“Oruç Rəis” Yunanıstanda qarışıqlıq yaratdı. İstefa xəbəri

18

Hurriyyet.org xəbər verir ki, Yunanıstanın Baş Naziri Kiryakos Miçotakisin milli təhlükəsizlik müşaviri Aleksandros Diakopulos Türkiyənin “Oruç Rəis” adlanan seysmik kəşfiyyat gəmisinin Yunanıstan qitə şelflərində araşdırmalar apardığı və bölgəni işarələdiyi ilə bağlı açıqlamasından sonra istefa verib.

Diakopulos yazılı açıqlama ilə istefa verdiyini bəyan edib, Şərqi Aralıq dənizində fəaliyyətdə olan “Oruç Rəis” seysmik araşdırma gəmisi ilə bağlı sözlərinin hökumətdə səbəb olduğu narahatlığa işarə vuraraq bildirib: “Qətiyyən belə bir niyyətim olmadığı halda, dünən verdiyim açıqlama qarışıqlığa səbəb olub, Baş Nazir və hökumət üçün problem  yaradıb. Məsuliyyəti boynuma alaraq istefa verirəm”.

Yunanıstanın ANA dövlət agentliyi Diakopulosun istefasının Baş Nazir Miçotakis tərəfindən qəbul edildiyini bildirib.

Diakopulos, dünən mətbuata müsahibəsində demişdi: “Oruç Rəis”in Yunanıstan qitə şelflərində araşdırmalarına davam edir və bölgədə qeydlər aparır”.

Açıqlama hökumətdə narahatlıq doğurduqdan sonra Diakopulos “sözlərinin səhv başa düşüldüyünü, Oruç Rəisin araşdırmaq aparmağa çalışsa da, fəaliyyətini yarımçıq saxladığını” iddia eləmişdi.

Onun bu açıqlaması, “Oruç Rəisə araşdırma aparmaq imkanı vermədiklərini” irəli sürən Yunanıstan hökumətində ciddi narahatlığa səbəb olub, nəticədə müxalifət partiyaları Miçotakis hökumətini ölkə ictimaiyyətini yanıltmaqda ittiham edib.