BBBB…

BBBB…

...yəni Bratanovun bayraq bayramına barmağı
“Keşlə” rəhbərliyi sentyabrda keçmiş “Səfa” stadionunun qazonunu dəyişməyə başlayanda Azərbaycan futbolunu düşünən hər kəs ürəkdən sevinmişdi. Təbii, ilk növbədə ona görə ki, istismar müddəti bitən süni örtüklü qazon artıq real təhlükə mənbəyi idi, futbolçular burda qorxa-qorxa oynayırdı, “Keşlə”nin oyunlarına televizorda baxan istənilən Allah bəndəsinin də az qala ürəyi bulanırdı. Bəli, Zaur Axundov necə hesabladısa, yeni qazonun istifadə veriləcəyi gün kimi noyabrın 9-nu müəyyənləşdirdi. Həmin gün təqvimə uyğun olaraq, “Keşlə” “Neftçi”ni qəbul etməliydi, Tərlan Əhmədov qəlbinin dərinliklərində sabiq komandasından xal almağın planlarını qururdu, bildiyimə görə, Zaur bəy artıq Bayraq günündə stadiona gələcək azarkeşləri feyziyab etmək üçün manıslarla da ilkin danışıq aparıbmış. Bütün bu planlar suya düşdü. Artıq xəbər tutduğunuz kimi, “Keşlə” həmşəhərliləri ilə oyunu da müvəqqəti sığındığı Bayıl stadionunda keçirəcək. İşi avand olsun, bacarırsa, qələbə qazansın – məsələnin bu tərəfi mənə maraqlı deyil. Maraqlı olan tərəf odu ki, şəxsən mən “Keşlə” rəsmilərinin “yağış yağdı, belədə örtüyün yapışdırılması, quruması uzun çəkir, süni qazon 18 yaşlı qız kimi naz-qəmzəli varlıqdı” və buna oxşar bəhanələrinə, daha doğrusu, uşaq başı aldatmağa bənzəyən yanıltmaclarına inanmıram. Heç şübhəsiz, əsas problem təbiətin şıltaqlığında yox, qazonun Bakıya gətirilməsinə cavabdeh olanların məsuliyyətsizliyində, ləngliyində, işlərin əvvəlcədən müəyyənləşdirilən qrafikə uyğun şəkildə görülməməsində gizlənir.
“Keşlə” düşərgəsindən gələn açıqlamalardan belə görünür ki, ən pis halda 13-cü turun noyabrın 30-da keçiriləcək ev oyununa qədər yeni qazon hazır olacaq, yəni “Neftçi” ilə oyunla bağlı qurduqları xəyalları, planları “Sumqayıt” üzərində gerçəkləşdirəcəklər. Yuxarıda dedim axı, nəticə tərəfi yenə də mənim üçün önəmli deyil. Amma gəlin biranlıq təsəvvür edək ki, noyabrın ortalarında Bakıda güclü yağışlar olacaq. Yeri, göyü yaradanla hələ indiyə qədər müqavilə bağlayan hansısa bəndə tanımadığımızdan, havaların məhz dediyim kimi keçməyəcəyinə dair də heç kim təminat verə bilməz. Ona görə də “Keşlə” rəhbərliyinə məsləhət görərdim ki, bu zaman-məkan məsələlərinə bir qədər həssas yanaşsınlar, nə göylərə bel bağlasınlar, nə də manıslara pul paylasınlar. Olmadı elə, oldu belə...
Zarafat bir yana, amma bu təxirəsalma olayına mən həm də taleyin özünəməxsus ironiyası kimi baxıram. Onillərdi ölkəmizdə qazon salıb-sökməklə məşğul olan bir “Dynamic Resources” şirkəti, onun da Dmitri Bratanov ad-soyadlı rəhbəri var. Bu bolqar işbazın-biznesmenin Azərbaycanda qazandığı pullarla elitada da olmasa, 1-ci dəstədə əməlli-başlı klub saxlamaq olardı. Yaxşı xatırlayıram, Tofiq Bəhramov adına Respublika stadionunun üzərində aparmadığı eksperiment qalmadı, Allaha ağır getməsin, bəlkə də stadionun sabiq direktoru Akif İsmayılov elə onun əlindən bezib bu dünyadan köçdü. Bildiyimə görə, həmin bu Bratanovun nəinki AFFA rəhbərliyi, hətta AZAL-ın prezidenti olan Cahangir Əsgərov kimi odioz fiqurla da xoş tərəfdaşlıq münasibətləri var. Tərəfdaşları-dostları sağ olsun, Azərbaycanda qazonla bağlı hansısa problem yaranan kimi dərhal Bratanovu həmin işə pərçim edirlər. Belə sövdələşmələrdə kimin nə qazandığını bilmirəm. Amma bildiyim odu ki, bu adamın və ona havadarlıq edənlərin niyyəti xoş deyil, özünəməxsus inhisar yaradıblar, bala-bala yeyirlər və yedizdirirlər. “Haram xoşları olsun” da demirəm, çünki yeməsələr də belə, gətirib o pulu mənə verəsi deyillər ki... Bu ölkənin futbolunda pul məsələləri artıq onillərdi bir qədər fərqli şəkildə tənzimlənir. Amma məni düşüncələrə dalmağa vadar edən əsas məqam odu ki, Bratanov yapacağını yapdı, yəni Zaur Axundovun bayraq bayramını barmaqlamaqdan özünü saxlaya bilmədi. Kişi gül kimi mərasim düşünmüşdü, vur-çatlasın, çal-oynasın olacaqdı. Heyf o plandan... Barmağın qurumasın, Bratanov, yenə də yazıqsan...\\Football-plus