Oğlu əlil olan ana ƏDALƏT AXTARIŞINDA

1

Əsir bacısı Almaz Hüseynli: “Dövlət tərəfindən aparılan hüquqi islahatlar vətəndaşların hüquqlarının müdafiəsinə yönəlməlidir”

“Oğlum MTK-nın təqsiri ucbatından sağlamlığını itirdiyi, ömrünün sonuna qədər əlil qaldığı üçün stress, mənəvi sarsıntı keçirmişəm və mənə mənəvi zərər dəyib…”

Əsir bacısı, 1-ci qrup əlil anası Hüseynli Almaz Fəruz qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu göndərilib. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Müraciətimlə bağlı bir daha bildirirəm ki, xəstəyə qulluq etmə haqqının ödənilməməsi və mənəvi ziyan tələbimlə bağlı mülki iş Apellyasiya Məhkəməsinin icraatındadır. Növbəti məhkəmə iclası 17 (on yeddi) iyun 2020-ci il tarixinə təyin edilmişdir.

Bir daha bildirirəm ki, Bakı şəhəri, Səbail rayon məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə oğlumu ömürlük əlil edən cavabdeh tikinti şirkətinə qarşı qaldırdığım “Xəstəyə qulluq etmə haqqının ödənilməməsi və mənəvi ziyanla bağlı iddia tələbimdən kənara çıxılaraq, maddi və prosessual hüquq pozuntusu nəticəsində qismən təmin edilmişdir. Mənəvi ziyan təmin edilməmişdir.

Belə ki, xəstəyə qulluq etmə haqqının ödənilməsi tələbi irəli sürəndə konkret məbləğ tələb etmişəm, məbləği qeyri-müəyyən göstərməmişəm. Yəni cavabdehin təqsirindən 1-ci qrup əlil etdikləri xəstəyə qulluq etdiyim üçün, mənə hər ayıma 500 manat qulluq etmə haqqı, ödənilməyən 9 il 3 aylıq, ayı 500 manat olmaqla 55.500 manat həcmində xəstəyə qulluq etmə haqqı tələb etmişəm. Lakin 1-ci  instansiya məhkəməsi 2019-cu ilin noyabr ayından başlayaraq sonrakı illər üçün hər il “Yaşayış minimumu haqqında “Azərbaycan Respublikasının qanununa uyğun olaraq əmək qabiliyyətli əhali üçün müəyyən edilən yaşayış minimumu həddində xəstəyə qulluq etməyə görə aylıq müavinət haqqında maddi ziyan təmin etmişdir və 9 il 3 aylıq xəstəyə qulluq etmə haqqını da “Yaşayış minimumu haqqında” qanuna istinad edərək, kobud prosessual hüquq pozuntusu etmişdir(bu hal cavabdehin maraqlarına maraqlı olmasını tam olaraq sübuta yetirir, ətraflı şəkildə Apellyasiya şikayətimdə qeyd etmişəm). Mənəvi zərəri təmin etməyəndə, ona istinad olunmuşdur ki, guya mənəvi zərər çəkdiyimdən sağlamlığımı itirdiyimi iddia etmişəm və bunu sübut edən sənədi məhkəməyə təqdim etməmişəm(Çox gülünc).

Bir daha nəzərinizə çatdırıram ki, dövlət vətəndaşına sahib çıxmalı, hüquqlarını müdafiə etməlidir. Vətəndaşların məhkəmələrə inamı təmin edilməli, süründürməçilik halları olmamalıdır. Ümumiyyətlə, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzçilik, aşkarlıq hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi Azərbaycan Respublikasının Konstitusiya və qanunlarında təsbit olunmuş, ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi tövsiyə edilmişdir.

Qanunvericiliyə əsasən, oğlum MTK-nın təqsiri ucbatından xəsarət alıb. Sağlamlığını itirdiyi, ömrünün sonuna qədər əlil qaldığı üçün, mənim stress, narahatlıq, mənəvi sarsıntı keçirməyim səbəbindən, mənəvi zərər dəydiyindən bu təzminat mənə ödənilməlidir.

Belə ki, hüquqi dövlət üçün insan və azadlıqların layiqincə təmin edilməsi əsas göstərici amildir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin hüquqlarının qorunması, sağlamalığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə əsasən, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin II hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddınin IV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqların dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərər çəkmiş  şəxsə dəymiş ziyan görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq, bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir.

Mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydan gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirilimiş vasitədir. Qanunvericiliyə əsasən, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir.

Qeyd edim ki, maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir (Hakim Mədinə Bağırova qətnamədə ağzına gələni yazıb, mənəvi ziyanı rədd etməməli idi).

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrə müraciət imkanlarının və əlçatanlığın genişlənməsi, Prezident tərəfindən imzalanmış müvafiq fərman məhkəmə hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. Dövlət tərəfindən aparılan hüquqi islahatlar vətəndaşların hüquqlarının müdafiəsinə yönəlməlidir.

Ədliyyə Nazirliyinin Təşkilat Nəzarət Baş  İdarəsinin əsas fəaliyyət isitqamətlərindən biri də müvafiq məhkəmələrlə iş aparılması və məhkəmə hüquq şurası ilə işi əlaqələndirməklə bərabər, məhkəmələrin fəaliyyətinə nəzarət  etməkdir. Lakin bu gün Ədliyyə Nazirliyininin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi və hakimlərin seçki komitəsinin üzvü Elçin Qasımov Apellyasiya  məhkəməsində baş vermiş prosessual hüquq pozuntusuna laqeyd yanaşaraq, prosessual hüquqlarımın pozulmasına şərait yaratmışdır. Ətraflı dəfələrlə məmurlara ünvanladığım şikayət ərizələrində  müraciətlərdə açıqlamışam.

Oğlum cavabdeh MTK-nın, Apellyasiya Məhkəməsinin, Ali məhkəmənin və digər dövlət orqanlarının təqsirindən xaricə müalicəyə gedə bilməyərək, ömürlük əlil qalmışdır. Mən MTK rəhbərliyinin təqsirindən məcburiyyət qarşısında heç bir yerdə işləməyərək, 1-ci qrup əlil oğluma qulluq edirəm.

Hörmətli Fikrət Məmmədov!

Məhkəmə Hüquq Şurası mənə bildirir ki, “Biz məhkəmələrə baxmırıq”. Bundan da Apellyasiya Məhkəməsi, Şeyda Məhərrəmova sui-istifadə edərək, mənə qarşı qərəzli mövqelərindən əl çəkmirlər.

Belə ki, Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurası haqqında qanunun 1-ci maddəsinə əsasən, Məhkəmə Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin təmin edilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünü idarə və funksiyalarını həyata keçirən orqandır.

Məhkəmə Hüquq Şurasının əsasları haqqında qanunun 11-ci maddəsinin 3-cü bəndinə əsasən hakimlərin fəaliyyətini və məhkəmə sədrləri, müavinləri və məhkəmə kolleqiyaları sədrlərinin məhkəmə  fəaliyyətinin təşkili ilə bağlı işini qiymətləndirir.

Həmin qanunu 11-ci maddəsinin 0.12 bəndinə əsasən hakimlərin səlahiyyətlərinə xitam verilməsi, cinayət  məsuliyyətinə cəlb edilməsi barədə müraciətlərə baxır.

Məhkəmə Hüquq Şurasının hüquqları haqqında qanunun 12-ci maddəsinin 0.16 bəndinə əsasən hakimlərin fəaliyyətini və məhkəmələrin təşkilatı məsələlərini təhlil etmək, 13-cü maddəyə əsasən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, 13-cü maddənin 4-cü bəndinə əsasən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları  və  metodologiyası məhkəmə hüquq şurası tərəfindən müəyyən edilir”.

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org