“Ölkəmizi dövlətçilik şüuruna malik olan kadrlar idarə etməlidir” – PARTİYA SƏDRİ

7 May, 2020, 12:11
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bədrəddin Quliyev: “Azərbaycanda Kremlin, Tehranın və digər ölkələrin mətbəxində hazırlanan “kadr siyasəti” məsələsinə artıq nöqtə qoyulur”

“Son illər aparılan kadr islahatları, idarəetmə sisteminin gəncləşdirilməsi sübut edir ki, özünü akademik adlandıran birisi nə qədər yalnış fikirdə idi”

“Bu gün həbs olunan icra hakimiyyəti başçıları əslində dövlətçiliyimizə qarşı çoxsaylı zərbələrin vurulmasında yaxından iştirak ediblər. Məhz onların “kəraməti” sayəsində kəndlərdə, qəsəbələrdə, rayon və şəhərlərdə seçkilər saxtalaşdırılıdı”

Azərbaycanda son bir neçə ayda aparılan kadr islahatları və struktur dəyişiklikərinin cəmiyyətmizə nə kimi fayda verəcəyi barəsində təəssüflər olsun ki, əksər partiyalar və vətəndaş cəmiyyəti qurumları öz təhlilləri ilə çıxış etmirlər. Fikrimizcə, bütün bunları iqtidarlı-müxalifətli geniş şəkildə müzakirəyə çıxarmaq ən doğru addımlardan biri ola bilər. Ona görə də, bu məsələ ətrafında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevlə söhbətləşdik.

– Bədrəddin bəy, sizcə, prezident İlham Əliyevin apardığı kadr islahatlarının və hüquq-mühafizə orqanlarının iriçəkili məmurları həbs etməsinin arxasında nələr dayanır?

– İlk öncə onu  bildirmək istəyirik ki, bizim partiyanın yarandığı gündən nizamnamə və məramnaməsində bütün bunlar açıq şəkildə qeyd olunub. Ölkəmizi müstəqil dövlətçilik şüuruna malik olan kadrlar idarə etməlidir. Bu gün aparılan kadr islahatları bizim fikirlərimizin doğru olduğunu isbat edir. Unutmaq olmaz ki, Azərbaycanla sınırda yerləşən ölkələr, xüsusilə Rusiya və İran, eləcə də beynəlxalq qurumlar adı ilə ölkəmizdə beyinyuma siyasəti yürüdən güclər əslində “Beşinci kalon” missiyasını yerinə yetirirlər. Bu da öz növbəsində dövlətçiliyimiz üçün daim təhlükə mənbəyidir. Biz bir partiya olaraq, “Beşinci kalon” siyasətinin iradəsinə, onların yürütdükləri bir sıra  “sosiallaşma” sistemlərinə qarşı mübarizə aparırıq. Bu gün Azərbaycanda aparılan kadr islahatları, xüsusilə icra stukturlarının başında duranların həbs olunması artıq cəmiyyətimiz tərəfindən müdafiə olunur. Bu, ölkəmizdə orta əsrlərdən miras qalmış “feodal” təfəkkürünə son qoyulması deməkdir. Təsəvvür edin, hər bir rayonun icra başçısı illərdir “tayfa-klan” siyasətini yürütməklə regional feodallara çevrilmişdilər. Onlar torpaq sahələrini zor gücünə xalqın əlindən alaraq müəlkədara çevrilmişdilər. Xalqa qul gözündə baxırdılar. Hər bir icra başçısı dövlət qanunlarını bir kənara qoyaraq, xüsusi “sərəncam” qəbul etməklə bütün qanunsuzluqları həyata keçirirdi.

– Belə çıxır ki, ölkəmiz “hər şey yaxşı olacaq” düşüncəsinə köklənir…

– Mən elə deməzdim. İslahatlar fundamental xarakter daşımalıdır. Xüsusilə indiki şəraitdə məhkəmə, prokurorluq, polis, vəkillik institutu, səhiyyə, təhsil, aqrar, bank, vergi, gömrük və digər sahələrdə islahatlara böyük ehtiyac var. Hərbi xidmətlə bağlı ABŞ, Türkiyə, Kanada, Fransa, Almaniya və digər inkişaf etmiş ölkələrdə olduğu kimi “KOMANDOS” sisteminə keçilməlidir. Bu, indiki məqamda dünyanın əksər ölkələrinin milli təhlükəsizliyi baxımından ən uğurlu addımlardan biridir. Çünki, elektron kəşflərin inkişafı prosesində milli təhlükəsizlik siyasəti olduqca vacib şərtlərdən biridir. Kiber və nanotexnologiyaların inkişafı sayəsində milli təhlükəsizlik, aqrar sektorun inkişafı, digər vacib texnoloji idarəetmə sistemi dövlətin prioritet standartlarına çevrilməlidir. 30 ildən çoxdur köhnə təfəkkürlə və feodalizmin şərtləri ilə idarəetmə sisteminin başında duranlar bu yenilikləri dərk etməzlər.

– Azərbaycanla strateji müttəfiqliyi olan Özbəkistanda da kütləvi şəkildə islahatlar aparılır. Bunu necə qiymətləndirirsiniz? 

– Unutmaq olmaz ki, dünyada iki dövlət BMT səviyyəsində Azərbaycana qarşı ərazi iddiasında bulunan və hətta işğalçılıq siyasətini yürüdən Ermənistanın müstəqilliyini tanımamaq yönündə qərar veribdir. Bu, Pakistan və Özbəkistandır. Özbəkistanda olduğu kimi, Azərbaycanda da şəffaf dövlət modelinin inkişafı yönündə aparılan bir çox islahatlar ümidvericidir. Belə ki, KİVDF-nin, dövlət büdcəsindən maliyyələşdirilən TV və Radio kanallarının rəhbərlərinin dəyişdirilməsi, dövlətmiz və millətimiz üçün vacib olan bir sıra maraq doğuran proqramların gündəmə gəlməsi alqışlanılmalıdır.

– O da bəllidir ki, uzun illərdir müxalifət düşərgəsində olan sizin partiya və digər siyasi qurumlar dövlət qeydiyyatından keçə bilmirlər.

– Biz bu barədə dəfələrlə təşəbbüs göstərsək də, prezidentin icra aparatının keçmiş rəhbərliyi tərəfindən çoxsaylı problemlər yaradılırdı. Köhnə təfəkkürlə siyasi- ictimai proseslərə qiymət verən kadrlar bu gün faktiki olaraq, bu sahədən uzaqlaşdırılıblar. Bu da bizdə və partiyamızda yeni ümidlərə səbəb olub.

– Siz bayaq “islahatlar” dedikdə əsasən nələri nəzərdə tuturdunuz? 

– Əslində “islahat” dedikdə, cəmiyyətin seçmək və seçilmək hüquqlarının artırılması və  demokratik proseslərin inkişafını nəzərdə tuturuq. Yerli özünü idarəetmə bu prosesin təməlidir. Bu gün həbs olunan icra hakimiyyəti başçıları əslində dövlətçiliyimizə qarşı çoxsaylı zərbələrin vurulmasında yaxından iştirak ediblər. Məhz onların “kəraməti” sayəsində kəndlərdə, qəsəbələrdə, rayon və şəhərlərdə seçkilər saxtalaşdırılıdı. Ona görə də xalqın istədiyi kadrlar demokratik prosesdən kənarda qalıb. İcra hakimiyyəti cildinə girmiş feodalların kökləndiyi nepotizm prinspi ilə seçkilər keçirilibdir. Sadəcə bələdiyyə, parlament seçkilərində deyil, eləcə də universitetlərin rektorlarının, AMEA-nın elmi tədqiqat institularının, məktəblərin, səhiyyə, vergi idarələrinin, teatrların və digər sahələrin rəhbərlərinin seçki yolu ilə müəyyənləşməsi demokratiyanın inkişafına təkan ola bilər. Milli Məclisin statusunun artırılması da bu prosesə böyük təkan deməkdir. Dövlət büdcəsindən maliyyələşən TV və Radio kanallarında alternativ düşüncələrə yer verilməsi demokratik proseslərin zirvəsinə yüksəlmək deməkdir. Müxalifətin vəzifəsi iqtidarları müzakirə etməklə yanaşı, həm də alternativ konsepsiyaları və proqramları ictimaiyyətə təqdim etməsindən ibarət olmalıdır. Çox təəssüflər olsun ki, müxalifət düşərgəsinin təkliflər paketləri ictimailəşmir.

– Prezident İlham Əliyev “Beşinci kalon” məsələsinə qarşı sərt münasibət açıqladı. Bəs siz buna necə baxırsınız?

– Bizim partiyamız İran, bəzi ərəb ölkələri, Rusiya və başqa dövlətlər tərəfindən Azərbaycanda sosial dayaq adı altında yaradılan siyasi və ictimai qurumlara qarşı daim çox sərt mövqe ortaya qoyub. “Azərbaycan Ruhani Hərəkatı”, “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı” və digər qurumlara qarşı partiyamız tərəfindən sərt tənqidləri səsləndirmişik. Xüsusilə ASDP-nin rəhbərliyinin bizim etnik kimliyimizlə bağlı səsləndirdiyi fikirlər dövlətçiliyimizə qarşı ən təhlükəli addımlardan biridir. Azərbaycan Türk Dünyası ailəsinin ayrılmaz bir parçasıdır. Biz dövlət olaraq Türk Dövlətləri Şurasının və digər sahələrdə artıq strateji müttəfiqlərə çevrilmişik.

– Qardaş Türkiyədə sizin sədri olduğunuz partiyanın bənzəri olan CHP mövcuddur. Bu partiya ilə əməkdaşlıq nə səviyyədədir?

– Biz cəmiyyətin dinamik şəkildə və demokratik proseslərə əsaslanaraq, daha çox sosial ədalət siyasəti məsələsində CHP ilə daim həmrəylik nümayiş etdiririk. Xüsusilə Kamal Qılıncdaroğlunun CHP-nin rəhbəri seçilməsindən sonra, əməkdaşlığımız daha da artıb. Türkiyə Cümhuriyyətinin qurucusu olan Mustafa Kamal Atatürkün yaratdığı bu partiya xalqçılıq konsepsiyasına əsaslanır. Bizim partiyamız da elə bu prinsiplərlə fəaliyyət göstərir. Belə bir düşüncə əslində daha çox dövlətçilik, yəni Cümhuriyyət təfəkkürünə bağlıdır. Buna xalqın iradəsi ilə dövlətin inkişafında bir güc olaraq bu prosesdə yaxından iştirak etmək deyilir. Cümhuriyyətçilik milli dövlətləşmə prosesinin zirvəsi anlayışdır.

– Bədrəddin bəy, son zamanlar dəbdə olan və bir sıra siyasi partiyaların dolayı yolla tribunasına çevrilən blogerlik şəbəkəsinə münasibətiniz necədir?

– Mən şəxsən onların hamısını diqqətlə təqib edirəm. Dövlətçiliyimiz baxımından onlara görə heyfislənirəm. Söyüş-qarğış, böhtan və yalan üzərində təbliğatların aparılması çox üzücüdür. Həmin tribunaların heç birindən eşitmədik ki, hər hansı bir problemin həlli yolları cəmiyyətə mütəxəssislər tərəfindən açıqlansın. Partiyamızın üzvləri və təəssüübkeşləri tərəfindən hər gün ölkəmizin bütün bölgələrindən bilgi alırıq və bunları mütəxəssis olan kadrlarımızla müzakirə edirik. Təbii olaraq bunun nəticəsində yekun rəyimizi müxtəlif KİV-lərdə və partiyadaşlarımız arasında elan edirik.

– İcra başçılarının həbs olunmalarını bir dalğa kimi qəbul edənlər də var…

– Bir daha qeyd edirəm ki, Azərbaycanın dövlət olaraq inkişafının düsturu olmalıdır. Yaşadığımız 21-ci yüzilin öz standartları və tələbləri var. Bunu orta əsrlərin təfəkkürü ilə izah etmək olmaz. Yadınızdadırmı, bir vaxtlar bəzi iriçəkili məmurlar özündən razılıq edərək deyirdilər ki, ölkədə gənc kadrlar yoxdur. Əslində belə bir anlayış feodalizmdən kiras qalmış təfəkkürün məhsulu idi. Son illər aparılan kadr islahatları, idarəetmə sisteminin gəncləşdirilməsi sübut edir ki, özünü akademik adlandıran birisi nə qədər yalnış fikirdə idi. Biz bu gün aparılan kadr islahatlarını ona görə müdafiə edirik ki, artıq Kremlin, Tehranın və daha hansı ölkələrin mətbəxində hazırlanmış “kadr siyasəti” məsələsinə nöqtə qoyulur. Bu məsələdə haqlı olan nə varsa, onu dəstəkləyirik.

Söhbətləşdi: Ənvər Yusifoğlu


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93