Azərbaycanın üzən, qaçan, uçan deputatları...

Azərbaycanın üzən, qaçan, uçan deputatları...

Son hadisələr bir daha sübut etdi ki, bir çaya iki dəfə baş vurmaq olmur. Heraklit bunu eramızdan əvvəl 554-483 illərdə deyib. Dəqiq hansı ildə deyib, bu, tarixə məlum deyil. Tarixə məlum olan isə odur ki, “məclisdən üzü sulu” getmək lazımdır. Çünki hər şey dəyişir və təzələnir. Zaman isə keçir.

İstefa ərizələrini Cənab Prezidentə təqdim edən yüksəkçinli məmurlardan sonra ağsaqqallar arasında yaman çaxnaşma düşüb. Biri deyir, üzürəm, digəri deyir, qaçıram. Zənnimcə, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa bir qədər gecikiblər.

Bir başqası da hələ indi məclislərə gedib çıxış etməyə başlayıb. Açığı, heç uğurlu alınmayıb.

Uşaqlı-böyüklü bir neçə dəfə dinlədik, bir şey anlamadıq. Ya ağsaqqal həyəcanlı idi, ya da nə deyəcəkdisə, yadından çıxmışdı. İndi ağsaqqal da deyə ki, bəs o videodakı mən deyiləm. Montajdır. Söhbət də bağlansın. Amma hələlik bir söz deyən yoxdur.

Xülasə.

Bir neçə gün əvvəl Əli Həsənov və Hacıbala Abutalıbov vəzifədən azad edilmək üçün prezidentə ərizə ünvanlayıblar. İlham Əliyev onların hər ikisi ilə görüşüb.

Məlumat üçün bildirim ki, Əli Həsənov Baş nazirin müavini idi. O, həm də 1998-ci ildən 2018-ci ilə qədər Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri kimi çalışıb.

Hacıbala Abutalıbov 2018-ci ilin aprelində Baş nazirin müavini vəzifəsinə təyin edilib. O, bundan əvvəl 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Prezidentin şərhi.

Əli Həsənovun istefa ərizəsini qəbul edən prezident ona deyib: “Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.

Bir kəlmə, şərhsiz!

Yaşı 70-dən yuxarı olan vəzifəli şəxslər.

Siyahını burada qeyd etmək niyyətim yoxdur. Onlar kifayət qədər çoxdurlar. Maraqlısı odur ki, onların əksəriyyəti, bəlkə də, elə hamısı Sovet hökumətinin dövründə vəzifələrdə olublar. Təbii ki, yeni qurulan Azərbaycan dövlətinin də onlara bir zaman ehtiyacı var idi. Onların təcrübəsindən, idarə etmək bacarığından istifadəsi labüd və lazım idi. Lakin sular axır, zaman dəyişir. Və məsələ də ondan ibarətdir ki, artıq köhnə düşüncə və fikirlər müasir zamanda işləmir.

Yəni mexanizmi dəyişmək lazımdır. Bu isə yalnız və yalnız yeni kadrlar, yeni beyinlər və yeni düşüncə ilə mümkündür. İndi də ağsaqqallar gənclərdən inciyir ki, “bəs siz qocalmayaqsınız?” Vallah, ömür yetsə, sizin kimi bəxtəvər və bəxtiyar olsalar, hamı qocalacaq.

Amma təqaüd yaşı deyilən bir məfhum var. İstirahət də yaxşı şeydir. Həm sizdən yorulanlar istirahət edər, həm də özünüz.

Yeni təyinatlar.

Oktyabrın 23-də Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov Vergilər naziri vəzifəsindən azad edilərək İqtisadiyyat naziri təyin edilib. Elə həmin gün Prezident İlham Əliyevin fərmanı ilə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Hazırda bu struktur Azərbaycanda ən böyük nazirlikdir. Və görünən odur ki, qarşıda çox möhtəşəm hadisələr yaşanacaq.

Prezidentin dediyi budur.

Bir neçə gün əvvəl əslən Dağlıq Qarabağdan olan Arzu Məmmədova tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozneri çox pis vəziyyətə salıb. Özü də Kaliforniyada. Yəni ABŞ-da.

Vladimir Pozner Kaliforniya Ştatında çıxışı zamanı Qarabağın ermənilərə məxsus olduğunu bildirib. Elə həmin tədbirdə olan Arzu isə sakitcə, təmkinlə bildirib ki, bu, heç də belə deyil.

Qarabağ Azərbaycanın ərazisidir. Və Ermənistan bizim torpaqları işğal edib. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri də var. Heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Əslində, cənab Prezidentin də dediyi budur. Əcnəbi dilləri bilən, savadlı, təhlil etmə qabilliyətinə malik, fikrini təmkinlə geniş auditoriyaya çatdıracaq yeni kadrların Azərbaycan həqiqətlərini dünyanın hər yerində təbliğ etməsi.

Belə gənclərin hökumət strukturlarında inkişafı və dövlətçilik üçün görə biləcəkləri işlərdir. Çünki zaman onlarındır. Gənc, istedadlı, vətənpərvər, proqressiv və savadlı gənclərin.

Oxu.az

Kubra Məhərrəmova