz Sancar, ədəbiyyat sahəsində isə – Orhan Pamukdur.

Beləliklə, bu il Azərbaycandan ikinci dəfə Şeyxülislam Hacı Allahşükür Paşazadə adı çəkilən mükafata namizəd olub. Dünya ölkələrində isə ABŞ prezidenti Donald Trampın, Boliviyanın keçmiş prezidenti Evo Moralesin də 2020 Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Xatırladaq ki, 2019-cu il Nobel Sülh mükafatı  Efiopiyanın baş naziri Abiy Ahmedə verilmişdi.

Prezident Allahşükür Paşazadəni ordenlə təltif etdi

Bəs Şeyxülislamın bu mükafatı almağa nə dərəcədə şansı var? Niyə bu günə qədər mükafat ölkəmizə gəlib çıxa bilməyib?

Tanınmış yazıçı-publisist Həmid Herisçi sualımıza bu cür cavab verdi:

“Fikrimcə, Şeyxülislamın namizədliyinin irəli sürülmə tarixi heç də təsadüfi deyil.

Mükafatın niyə hələ də gəlib Azərbaycana çıxa bilməməsi məsələsi isə tamam başqa mövzudur. Bunun arxasında müəyyən detallar dayanır. Amma əsas odur ki, bu il Şeyxülislamın namizədliyi verilib, bu isə çox ciddi məsələdir”.

Etibar Əliyev: “Azərbaycan yazıçılarının Nobel almaq şansı yoxdur” –

Millət vəkili Etibar Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Şeyxülislamın Nobel Sülh Mükafatına namizədliyi labüddür:

“Ümumiyyətlə, bu namizədlərin irəli sürülməsində, tanınmış din xadimlərinin, siyasətçilərin Nobel Sülh Mükafatı almasında maneçilik yoxdur. Xeyli din xadimləri münaqişələrin yatırdılması, sülhün əldə olunması və bəşəriyyətə fayda gətirən humanist addımları ilə bu mükafata layiq görülüblər. Hesab edirəm ki, Şeyx müsəlman ölkələrində və bölgədə münaqişələrin yatırılmasında fəaliyyətini daha da genişləndirməlidir. Onun dini liderlərin təşkil etdiyi konqreslərdə iştirakının şahidi olmuşuq. Özünün təşkilatçılığı ilə də konfranslar keçirilib”.

Qeyd edək ki, Nobel mükafatı laureatları barədə maraqlı faktlar da var. Məsələn, bu günə qədər yeganə olaraq Laynus Polinq iki dəfə Sülh üzrə Nobel mükafatına layiq görülüb. Dünyanın ən məşhur simaları bu mükafata layiq görülə bilməsələr də 2014-cü ildə 17 yaşlı pakistanlı Məlalə Yusəfzay bu mükafatı alıb. Aktivist olan bu xanım, qadınların təhsil alması uğrunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı  laureatıdır. O, Svat əyalətində insan haqlarının müdafiəsi, xüsusən də qadın və uşaqların təhsil alması uğrunda apardığı mübarizəyə görə məşhurdur.

Münsiflər heyəti bir zamanlar Hitler, Stalin, Mussolini kimi namizədliyi təqdim olunan şəxslərə “yox” cavabı verib. Elə Çörçilə, Taft, Ruzvelt, Trumen, Adenauer, Nehru kimi tanınmış liderlərin də namizədliyinin təqdim olunmasına baxmayaraq, mükafatı ala bilməyiblər. Lakin 20 Yanvar faciəsinin əsas təşkilatçılarından olan Mixail Qorbaçov  Nobel mükafatına layiq görülüb. 

Dünyanın ən yaşlı nobelçisi Leonid Hurvikzdir. 90 yaşlı Leonid 2007-ci ildə iqtisad elmləri üzrə mükafata layiq görülüb. Dünya tarixində iki Nobel laureatı özü şəxsən bu mükafatdan imtina edib. Onlardan biri Jan-Paul Sartredir. J.Sartre 1964-cü ildə ona təqdim edilən Nobel ədəbiyyat mükafatından imtina edib, bunun səbəbi isə onun bütün rəsmi təltiflərdən xoşlanmamasıdır. Digər görkəmli insan Le Duc Thodur. O, 1973-cü ildə Nobel sülh mükafatına layiq görülsə də, Vyetnamda mövcud olan müharibə vəziyyətinə görə ondan imtina edib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”