Özbək professordan dünya analarına müraciət: “Bitsin bu işğal!”

51

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru, tanınmış alim Gülbahar Aşurova dünya analarına müraciət edərək 30 ildən çoxdur ki, davam edən Ermənistanın Azərbaycana təcavüzü, regiondakı zorakılıq, aqressiya, habelə Ermənistan qoşunlarının Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonuna artilleriya atəşləri ilə müşahidə olunan hücumu ilə əlaqədar dünya analarına müraciət edib.  Özbəkistandaki   Heydər Əliyev adına  Azərbaycan Mədəniyyət  Mərkəzi  xəbər verir ki , Xanım professor  ilk növbədə xain hücum zamanı həyatını itirən insanlara, dinc sakinlərə görə Azərbaycan xalqına başsağlığı verib.

Gülbahar Aşurovanın dünya analarına müraciəti:

Əziz analar, dünyanın mütərəqqi, sülhsevər və gözəl məxluqları!

Bu günlərdə bizləri daha bir xəbər sarsıtdı. 30 ildir regionun qanayan yarası, müsəlman, türk irsinin təhqir olunduğu, bəşəriyyətin böyük dərdi – Qarabağın və Azərbaycan torpaqlarının işğalı, bir milyon azərbaycanlının öz vətənlərindən, yurd yuvalarından qovulması, min bir iztirablara düçar edilərək köçkünlük həyatı yaşaması azmış kimi qan tökməklə öyünən Ermənistan Azərbaycanla olan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində artilleriya hücumları həyata keçirdi və yenidən silahlar danışmağa başladı.

“Ədalət adlı müqəddəs məfhum qətl edilib”

Ermənistan işğalı nəticəsində Azərbaycanın 12 rayonu və onlarla şəhəri, yüzlərlə kəndi, ölkə ərazisinin isə 20 faizi işğal olunmuşdur.  Bu işğal bütöv bir nəslin xəyallarının alt-üst olmasına, nə qədər ailələrin, gənclərin, uşaqların, anaların yurdsuz, ocaqsız, evsiz-eşiksiz, gözüşalı qalmalarına yol açıb. Yüz minlərlə insanın talelərinin puç olmasına gətirib çıxarıb.

Min illərlə qurulmuş bütöv şəhərlər, kəndlər dağıdılıb, dini ocaqlar, mədəniyyət abidələri məhv edilib. Analarımızın, balalarımızın xoşbəxt həyatının üzərində oyunlar qurulub. Ədalət adlı müqəddəs məfhum qətl edilib.

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biri, qədim tarixi, zəngin mədəniyyəti, möhtəşəm poeziyası ilə dünyada seçilir. Böyük Nizaminin, Füzulinin, Nəsiminin, dahi Üzeyir Hacıbəyovun vətənidir bu məmləkətDünyanın ən nəhəng ədəbiyyatını yaratmış bu xalq sülhsevərdir, zəhmətsevərdir, qonaqpərvərdir. Evində olan son tikəsini də Özbək xalqı kimi qonağı ilə bölüşər, evinin ən gözəl hissəsini qonaq üçün ayırar.

Azərbaycanı “Turan üzüyünün qaşı” adlandıran Əmir Teymur babamız yanılmamışdır”

30 ildir bu qədər məhrumiyyətlərə, faciələrə, işğal, etnik təmizləmə və müharibə vəziyyətinə baxmayaraq bu xalq yenə də sülh istəyir və bu təcavüzün sülh yolu ilə həll etməyə çalışır.

Azərbaycanı Turan üzüyünün qaşı” adlandıran Əmir Teymur babamız yanılmamışdır. Bu məmləkətdən daim bütün dünyaya böyük mədəniyyət, elm, poeziya və xalqların dostluğu, qardaşlığı birgə hür içində yaşayışına dair çağırışlar səslənir.

Amma durun, əziz Analar! Vətən həm də Anadır. Bu gün müqəddəs Vətənin bağrındakı o torpaqların yüzdə iyirmisi işğal altında inildəyir, yurd yerləri fəryad edir.

Artıq terrorlara, müharibələrəişğallara, köçkünlüyə, həsrətə “Dur” deməyin zamanıdır! Qadın ürəyi daha həssasdır, qadın Anadır, qadın sevgidir, qadın dəyərdirBütün bu zorakılıqlar, atılan bütün bu güllələr analara dəyir, onlara toxunur!

“Bitsin bu işğal!”

Biz unutmadıq ki, 1992-ci ildə Ermənistan Silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımında öldürülən azərbaycanlı 613 dinc sakinin 63-ü uşaqlar idi, 2011-ci ildə Ağdamda erməni əsgərləri tərəfindən öldürülən 9 yaşlı Fariz Bədəlovu, Tovuzda isə 13 yaşlı Aygün balamız, 2017 ildə Azərbaycanın Fizuli rayonunda öz nənəsi ilə birgə qətlə yetirilmiş 1 yaşlı balaca Zəhranın acıları hələ ürəyimizə xəncər kimi batıb və daim sızıldadır.

Bitsin bu işğal! Qoy dünya birliyi tərəfindən tanınmış Azərbaycan torpaqları, şəhər və kəndləri azad olunsun, bölgədə yenidən sülh nəğmələri səslənsin, sülh göyərçinləri uçsun. İnsanlar öz yurd-yuvalarına qayıtsınlar. Biz analar ədalətin bərqərar olmasını, insanların haqlarının özünə qaytarılmasını istəyirik.

Bu qanayan yara o zaman duracaq ki, haqq-ədalət öz yerini tapacaq. Həsrət və iztirablara son qoyulacaq. Beynəlxalq ədalət, hüquq bərpa ediləcək.

Mən bütün dünya analarına, ziyalılarına müraciət edirəm: Ermənistanın bu işğalçı siyasətinə hamımız “dur” deyək! Yetər, 30 ildir vurduğunuz ziyanlar və çəkdirdiyiniz bu acılar, məhv etdiyiniz bu talelər! Dünya bu acıları, bu fəryadları eşitməlidir. Susmaq bizə haramdır əziz analar. Yurdlarımız, şəhər və kəndlərimiz, abidələrimiz, məscidlərimiz də insanlarımız kimi şəhiddirlər, yaralıdırlar, param-parça olmuşlar.

Biz torpağı işğal olunan və ərazi bütövlüyü pozulan Azərbaycanın yanında olmalıyıq. \\Ovqat.com