Ölkədən xaricə kapital axınının qarşısını necə almaq olar?

15

Vahid Əhmədov: “Maliyyə Monitorinqi Xidməti var, bu işlə çox ciddi məşğul olmalıdır ki, ölkədən bu cür sürətlə kapital axınının olmasının səbəbi nədir”

Bütün dünyanın investisiya axtarışında olduğu bir zamanda Azərbaycandan xaricə investisiya axını sürətlənib. Belə ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan kapital axınının həcmi 1,8 mlrd. ABŞ dollarına bərabər olub.  Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% çoxdur. Hesabat dövründə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin azalması (-65,6 mln. dollar) cəlb olunmuş investisiya ilə (1 778.4 mln. dollar) kapitalın repatriasiyası (1 844,0 mln. dollar) arasındakı fərqdən formalaşıb. 

Müqayisə üçün deyək ki, cari ilin ikinci rübündə Gürcüstan iqtisadiyyatına 237,8 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yatırılıb.  Bu barədə hökumətin hesabatında deyilir. Bildirilir ki, illik müqayisədə xarici sərmayələrin həcmi 0,5 faiz artıb.  Hesabat dövründə ən çox sərmayə maliyyə, energetika və tikinti sektorlarına yönəldilib.

Onu vurğulamaq lazımdır ki, hazırda Azərbaycan hökumətinin də əsas qayəsi nəinki daxildəki investisiyanı qoruyub saxlamaq, həm də xaricdəki biznesmen həmyerlilərimizi, o cümlədən əcnəbi sahibkarları ölkəyə cəlb etməkdir. Prezident İlham Əliyev də sentyabrın 15-də “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdindəki Peşə Təhsil Mərkəzinin açılışında xaricdəki azərbaycanlı iş adamlarına müraciət etdiyini vurğuladı: “Mən çıxışımda xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edirdim ki, onlar da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq”.

Hazırda isə ölkədə investisiya mühitində risklər həddindən artıq böyük olduğundan, sahibkarlara təzyiqlərin, yüksək vergilərin, məmur monopoliyasının nəticəsi olaraq xaricə pul köçürmələri və yatırımlar artır. 

Məlumata görə, bu ilin avqust ayında Azərbaycandan Gürcüstana 7 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib. Bu barədə Gürcüstan Milli Bankından bildirilib. İllik müqayisədə pul köçürmələrinin məbləği 3,6 dəfə artıb. Ötən ay qonşu ölkəyə xaricdən daxil olan pul köçürmələrinin 3,8%-i  Azərbaycanın payına düşüb. Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 1,4 milyon dollar pul köçürülüb. Bu, illik müqayisədə 0,1 milyon dollar azdır.  Ay ərzində Gürcüstana xarici ölkələrdən daxil olan pul köçürmələrinin məbləği isə illik müqayisədə 25,8% artaraq 184,2 milyon dollara bərabər olub. Bundan əlavə, bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 154 mənzil alıb. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu, ötən ilin avqust ayı ilə müqayisədə 66 mənzil və yaxud 75% çoxdur. Görünən odur ki, hər vasitə ilə vətəndaşlar vəsaitlərinin təhlükəsizliyini təmin etmək üçün daha çox xarici ölkələrə yatırım etməyə üstünlük verirlər.

Natiq Cəfərli: "Onlar bu qədər bədbəxtdir"

Natiq Cəfərli: “Son 1 ildə işdən çıxarılan, həbs olunan  məmurlar oldu ki, onlara məxsus və ya onlara yaxın şirkətlər ölkədən kapitalı çıxarmalı olublar”

Bəs bu tendensiyanın qarşısını almaq üçün hansı işlər görülməlidir? Hökumətin məhdudlaşdırıcı addımları belə prosesin qarşısını ala bilmirsə, o zaman çıxış yolu nədir? 

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, investisiya axını postsovet ölkələrinin hamısında baş verir: “Rusiyada da bu illər ərzində ölkədən çıxan investisiyanın həcmində ciddi artım var. Dayanıqlı iqtisadi modeli olmayan Azərbaycanda da çox təəssüf ki, vəziyyət belədir. Neftdən asılılıq yüksək olduğuna görə neft gəlirləri azaldıqda, qiymətlər oynamağa başlayanda, daxildə manata olan təzyiqlər artdıqca, devalvasiya gözləntisi də artır. Ölkədə investisiya mühitinin pisləşməsi ən azı müzakirə obyekti olur. Çünki Azərbaycanın iqtisadi modeli əsasən neft qiymətlərinə və büdcə xərcləmələrinə hesablanıb. Neftin qiyməti düşdükcə  büdcə xərcləmələrinin istiqamətləri də dəyişir. İnvestisiya xərcləri azalır, sosial yönümlü xərclər artır, bu da ümumi biznesə mənfi təsir göstərir. Ona görə də kapital axınının sürəti belə dövrdə daha da artır. Biz 2015-2016-cı illərdə də ölkədən çox sürətli kapital axınının şahidi olduq. İndi də eyni məsələdir. Kapital axınını bu kimi iqtisadi faktorlarla izah etmək olar. Ancaq bu məsələni təkcə iqtisadi faktorlarla izah etmək doğru olmazdı. Siyasi faktorlar da var. Son 1 ildə işdən çıxarılan, həbs olunan  məmurlar oldu ki, onlara məxsus və ya onlara yaxın şirkətlər ölkədən kapitalı çıxarmalı olublar. Azərbaycanda məmur biznesi geniş yayıldığından digər bu kimi biznes qurumları da ölkədə gələcəkdə oxşar problemləri yaşayacaqları ehtimalını nəzərə alaraq kapitalı çıxartmağa cəhd ediblər. Bu da məsələnin siyasi tərəfidir”.

İnvestisiyaların ölkəyə cəlb edilməsinə gəlincə, N.Cəfərli bildirdi ki, illərdir eyni tövsiyələri təkrar edirik, lakin bu sahədə ciddi bir dəyişiklik yoxdur: “İnvestorlar hansısa ölkə ilə maraqlanarkən, həmin ölkənin iqtisadiyyatı ilə bağlı bir çox açar məsələlərə, beynəlxalq öhdəlikləri necə yerinə yetirməsinə diqqət edirlər. Bu məsələdə Azərbaycanın problemləri var. Çünki Ümumdünya Ticarət Təşkilatına üzv deyilik, Avropa İttifaqı ilə sazişi bütün qonşu ölkələr imzalasa da, biz imzalamamışıq. İnvestorlar üçün daha ciddi məsələlərdən biri məhkəmə hakimiyyətidir. Xarici investor üçün ölkədə effektiv çalışan ədalətli məhkəmə sisteminin olması çox vacibdir. İnvestorlar hansısa ölkəyə getməzdən öncə onun məhkəmə-hüquq sistemini dərindən öyrənirlər. Bunu şəxsi təcrübəmdən də bilirəm, uzun müddət Azərbaycanda konsaltinq xidməti ilə məşğul olmuşam”.

N.Cəfərli qeyd etdi ki, önəmli məsələlərdən biri də tez-tez dəyişən oyun qaydalarıdır: “2016-cı ildən bu yana vergi qanunvericiliyinə 400-dən artıq dəyişiklik edilib. Bu da investorlar üçün xoş bir hal deyil. Gömrük rüsumları ilə bağlı mövcud olan çox şkalalı sistem var, 1-dən 15-ə qədər bir şkala var. Çox zaman da hansı şkalanın təsdiqlənəcəyi bir məmurun yorumuna bağlı olur. Bu da ciddi məsələdir, 15 pilləli şkala arzuolunan deyil. Həm institutsional, həm hüquqi məsələlər investisiya cəlb edilməsini çətinləşdirir. Uzun illərdir Rəqabət Məcəlləsi qəbul olunmur. Ciddi islahatlara ehtiyac var ki, investisiya mühiti yaxşılaşsın”.

Vahid Əhmədov: "Publik hüquqi şəxslər dövlət üçün bir bəladır"

Vahid Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  da vurğuladı ki, kapital axını çox ciddi məsələdir: “Maliyyə Monitorinqi Xidməti var, bu işlə çox ciddi məşğul olmalıdır ki, ölkədən bu cür sürətlə kapital axınının olmasının səbəbi nədir. Azərbaycanın özünün kifayət qədər kapitala ehtiyacı var. Dövlət başçısı İlham Əliyev də Sumqayıtda çıxışı zamanı  vurğuladı ki, mən xaricdəki investorları ölkəyə yatırım etməyə dəvət edirəm. Belə bir məqamda isə ölkədən kapital axını baş verir. Bunu araşdırmaq lazımdır, sadə bir məsələ deyil”.

Deputatın fikrincə, kapital axınının əsas səbəbi kadr islahatları ola bilər: “Vəzifədən kənarlaşdırılan məmurların kifayət qədər kapitalları var. Onlar bu vəsaitləri xaricdə yerləşdirirlər, ya hansısa müəssisəni alırlar, ya əmlak alırlar. Buna görə də kapital axınının detallarını Maliyyə Monitorinqi Xidməti araşdırmalıdır. Biz bir neçə dəfə bu məsələni demişik, iqtisadiyyat naziri də cənab Prezidentə məruzə etdi ki, maliyyə amnistiyası məsələsini həll etmək lazımdır. Pandemiya dövrü üçün bu çox böyük əhəmiyyət kəsb edər. Həm də insanlar xaricdəki kapitallarını gətirib Azərbaycanda yatırım etməyə risk edərlər. Bu vəsaitlərlə çox ciddi işlər görmək, zavod, fabriklər, emal müəssisələri tikmək mümkündür. Bu çox ciddi məsələdir. Kapital amnistiyası ilə əlaqədar ciddi iş görmək lazımdır. Bir var ki, kapital xaricə gedir və sonradan ərzaq şəklində, müəyyən avadanlıq şəklində ölkəyə qayıdır. Bunu başa düşmək olar. Bir də var ki, kapital gedir xaricə yatırılır. Bu bizim üçün çox ciddi siqnaldır”.

Qeyd edək ki, kapital axını hazırda Rusiyanın da əsas problemidir. Postsovet ölkələrində kapital və əmlak amnistiyasının olmaması bu vəsaitlərin daha çox Amerika və Qərb ölkələrinə axmasına gətirib çıxarır. Ekspertlər hesab edir ki, gec də olsa, hökumət kapital və əmlak amnistiyası təklifindən geri durmamalı və ən qısa müddətdə konkret addımlar atılmalıdır. Çünki hazırda da ölkədən böyük miqdarda kapital axını davam edir. Ölkədən vəsaitlərin çıxarılması ilə bağlı məhdudiyyətlərin olması da iş adamlarını məcbur edir ki, vəsaitlərini qeyri-qanuni yollarla çıxarmalı olurlar. Bu mənada deyə bilərik ki, Mərkəzi Bankın açıqladığı rəqəm heç də reallığı tam əks etdirmir. Real rəqəm bundan dəfələrlə böyükdür. Əgər maliyyə amnistiyası elan olunsa, paralel olaraq ölkədə investisiya mühiti yaxşılaşsa, mülkiyyət hüququnu təmin edən məhkəmə sistemi effektiv çalışsa, bu, Azərabycan iqtisadiyyatına illik milyardlarla dollar yatırımların gəlməsi deməkdir.

Nərgiz LİFTİYEVA