“Ölkədə korrupsionerlər üçün daha əlverişli mühit yaranıb” – QUBAD İBADOĞLU

25 İyun, 2020, 11:12
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Oydan da, vaydan da pul qazanmağa başlayıblar”

“Koronavirus pandemiyası dövründə korrupsiya araşdırmaları hələ çoxlu yeyinti  faktları aşkara çıxaracaq. Meydan TV-nin jurnalist araşdırması nəticəsində  məlum olan faktlar (tibb işçiləri üçün maarifləndirmə tədbirlərini TƏBİB-in rəhbərinin təsisçisi olduğu “Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi tərəfindən  həyata keçirilməsi, COVID-19 infeksiyasının RT-PCR testinin TƏBİB rəhbərinə məxsus “İNCİ laboratoriyaları” Məhdud Məsuliyyətli Cəmiyyətin və filialları tərəfindən keçirilməsi) açıq  maraqlar münaqişəsidir. Bütün bunlar indiyədək “Maraqlar münaqişəsi haqqında” qanunun  qəbul edilməməsinin nəticəsidir. Bu Qanunun layihəsi mütəxəssislər tərəfindən çoxdan hazırlansa da, Milli Məclis onu siyasi göstəriş almadığından müzakirəyə çıxarmır”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Araşdırmalara görə,  1 testin maya dəyəri 40 manat təşkil edir”

“TƏBİB-ə istinadən bildirilir ki, dünənə qədər ölkədə koronavirusla bağlı ümumi test sayı 432 858-ə çatıb. Ötən gün Azərbaycanda koronavirusla bağlı 6 464 test aparılıb. Hazırda testlər yalnız xəstələr üçün deyil, həmçinin xaricə AZAL reysləri səfər edənlər üçün də məcburidir. Odur ki, testlərin gündəlik saylarının getdikcə artacağı gözlənilir. Hazırda COVID-19 infeksiyasının müəyyənləşdirilməsi üçün  yaxma nümunələrinin yoxlama qiyməti  laboratoriyada 130 manatdır. Araşdırmalara görə,  1 testin maya dəyəri 40 manat təşkil edir”,-deyə iqtisadçı alim qeyd edib.

“TƏBİB-ə və İqtisadiyyat Nazirliyinə  rəsimi olaraq təqdim etdiyimiz informasiya sorğuları hələ də cavabsız qalır”

Q.İbadoğlu diqqətə çatdırıb ki, korrupsiya potensialının yüksək olduğu tibbi avadanlıqların və ləvazimatların alınmasıdır: “Bunun üçün prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılsa da, ondan əlavə, 150 milyon manatın ayrılması nəzərdə tutulsa da, bu vəsaitin necə bölüşdürülməsi, hara, necə və kim tərəfindən xərclənməsi ilə bağlı TƏBİB-ə və İqtisadiyyat Nazirliyinə  rəsimi olaraq təqdim etdiyimiz informasiya sorğuları hələ də cavabsız qalır. Görsənən odur ki, ölkədə korrupsionerlər üçün daha əlverişli mühit yaranıb. Əhalinin başı virusa qarışdığı son 3 ayda hakimiyyətə olan səlahiyyət sahibləri  səhiyyə büdcəsinin vəsaitlərini oğurlamaq, vəzifə səlahiyyətlərindən sui-istifadə edib biznes qurmaq əməllərini daha da genişləndiriblər. Bir sözlə, oydan da,  vaydan da pul qazanmağa başlayıblar”.

“Çox güman ki, bundan sonra məzar daşları üçün xammal da tək əldən satılacaq”

Q.İbadoğlu onu da nəzərə çatıdırb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər: “Çox güman ki, bundan sonra  məzar daşları üçün xammal da tək əldən satılacaq, Ukraynadan qranit və mərmər gətirməyə də ehtiyac qalmayacaq”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93