Orta Asiyanın Azərbaycan üzərindən dünya bazarına çıxış imkanları artacaq – LAYİHƏ

8

Bu istiqamətdə Azərbaycanla Orta Asiyanın ən zəngin neft və qaz ölkəsi sayılan Türkmənistan ikitərəfli əməkdaşlıq sahələrini şaxələndirmək əzmindədirlər. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfəri bir çox strateji razılaşmalar əldə olunub. Ümumiyyətlə xarici səfərlərə o qədər də  yollanmayan Qurbanqulu Berdiməhəmmədovun son yarım ildə Bakıya ikinci dəfə gəldiyini nəzərə alsaq, rəsmi Aşqabadın xarici siyasətində Azərbaycanın hansı yeri tutduğunu təxmin edə bilərik.

Yeni anlaşmalar və yeni üfüqlər

Orta Asiya dövlətlərinin dünya bazarına çıxış yolunun baslıca prioritetləri Rusiya, Çin, Əfqanıstan-İran və Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Avropa ilə inteqrasiyadır. Təbii olaraq dövlət müstəqilliyinə qovuşduqdan sonra, Qazaxstan daha çox Azərbaycanla inteqrasiyaya üz tutdu. Digər Orta Asiya dövlətlərinin bir qədər passiv mövqedə olması zamanla bu probleminmüsbət mənada  həlllinə doğru addımlamaqdadır. Xüsusilə Azərbaycanla Türkmənistan arasında əməkdaşlıqdan danışarkən onun yalnız iqtisadi sahəni əhatə etmədiyi, mədəni-tarixi bazaya da əsaslandığını söyləmək lazımdır. Türkmənlər Azərbaycan xalqı ilə qohum xalqdır. Onlar da türk dil ailəsinin oğuz qrupuna aiddirlər. İki xalqın etnik və humanitar yaxınlığı imkan verir ki, ikitərəfli münasibətlərdə humanitar əməkdaşlıq istiqamətini ayrıca qol olaraq ayıraq. Prezident İlham Əliyev çıxışında türkmən xalqını əbəs yerə bir neçə dəfə qardaş xalq adlandırıb. O, Azərbaycanın bu qonşusunun uğurlarına hər zaman sevindiyini bildirib.
Ən yüksək siyasi səviyyədəki münasibətlərə gəlincə, son illər iki ölkə prezidentlərinin bir neçə qarşılıqlı səfəri olub. 2008 və 2017-ci illərdə Türkmənistan prezidenti Q.Berdiməhəmmədov Bakıda rəsmi səfərlərdə olub, 2010, 2015 və 2019-cu illərdə isə onun Azərbaycana işgüzar səfərləri baş tutub. Azərbaycan Prezidentinin Türkmənistana rəsmi səfəri isə 21-22 noyabr 2018-ci ildə gerçəkləşib. Odur ki, iki liderin budəfəki görüşü yalnız onların əlaqəsinin intensiv xarakterindən xəbər vermir. O, həm də ikitərəfli əməkdaşlıq üçün hələ də reallaşdırılmamış ciddi potensialın olduğunu göstərir. Necə deyərlər, ən yüksək səviyyədə görüşə maraq varsa, demək, bunun üçün ciddi əsaslar mövcuddur.

Ortaq hədəflərlə uzaq  strateji hədəflərlə birgə addımlamağım perspektivləri

Uzun illər müşahidəçilər Bakı-Aşqabad dialoqundan danışarkən diqqəti enerji sahəsində əməkdaşlığa yönəldib. Xüsusilə ikitərəfli müzakirələrdə əsas gündəm hər zaman Xəzər dənizinin dibi ilə çəkilməli olan Transxəzər qaz kəmərinin inşası məsələsi olub. Türkmənistan və Azərbaycan sahilini birləşdirəcək bu kəmər Türkmənistan qazının Avropaya nəqlinə yol açmalıdır.

Bununla yanaşı, son illərdə əldə olunmuş razılaşmalar göstərir ki, tərəflər nəqliyyat əlaqələrini də inkişaf etdirmək istəyir. Bakıda baş tutmuş budəfəki danışıqlarda da Q.Berdiməhəmmədov tərəfləri nəqliyyat sahəsində səyləri birləşdirməyə çağırıb, ümumi yanaşmaların, beynəlxalq arenada razılaşdırılmış nəqliyyat diplomatiyası aparılmasının vacibliyini vurğulayıb. Onun fikrincə, bu, ixtisaslaşmış beynəlxalq strukturlarla əməkdaşlığın aktivləşməsinə imkan verəcək. Türkmənistanın Dövlət İnformasiya Agentliyinin məlumatına görə, söhbət BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı və s. strukturlardan gedir. 2019-cu ilin martında Gürcüstan, Rumıniya, Azərbaycan və Türkmənistanın xarici işlər nazirləri Buxarestdə keçirdikləri görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişafına dair bəyannamə imzalayıblar. O zaman marşrutun inkişafı məqsədilə ekspertlərdən ibarət işçi qrupun yaradılması da qərara alınmışdı. Qrup məsələnin texniki aspektlərini razılaşdırmalı, prosedurun optimallaşdırılması ilə məşğul olmalıdır. Tariflərin harmonizasiyası və gömrük prosedurlarının sadələşdirilməsi ilə də işçi qrup məşğul olmalıdır. Elə o zaman 4 ölkə üçün nəqliyyat, xüsusilə dəniz nəqliyyatı infrastrukturunun inkişafının vacibliyi vurğulanmışdı.

Xəzərin iki sahilinin uzlaşan tarixi dəyərləri

Son illərdə istər Azərbaycan, istərsə də Türkmənistanda liman infrastrukturunun miqyaslı yenidən qurulması işləri aparılıb. Bu gün Ələtdəki Beynəlxalq Ticarət Limanı və Türkmənbaşı limanı geniş çeşiddə yüklərin qəbulu və emalı üçün son dərəcə geniş imkanlara malikdir. Bu isə Azərbaycanla Türkmənistanın regionun vacib tranzit dövətlərinə çevrilməsinə imkan verir.

Türkmənistan lideri hesab edir ki, iki ölkənin coğrafi mövqeyi bu sahədə sıx tərəfdaşlığa obeyktiv zəmin yaradır və bu əməkdaşlıq Asiya ilə Avropa arasında kombinasiya edilmiş nəqliyyat-tranzit dəhlizlərinin yaradılmasına dair yaxşı düşünülmüş strategiyaya əsaslanmalıdır. Bununla yanaşı, Türkmənistan tərəfi hesab edir ki, belə strategiya yalnız Türkmənistanla Azərbaycanın deyil, həm də üçüncü ölkələrin iştirak edəcəyi yeni magistralların tikintisini nəzərdə tutmalıdır. Məsələn, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi (Lapis Lazuli) belə əməkdaşlığa bariz nümunədir. Bu dəhlizin yaradılmasına dair razılaşma 15 noyabr 2017-ci ildə Aşqabadda nazirlərin Əfqanıstan üzrə 7-ci Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA) çərçivəsində imzalanıb. 28 noyabr 2018-ci ildə Türkmənbaşıda Nəqliyyat üzrə Beynəlxalq Konfrans da keçirilib və orada əsas diqqət sözügedən dəhlizin praktik reallaşdırılmasının aspektlərinə yönəldilib. Qeyd etmək lazımdır ki, Özbəkistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan və Türkmənistanın dəmir yolu idarələri rəhbərlərinin 2019-cu ilin dekabrında Daşkənddə baş tutmuş görüşündə 2020-ci ilin ilk rübü ərzində yeni beynəlxalq multimodal dəhlizin işə salınmasına dair razılıq əldə edilib. Toplantıda vahid tranzit tarifləri müəyyənləşdirilib, marşrut üzrə yük daşımalarının şərtləri razılaşdırılıb, logistik infrastruktura dair müzakirələr aparılıb. Tərəflər həmçinin, iştirakçı ölkələrin dəmir yolu idarələrinin rəhbərlərinin iştirakı ilə Koordinasiya Komitəsinin yaradılmasına dair razılığa gəlib. Türkmənistan prezidentinin Azərbaycana səfəri bu marşrutun da reallaşdırılması prosesini sürətləndirəcək hadisədir.

Perspektivlərlə dolu yeni layihələrin üfüqləri

Azərbaycan-Türkmənistan ikitərəfli dialoqunun məzmununa nəzər salsaq, görünən odur ki, tərəflər əməkdaşlıq sahələrini şaxələndirmək əzmindədir. Hələ ötən ilin sentyabrında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın beşinci iclasında tərəflərin müxtəlif profili birgə müəssisələr yaratmaq niyyəti elan olunmuşdu. Bununla yanaşı, tərəflər ticarət evləri mübadiləsinin aparılması, Türkmənistan-Azərbaycan işgüzar şurasının yaradılması niyyətini də açıqlamışdılar.

Elə həmin toplantının gedişində bildirilmişdi ki, Xəzər dənizi vasitəsilə qonşu olan Türkmənistanla Azərbaycan öz enerji daşıyıcılarının Avropaya çıxarılması işində alternativ marşrutlardan istifadədə maraqlıdırlar. O zaman açıq şəkildə bəyan olunmuşdu ki, Türkmənistanın karbohidrogen resursları Xəzər dənizi vasitəsilə Qərb istiqamətində nəql oluna bilər. Bunun üçün dənizin dibi ilə Azərbaycan sahilinə, təxminən, 300 kilometr uzunluğunda boru xəttinin çəkilməsi lazımdır. Buradan Türkmənistan karbohidrogenləri Türkiyəyə, oradan isə Avropaya nəql oluna bilər.

Bu bəyanatlar tərəflərin sözügedən sahədə əməkdaşlıq etmək əzmində olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, Bakı onun qaz infrastrukturundan başqa dövlətlərin qaz tranziti üçün istifadəsinə qarşı deyil. Bununla yanaşı, Türkmənistanın öz istehlakçıları ilə hansı şərtlərlə razılığa gələcəyindən də çox şey asılıdır – istər qiymətdə, istər həcmdə. Son illərdə Türkmənistan neftinin Azərbaycan vasitəsilə sabit şəkildə nəql olunması göstərir ki, bu ölkənin enerji daşıyıcılarının xarici bazara ixracı üçün məhz bu marşrut daha etibarlıdır.

Səfərin vacib nəticələrindən biri kimi, iki ölkə arasında Xəzər dənizinin dibi ilə magistral fiberoptik xəttin çəkilməsinə dair razılaşmanın əldə olunmasını göstərmək olar. Azərbaycan tərəfindən operatoru «AzerTelecom», Türkmənistan tərəfindən isə «Türkməntelekom» olacaq bu xəttin çəkilməsi iki ölkənin əməkdaşlığı üçün yeni platformanın əsasını qoyacaq. O, istər iki ölkənin, istərsə də bütünlükdə regionun telekommunikasiya sektorunun inkişafına ciddi töhfə olacaq.

Siyəzən-Türkmənbaşı marşrutu üzrə çəkiləcək magistral xətt Avropa ilə Asiya arasında rəqəmsal İpək Yolunun yaradılmasına imkan verəcək. Bu layihə Avropadan Azərbaycan və Türkmənistan, oradan isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana internet trafikinin nəqlinə yol açacaq.

Səfərin yekunları haqda danışarkən qeyd olunmalıdır ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2018-ci illə müqayisədə 2019-cu ildə 40%-dən çox artsa da, əməkdaşlıq səviyyəsi hələ də real potensiala cavab vermir. Bunun üçün iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəallaşması vacibdir. Yeri gəlmişkən, qurumun növbəti – altıncı toplantısı bu il keçirilməlidir.

Türkmənistan prezidentinin Azərbaycana səfəri, qarşılıqlı komissiyanın fəaliyyətinin genişlənməsinə, konkret təkliflərin irəli sürülməsinə, iqtisadi-ticari tərəfdaşlığın yalnız kəmiyyət deyil, keyfiyyətcə də güclənməsinə aparıb çıxaracaq. Bu isə yalnız iki ölkə əməkdaşlığın deyil, bütünlükdə regional əməkdaşlığın fəallaşmasına öz təsirini göstərəcək.

“Hürriyyət”

 

Redaksiyadan: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.