Övladlarına ildə 300 min dollar xərcləyən deputat danışdı: “Qısqanclıqla yanaşmaq doğru deyil”

56

Milli Məclisin deputatı Rüfət Quliyev övladlarının təhsilinə ildə 300 min dollar xərcləməsi ilə bağlı iddialara münasibət bildirib.

R.Quliyev bu iddianı onun son zamanlar bəzi məmurları tənqid etməsi ilə əlaqələndirib.

“Bunlar fikirləşirlər ki, xaricdə məskunlaşan müəyyən qüvvələrdən istifadə edərək məni susduracaqlar. Əksinə anlamaq istəmirlər ki, millət vəkiliyəm və xalqa xidmət etməli olan məmurları tənqid edirəmsə, bu birbaşa dövlətçilik maraqlarından irəli gəlir. O, məmurlarla hansısa şəxsi ədavətim yoxdur. Amma, görünür, bunlar mənim tənqidlərimi şəxsi olaraq qəbul edirlər və ona görə də dözümsüzlük göstərirlər. Bu xəbərin yayılmasının səbəbi də məhz bu tip məmurların işidir və onlar məni bu yolla susdurmaq niyyətindədirlər. Övladlarımın oxuduğu universitet ABŞ-nın sabiq prezidenti Bill Klinton tərəfindən təsis olunub. Univeristet dünyanın tanınmış təhsil ocaqlarından biridir. İkincisi də, istər mənim övladım olsun, istər başqa birinin fərq etməz, əgər belə universitetdə azərbaycanlı oxuyursa, ona qısqanclıqla yanaşmaq doğru deyil. Əksinə sevinməliyik ki, belə universitetlərin məzunu olan şəxslər bu millət və dövlət üçün yetişdirilən ən vacib kadırlardan biridir. Buna sevinmək əvəzinə, bəzəyib fərqli don geyindirmək ən cılız hərəkətdir” – R.Quliyev bildirib.

Qeyd: Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumatda bildirib ki, Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var.

“Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır. İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik yaşama və yemək xərcləri… Xeyli məmur uşaqları orda təhsil alıb və alır. “Halbuki bizim doğma Bakı Dövlət Universiteti ondan irəlidə – 3945-ci sırada dayanır, yəni daha reytinqlidir. Biri elə deputat Rüfət Quliyev, iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib” – C.Həsənli deyib. \\Vətəninfo