“Ölkəmizin adı “Azərbaycan Türk Respublikası” olmalı, millətimizin adı özünə qaytarılmalıdır!” – SƏRDAR CƏLALOĞLU

25 İyun, 2020, 13:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 3,67
Loading...

“Həm müdafiə naziri, həm də baş qərargah rəisi Rusiyanın təmsilçiləridir”

 “Azərbaycanın paradda iştirakı rusların Xocalı soyqırımı və 20 Yanvar qırğınında, o cümlədən 1918-ci ildə öldürdüyü insanların ruhuna təhqirdir!”

“Bu gün Azərbaycanı həm erməninin, həm də rusun qabağında təslimçi, bu cür hadisələrdə susqun edən rəhbərlikdə təmsil olunan ruspərəst qüvvələrdir”

“1941-45-ci illər müharibəsini Böyük Vətən müharibəsi adlandırmaq doğru deyil, çünki SSRİ xalqlar həbsxanasından başqa bir şey olmayıb”

“Əgər Putin başqa xalqdan torpaq istəyirsə, o zaman bizim də torpaqlarımızı qaytarmalıdır”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə hərbçilərimizin iyunun 24-də Moskvada faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təşkil edilən paradda iştirakı, Rusiya prezidenti Vladimir Putinin bəzi keçmiş sovet ölkələrinin SSRİ-dən rus torpaqları hesabına ayrılması haqda fikirləri, Dağıstanda yaşanan insident və digər mühüm mövzularla bağlı söhbətləşdik.

“Azərbaycanın sözügedən paradda iştirakı ordumuzun Rusiyanın nəzarəti altında olduğunu göstərdi”

– Sərdar bəy, bildiyiniz kimi, bu gün (dünən-red.) Azərbaycan hərbçiləri müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Moskvada faşizm üzərində qələbənin 75 illiyi münasibətilə təşkil edilən hərbi paradda iştirak edib. Bu barədə fikirlərinizi bilmək maraqlıdır. Doğrudanmı sözügedən paradda iştirakımız bu qədər önəmlidir?

– Əvvəla, onu deyim ki, bir var İkinci Dünya müharibəsi, bir də var rusların dediyi Böyük Vətən müharibəsi. İkinci Dünya müharibəsinin başlanmasında almanlarla yanaşı, sovet rusları da eyni dərəcədə məsuliyyət daşıyır. Çünki Hitlerlə Stalin arasında 1938-ci ildə bağlanmış müqaviləyə əsasən onlar dünyanın yenidən bölüşdürülməsinə başladılar. Belə ki, ruslar Bessarabiyaya girdilər, Pribaltikanı və Moldovanı tutdular. Almaniya da buna uyğun olaraq, Çexoslavakiyaya və digər ölkələrə girdi. Lakin Polşa məsələsində SSRİ ilə Almaniya arasında razılıq pozulduğuna görə, bu iki dövlət bir-biri ilə üz-üzə gəldi. Beləliklə də İkinci Dünya müharibəsində bir də Böyük Vətən müharibəsi əmələ gəldi. Odur ki, faktiki olaraq, İkinci Dünya müharibəsinin başlanmasında Hitlerlə yanaşı, Stalin də eyni dərəcədə məsuliyyət daşıyır. Onu da qeyd edim ki, rusların Böyük Vətən müharibəsi adlandırdığı savaş yalnız müttəfiqlərin prosesə qoşulması nəticəsində qələbə ilə başa çatdı. Yəni İngiltərə və ABŞ Almaniyaya müharibə elan etdilər, aktiv şəkildə savaşa qoşuldular. Həmin döyüşlərdə yüzminlərlə amerikalı, ingilis həlak olub. Bu səbəbdən də faşizm üzərində qələbə yalnız rusların qələbəsi deyil. Burda həm İngiltərənin, həm ABŞ-ın, həm Fransanın, həm də digər dövlətlərin böyük payı var. Buna baxmayaraq, ruslar dünyaya çatdırmaq istəyirlər ki, guya alman faşizmi üzərində qələbəni yalnız ruslar təmin edib. Bu isə tamamilə yanlışdır. Çünki az qala bütün dünya dövlətlərinin müqaviməti nəticəsində Almaniya məğlub oldu. Ruslar isə israrla İkinci Dünya müharibəsinin nəticələrini özlərinin nailiyyəti kimi qələmə verməyə çalışırlar. Məhz buna görə də builki parada Avropa ölkələrinin heç biri, o cümlədən ABŞ, Baltikyanı ölkələr və Ukrayna getmədi. Odur ki, Azərbaycanın Xocalı soyqırımını, 20 Yanvar qırğınını törədən bir qoşunla yanaşı paradda iştirakı heç də arzuolunan mənzərə deyil. Mahatma Qandi deyirdi ki, İkinci Dünya müharibəsinin  nəticəsində bir şeytani güc başqa bir şeytani gücə qalib gəldi. İndi Azərbaycanın qalib şeytani güclə, yəni xalqımıza qarşı almanların etdiklərindən də ağır cinayətlər etmiş bir ordu ilə parad keçirməsi heç də xoş qarşılanmamalıdır. Axı, bu, nəyin qələbəsidir?! Məgər, bu gün Putinin apardığı siyasət faşizm deyil?! Faşizm bir milləti başqa millətlərdən üstün tutmaq, başqa xalqların torpaqlarına göz dikmək, digər millətləri əsarətdə saxlamaqdır. Bu gün eyni şeyi Putin edir. Baxın, Rusiya Gürcüstanın, Ukraynanın ərazilərini işğal edib, Dağlıq Qarabağı işğal edib ərazilərimizi ermənilərə verib. Bundan başqa, Putin rusları digər xalqlardan üstün hüquqa malik xalq kimi təqdim edir. Bu isə bir daha onu təsdiqləyir ki, İkinci Dünya müharibəsindən sonra alman faşizmi gedib yerinə rus faşizmi meydana gəlib. Əgər diqqət yetirsəniz görərsiniz ki, İkinci Dünya müharibəsindən sonra ruslar özləri bir neçə dəfə müharibə törədib. Misal kimi, Vyetnam, Koreya, Efiopiya, Nikaraqua, Kuba və Əfqanıstandakı müharibələri göstərmək olar. Bunların hamısı rusların İkinci Dünya müharibəsindən sonra başlatdığı savaşlardır. Qeyd edim ki, bu müharibələrdə az qala İkinci Dünya müharibəsindəki qədər insan ölüb. Beləliklə, görürük ki, vaxtilə Hitlerin öz qonşu ölkələrinə irəli sürdüyü iddialarla, bu gün Rusiya çıxış edir. Məsələn, Kreml deyir ki, Ukrayna və Belarus mənim olmalıdır, Orta Asiya, Baltikyanı və Qafqaz ölkələri azad olmamalıdır. Yəni Hitlerin dedikləri ilə Putinin dedikləri arasında, faşist Almaniyasının apardığı siyasətlə SSRİ-nin, bu gün isə müasir Rusiyanın apardığı siyasət arasında elə də ciddi fərq yoxdur. Bu baxımdan, bu, faşizm üzərində qələbə deyil. Bu, əksinə faşizmin bir qanadının başqa bir qanadı üzərində qələbədir. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, Azərbaycanın sözügedən paradda iştirakı Azərbaycan ordusunun Rusiyanın nəzarəti altında olduğunu göstərdi. Hesab edirəm ki, biz də parada qatılmayan digər müstəqil dövlətlər kimi həmin tədbirdə iştirak etməməliydik. Azərbaycanın paradda iştirakı rusların Xocalı soyqırımı və 20 Yanvar qırğınında, o cümlədən 1918-ci ildə öldürdüyü insanların ruhuna təhqirdir!

“Sovet imperiyası heç vaxt bizə vətən olmayıb, 1937-ci ildə 75 min ziyalımızı güllələdilər, 1930-cu illərdə din xadimlərimiz, mülkədarlarımız repressiyaya məruz qaldı”

– Necə düşünürsünüz, 1941-45-ci illər müharibəsini Böyük Vətən müharibəsi adlandırmaq doğrudurmu?

– Bu, qətiyyən doğru deyil. Axı, söhbət hansı böyük vətəndən gedir?! Sovet imperiyası heç vaxt bizə vətən olmayıb. Baxın, 1937-ci ildə 75 min ziyalımızı güllələdilər, 1930-cu illərdə din xadimlərimiz, mülkədarlarımız repressiyaya məruz qaldı. Bundan başqa, təbii və milli sərvətlərimizi istismar etdilər, bizi qul əməyinə məhkum etdilər. Rusiyanı dolandırmağı Azərbaycan kimi kiçik bir respublikanın boynuna qoydular. Belə də vətən olar?! O vətən ki, məni istismar və işğal edir, ziyalılarımı, din adamlarımı və mülkədarlarımı güllələyir, o vətən ola bilməz! Buna görə də Böyük Vətən müharibəsi haqda deyilənlər demaqogiyadır. Heç bir böyük vətən yox idi. Bütün bunlar rusların Pyotrun vaxtından bu yana dünyanı işğal etmək siyasətinin yeni dövrdəki üsulu idi. Sadəcə, Hitler onlarla oyun oynadı və bu oyunda araları pozuldu, nəticədə  müharibə başladı. Odur ki, 1941-45-ci illər müharibəsini Böyük Vətən müharibəsi adlandırmaq doğru deyil. Çünki SSRİ xalqlar həbsxanasından başqa bir şey olmayıb. Sovet hökuməti sovet xalqları üçün böyük bir həbsxana idi, dəmir divarları vardı, insanlar xaricə buraxılmırdı. Bütün xalqların inkişaf etmiş nümayəndələri məhv edilirdi. Yəni sovet hökuməti özü boyda bir konslaqer idi. Bunun nəyi vətəndir?! Hansı xalq o “vətən”də xoşbəxt yaşadı?!

“Tamamilə ədalətli olar ki, ruslar öz torpaqlarını geri qaytarmaq istədikləri kimi, Azərbaycan torpaqlarını da qaytarsınlar”

– Bugünlərdə “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Putin. Kreml” verilişində Vladimir Putin Sovet İttifaqının yaranması zamanı onun üzvü olan respublikaların bir çoxunun “Rusiyadan torpaq aldığını” deyib. Həmçinin, Putin çıxışında hələ də həmin “tarixi rus torpaqları”nın bu respublikaların tərkibində olduğunu bildirib. Rusiya prezidentinin fikirləri ilə bağlı nə düşünürsünüz?

– Hesab edirəm ki, bu, yalnız Rusiyaya aid olmamalıdır, bu, digər respublikalara da aid edilməlidir. Belə ki, digər respublikalardan fərqli olaraq, Azərbaycan Çar Rusiyasının tərkibinə daxil olduqdan sonra indiki ərazisindən iki dəfə çox ərazisini itirib. Bu ərazilər indi Gürcüstan, Ermənistan və Rusiyanın tərkibindədir. Tamamilə ədalətli olar ki, ruslar öz torpaqlarını geri qaytarmaq istədikləri kimi, Azərbaycan torpaqlarını da qaytarsınlar. Yəni Dağıstanı Azərbaycana qaytarsınlar, o cümlədən Gürcüstana verilən torpaqlar qaytarılsın və Ermənistan boşaldılsın ki, xalqımız öz torpaqlarına sahib çıxsın. Ədalət yalnız bir xalq üçün ola bilməz. Belə ki, yalnız rusların malik olduğu torpağı kimsə aparmayıb. Qeyd etdiyim kimi, Azərbaycanın indikindən iki dəfə çox ərazisi mənimsənilib. Odur ki, bizim də torpaqlarımız qaytarılmalıdır.

– Putin bu fikirləri səsləndirərkən, konkret dövlət adı çəkməyib. Sizcə, o, hansı dövləti nəzərdə tutub?

– Hesab edirəm ki, Rusiya prezidenti Ukrayna və Belarusu nəzərdə tutur. Çünki o vaxt Rusiyanın bəzi rayonlarını Ukrayna və Belarusa verdilər. Lakin əsas demoqoq çıxış məhz Ukrayna haqqındadır. Çünki ruslar Cənubi Ukraynaya iddia edirlər. Ukrayna və Belarusdan başqa, digər sovet xalqları, xüsusən də türk-müsəlman xalqları torpaq itiriblər. Birmənalı şəkildə deyirəm ki, Rusiya bu məsələdə ədalətsiz mövqe sərgiləyir. Əgər Putin başqa xalqdan torpaq istəyirsə, o zaman bizim də torpaqlarımızı qaytarmalıdır. Baxın, ruslar və digər bütün xalqlar da “Dağıstan” deyir. Bu söz nə avar, nə çeçen, nə rus, nə də ləzgi dilindədir. Bu, tər-təmiz türk sözüdür, dağlıq ərazi anlamını verir. Bu yer bizimdir. Hansı xalqın əzəli torpağının adı başqa dildə olar?!

“Moskvanın marağını müdafiə edən, Kremlin çörəyini yeyən və Rusiyanın kəşfiyyat orqanlarına işləyənlər Azərbaycanın maraqları tapdananda rəsmi Bakının susmasına çalışırlar”

– Dağıstandan söz düşmüşkən, iyunun 15-də Azərbaycanla Rusiya arasında dövlət sərhədinin Dağıstan istiqamətində yaşanan insidentlə bağlı mövqeyinizi öyrənmək istərdim. Rəsmi Bakının baş verən hadisəyə reaksiyası sizi qane edirmi?

– Qeyd edim ki, Azərbaycan dövləti tamamilə yanlış olaraq dişsiz siyasət aparır. Bir dövlətin kiçik, əhalisinin az və kasıb olması, ordusunun yetərincə güclü olmaması həmin dövlətin öz ləyaqətinin tapdanması halında susmasına əsas verə bilməz. Çeçenlər nümayiş etdirdi ki, xalqın azlığının mübarizəyə heç bir aidiyyatı yoxdur və onlar uzun müddət Rusiyaya göz verib, işıq vermədilər. Hesab edirəm ki, bu gün Azərbaycanı həm erməninin, həm də rusun qabağında təslimçi, bu cür hadisələrdə susqun edən rəhbərlikdə təmsil olunan ruspərəst qüvvələrdir. Baxın, bu gün müdafiə naziri Rusiyada paradda iştirak edir. Həm müdafiə naziri, həm də baş qərargah rəisi Rusiyanın təmsilçiləridir. Eləcə də Prezident Administrasiyasında, Nazirlər Kabinetində və parlamentdə Rusiyanın təçsilçiləri var. Odur ki, burda Moskvanın marağını müdafiə edən, Kremlin çörəyini yeyən və Rusiyanın kəşfiyyat orqanlarına işləyənlər Azərbaycanın maraqları tapdananda rəsmi Bakının susmasına çalışırlar. Yalnız ölkə başçısının nəsə etməsiylə iş bitmir. Elə məsələlər var ki, Müdafiə Nazirliyi dərhal reaksiya verməlidir. Baxın, müdafiə naziri isə bugünlərdə verdiyi müsahibədə deyir ki, hər şeyi İlham Əliyev həll edir. Onda müdafiə naziri nədən ötəridir?! Konstitusiyaya görə, ölkənin müdafiəsini təmin etmək Müdafiə Nazirliyinin vəzifəsidir. Nazir isə deyir ki, bu vəzifəni prezident yerinə yetirməlidir. O zaman Müdafiə Nazirliyi və onun rəhbərliyi nə üçün mövcuddur?! Qeyd edim ki, Nəcməddin Sadıkovun Rusiyaya işlədiyini, Azərbaycan ordusunun bütün məğlubiyyətinin onun adıyla bağlı olduğunu hamı bilir. Özü 30 ildən artıqdır ki, nazirlikdə yüksək postda oturub, qardaşı isə Ermənistandakı rus qoşunlarının başında durur. Nə qədər ki, bu vəziyyət dəyişilməyib, yəni Rusiyanın Azərbaycandakı açıq və gizli tərəfdarları hökumətdən təmizlənməyib ölkəmiz bu cür bədbad vəziyyətdə olacaq, ermənilər torpağımızda at oynadacaq, ruslar Azərbaycanın və azərbaycanlıların başına oyun açacaq, gürcülər orda dilimizi, mədəniyyətimizi məhv etməyə davam edəcək. Vəziyyətin dəyişməsi üçün ölkənin başında duranlar xəyanət etməməli, ruspərəst qüvvələr vəzifələrdən uzaqlaşdırılmalıdır. Hesab edirəm ki, ölkə başçısı mütləq təmizləmə işi aparmalıdır. Azərbaycan dövlətindən başqa hər hansı bir dövlətin maraqlarına xidmət edən adamlar parlamentdə, Prezident Administrasiyasında, Nazirlər Kabinetində, orduda, Daxili İşlər Nazirliyində, prokurorluqda, ümumiyyətlə heç bir vəzifədə olmamalıdır. Bu, birmənalı şəkildə dövlət siyasəti kimi həyata keçirilməlidir. Unutmaq lazım deyil ki, Rusiya bizim ənənəvi düşmənimizdir, o, işğalçı dövlətdir. Rusiya mədəniyyətimizi, tariximizi, sərvətimizi, hər şeyimizi əlimizdən alıb.

– Sərdar bəy, Rusiyanın təsirindən çıxmaq üçün Qərbə, əsasən də NATO-ya daha sürətlə inteqrasiya etməyimiz daha doğru olmaz?

– Rusiyanın təsirindən çıxmağımız üçün ilk öncə millət olaraq kim olduğumuzu bilməliyik. Bizdə hələ də özünə qayıdış prosesi başlamayıb. Yəni hələlik Azərbaycan türkləri özünə dönməyib. Buna förə də Azərbaycanda bizim millətin adı qadağan olunub. Halbuki, 1936-cı ildə Azərbaycan Respublikasının adı Azərbaycan Sovet Sosialist Türk Respublikası olub. Vətəndaşlarımızın pasportunda millət hissəsində “türk” qeyd olunurdu. 1936-cı ildən qabaq bütün bu bölgə tarixində türklər deyilən millət olub və hadisələrin iştirakçısı da türklər olub. Dövlətlər də türk dövləti olub, liderlər də, alimlər də türk olub. İndi birdən-birə azərbaycanlı sözü çıxıb ortalığa və beləliklə, bizlə 1936-cı ilə qədər olan Azərbaycan türkləri arasında sədd yaradıblar. Bununla da bizi kökümüzdən qoparıblar. Odur ki, mütləq kökümüzə qayıtmalıyıq. Hətta ölkənin adı Azərbaycan Türk Respublikası olmalı, millətimizin adı özünə qaytarılmalıdır! Məhz bundan sonra dostu düşməndən ayırd etmək daha asan olacaq. Əks halda, Rusiyanın təsirindən çıxmaq mümkün olmayacaq.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93