Salam, xoş gəlmisiniz.

Erməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirir

2019-12-02 19:12:40

Erməni KİV: Cahil və təlxək Nikol Paşinyan bulvar mətbuatının redaktoru kimi fəaliyyətini davam etdirir

Ermənistanın Baş naziri Nikol Paşinyan, həqiqətən, erməni ictimaiyyətini həddindən artıq bezdirib.

Onun boş sözləri dillər əzbəri olub. Vəziyyət elə həddə çatıb ki, Ermənistan KİV-ləri Paşinyanın və nağıllarının “köməyi” sayəsində Yerevan beynəlxalq informasiya sahəsində Azərbaycanın xeyirinə geri çəkilməyə başlayıb.

Belə ki, Zham.am erməni portalında “Əliyev niyə Paşinyanı lağa qoymağı özünə rəva bilir?” başlıqlı məqalədə Bakının Yerevandan üstün mövqeyi qeyd olunur. Materialda qeyd olunan Paşinyanın “yerinə düşən və yersiz” absurd açıqlamaları beynəlxalq ictimaiyyətə Ermənistan Baş nazirinin düşüncəsizliyini nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqini əhatə edən erməni nəşri qeyd edir ki, “Azərbaycan faktiki olaraq Paşinyanın bizə məlum olan, amma xaricdə bilinməməsinə ümid etdiyimiz tarixi savadsızlığını ortaya qoya bildi”.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev BDU-nun 100 illik yubileyinə həsr olunmuş tədbirdəki nitqində deyib:

“Prezident Putinin dəvətilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi üç dövlət başçısı dəvət olunmuşdu, o cümlədən, Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim.

Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü”.

Erməni nəşri Azərbaycan dövlət başçısının bu açıqlamasına istinad edərək qeyd edir ki, “onun (İlham Əliyev - red.) fikrincə, bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın arqumentlərinə getdikcə daha çox inandığını göstərir”.

Bundan sonra BDU-dakı çıxışında Azərbaycan Prezidenti deyib:

“Ondan sonra MDB Zirvə Görüşündə, - o, “Valday”dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə altı metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir.

Dedim ki, o vaxt o, həbs olunub və həbsxanada da çürüyüb. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “СМЕРШ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı “Смерть Шпионам”, “СмерШ”, yəni, “Casuslara ölüm”dür. Yəni casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi.

İndi, görün, Ermənistanın Baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir.

Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında”.

Bundan əlavə, Zham.az davam edir:

“Njde probleminə qayıdan Əliyev yenidən bu məsələdə Azərbaycanın mövqe üstünlüyü qazandığını qeyd edərək, Paşinyanın Njdeni Molotov və Soljenitsınla müqayisə edərək tarixi həqiqətlərlə bağlı cahilliyini göstərdiyini söylədi”.

Erməni nəşri etiraf edir ki, yalnız cahil insan Molotovu Njde ilə müqayisə edə bilər.

“Soljenitsın ilə müqayisə isə, azərbaycanlılar üçün sadəcə bir hədiyyə oldu. Çünki bu, ruslar üçün ən həssas məqamlardan biridir və bu cür savadsız müqayisələri görəndə, bu gün Ermənistanı hansı şəxsin idarə etdiyini başa düşürlər.

Bu təlxəkliyin Ermənistanda nə qədər davam edəcəyini söyləmək çətindir. Bir şey aydındır: Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi, cəhalətə görə, bizim düşdüyümüz təhlükəni başa düşmür.

Eynilə 1915-ci ildə başlarına nə gələcəyini başa düşmədilər”- yazan erməni nəşri məntiq və riyaziyyat üzrə məşhur İngilis filosofu və ictimai xadimi Bertrand Russelldən sitat gətirir: “Ən böyük pislik cəhalətdir, bunun nəticəsində aclıq, müharibələr və kommunistlər yaranır...”

Öz növbəsində, N.Paşinyan ictimai qınağın “aynasına” baxmır. Nəyi və harada söylədiyinə əhəmiyyət verməmək onun xasiyyətidir, Ermənistan Baş naziri vədləri sola-sağa sovurur.

Hər şeyi şişirtməyə öyrəşən N.Paşinyan özünün “Facebook” səhifəsində yazıb ki, “Legatum” İnstitutunun məlumatına görə, Ermənistan 2019-cu ildə dünya rifah indeksində mövqeyini 27 pillə yaxşılaşdıraraq, Gürcüstan və Baltikyanı ölkələr istisna olmaqla, postsovet ölkələrini qabaqlayaraq 61-ci yeri tutub.

Bəlkə də, bu, səhvdir, lakin Ermənistan Baş nazirinin geniş ictimaiyyəti şoka salmaq vərdişini bilərək, əminliklə deyə bilərik ki, Paşinyan xüsusi olaraq iki rəqəmini “7”nin qabağına yazıb. Nəticədə, bir il əvvəl göstərilən indeksdə 68-ci yeri tutan və 27 pillə yüksəlmiş Ermənistan nədənsə cəmi 61-cı yerdə qərar tutub. Və burada ikisindən biri doğrudur. Ya “Legatum” İnstitutundan reytinq tərtib edənlər hiyləgərdir, ya da erməni Joker sərsəmliyə davam edir və erməni jurnalistlər onu təlxəklikdə ittiham edir.

Xüsusilə “Ermənistan Səsi” bu “reytinq”lə bağlı məzəli hekayəni şərh edərkən, müxalif Ermənistan Respublikaçılar Partiyası başçısının müavini Armen Aşotyana sual verib:

“Baş nazir xüsusilə həqiqətləri tapmaq asan olduqda, niyə belə həyasızcasına yalan danışır?”

Öz növbəsində “Erkramas” saytı “Paşinyan yalan danışmır, sadəcə, nə dediyinə əhəmiyyət vermir", – deyə vurğulayır. Nəşr qeyd edir ki, Paşinyan, sadəcə, uzun müddətdir özünü bulvar mətbuatının redaktoru kimi aparır.

“O qəzet üçün həqiqət və ya yalan yazılması vacib deyil. Əsas odur ki, diqqət çəkmək üçün möhtəşəm bir şey yazılsın. Ertəsi gün hər şeyin belə olmadığı və hətta tamamilə əksinə olduğu da vacib deyil. Axı ertəsi gün özləri yazdıqlarını unutdular, əsas odur ki, yenidən möhtəşəm bir şey ortaya çıxarsınlar.

Müxalifət qəzetinin redaktoru Nikol Paşinyan uzun müddət bu iş ritmində və həyat tərzində olub və bu üslubu dəyişdirmək niyyətində deyil. Niyə onu Olimpə yüksəldən şeyləri dəyişməlidir?”, - deyə erməni nəşri qeyd edir. \\Oxu


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru