Azərbaycan kürd-türk konfliktinə sürüklənir - İran odla oynayır

Azərbaycan kürd-türk konfliktinə sürüklənir - İran odla oynayır

Türkiyənin Şimali Suriyaya başlatdığı “Barış pınarı” hərbi əməliyyatına ən sərt reaksiyalar İrandan gəlir. Halbuki, türk rəsmilərinin dediyi kimi, Suriyanın şimalında yaranması planlaşdırılan “Kürdüstan” dövlətinin ən ciddi zərər vuracağı ölkələrdən biri də İrandır və Türkiyənin bu projenin qarşısını almaq üçün keçirdiyi əməliyyatlar nəticə etibarilə bu ölkənin də milli maraqlarına xidmət edir. İran isə buna qarşı çıxmaqla qalmır, öz ərazisində yaşayan kürdləri Türkiyə əleyhinə etiraz aksiyaları keçirməyə həvəsləndirir.

Ovqat.com xəbər verir ki, belə aksiyalardan biri dünən İranın Kürdüstan vilayətində keçirilib.

Məlumata görə, vilayətin Banə, Sənəndəc və Mərivan şəhərində keçirilmiş aksiyalar zamanı nümayişlər “Türkiyəyə ölüm” və “Ərdoğana ölüm” şüarı səsləndiriblər. Etirazçılar həmçinin Türkiyənin bayrağını da yandırıblar.

Nümayişlərin İran xüsusi xidmət orqanları əməkdaşlarının nəzarəti altında keçirildiyi iddia edilir. Bəzi müşahidəçilər hətta bu “etiraz dalğaları”nın süni şəkildə yaradıldığı qənaətindədirlər.

Görünür, ABŞ təzyiqlərindən başını itirmiş rəsmi Tehranın bu siyasətinin cari planda Türkiyəyə hansısa təsiri olacağı xeyli şübhəli olsa da, perspektivdə İranın öz əleyhinə yönələcəyi şəksizdir. Zira kürd millətçilərinin bu etiraz dalğaları istər-istəməz onları müstəqillik arzularına sürükləməklə qalmır, həm də Cənubi Azərbaycan türkləri ilə qarşı-qarşıya qoyur. Bu da yaxın gələcəkdə iki topluluq arasında ədavəti qızıdıra və İranın daxili stabilliyini poza bilər. Eynilə bir zamanlar SSRİ-də başlayan etnik konfliklərin bu imperiyanın sonunu gətirdiyi kimi, İranda baş verən türk-kürd konfliktinin də eyni effekti verməsi istisna edilməməlidir.

Qeyd edək ki, İrandan gələn məlumatlar bu ehtimalı daha da gücləndirir. Zira Kürdüstan bölgəsində meydana tökülən nümayişçilərin yürüşlərdə “rojhalat” və “rojava” tipli şüarlar səsləndirdiyi və bu məzmunda plakatlar qaldırdığı xəbər verilir. Bu isə faktiki olaraq onların təkcə Türkiyəyə qarşı çıxmaları deyil, həm də Cənubi Azərbaycan türklərini hədəfə almaları deməkdir. Çünki kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgələrini “rojhalat”- yəni “Şərqi Kürdüstan”, Suriyanın şimal hissələrini isə “rojava”- yəni “Qərbi Kürdüstan” adlandırırlar. Nümayişlərdə Güney Azərbaycanın qərb hissələrinə qarşı açıq şəkildə haqq iddia edilməsinin soydaşlarımız tərəfindən xoş qarşılanması isə mümkün deyil və bu, onsuz da milli azadlıq duyğuları getdikcə yüksələn güneylilərin ayağa qalxmasını tətikləyə bilər.

Bir sözlə, İran hansısa anlaşılmaz cari məqsədlər naminə odla oynayır.