Hello, admin.

Hakimiyyətdəki dəyişikliklər niyə maraqla qarşılanır?

2019-12-02 20:07:55

Hakimiyyətdəki dəyişikliklər niyə maraqla qarşılanır?

Azərbaycanda başlayan islahatların sürətli dalğası davam etməkdədir. Hurriyyet.org Yeni Sabah-a istinadla bildirir ki, bu gün rəsmi olaraq qanunverici hakimiyyətdə yenilənmə addımı atıldı.

Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müraciət Milli Məclisdə müzakirə edildi və müvafiq qərar qəbul olundu. 

Hazırda Prezident Administrasiyası, Nazirlər Kabineti, idarəetmə orqanları, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntilıri və digər amillər qanunvericilik fəaliyyətində də islahatların dərinləşməsi, parlamentin yeniləşməsini zərurətə çevirib. 

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyir ki, rəhbərlik etdiyi təşkilat bu islahatları dəstəkləyir, Azərbaycanın müasir və demokratik bir dövlət kimi güclənməsinin tərəfdarıdır:

“Biz nəzərə almalıyıq ki, Azərbaycanın müstəqilliyini istəməyən, Azərbaycanın inkişafının qarşısını kəsmək istəyən qüvvələr dünyada kifayət qədər güclüdür. Onların qarşısını almaq üçün Azərbaycan müasir, güclü və demokratik bir dövlət olmalıdır”.

Partiya sədri deyir ki, Azərbaycan xalqının ən böyük nailiyyəti müstəqil dövlətinin mövcudluğudur:

“Ölkədə çox ciddi islahatlar həyata keçirilir. Bu, bir tərəfdən yeni nəslin dövlət idarəetməsinə dəvət edilməsi kimi qəbul olunmalıdır. Bununla yanaşı, islahatlarda, ələxsus kadr islahatlarında Azərbaycanın yeni təfəkkürə, yüksək səviyyəli təhsilə, bacarığa malik kadrlarına üstünlük verilməlidir. Yalnız belə mütəxəssislər çoxşaxəli islahatları həyata keçirməyə qadir ola bilər”.

Onun fikrincə, Yeni Azərbaycan Partiyasının təşəbbüsü Azərbaycan parlamentinin ölkədə gedən islahatlara uyğunlaşması, ölkə parlamentinə inamın artırılması üçün çox önəmlidir. Parlamentdə həm nəsil dəyişikliyi olmalıdır, həm də qanunverici hakimiyyətə yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir.

“Azərbaycan xalqı öz potensialını səfərbər edərək, hazırda mövcud olan çox ciddi təhlükələrlə mübarizə aparmaq üçün hazır olmalıdır. İndiyə qədər parlament qanunvericilik fəaliyyətində kifayət qədər uğurlar qazanıb. Azərbaycanın təhsil sisteminin islahatları üçün hüquqi bazanın qəbul olunmasını xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti digər sahələrdə də bu qəbildən olan çox mühüm qanunları qəbul edib. Lakin inkişaf yeni güc, yeni təfəkkür tələb edir”.

Baş nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov da islahat təşəbbüsünün əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini qeyd edir.

O, bildirir ki, ölkə həyatının demək olar ki, bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirilir və inkişafın yeni mərhələsinə keçid üçün əlverişli şərait yaradır. “Əslində, yaşadığımız dövrü tariximizin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar mərhələsi adlandırmaq daha düzgün olardı. Artıq bir neçə ildir həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə çatıb və idarəetmə sahələrini əhatə edir. İcra hakimiyyəti sahəsində ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəlilik səviyyəsini yüksəltməyə hədəflənib. Hakimiyyətin digər qolu – məhkəmə hakimiyyəti sistemi də islahatlarla əhatə olunub və bu islahatların getdikcə genişlənməsi gözlənilir”.

Baş nazirin müavini daha sonra qeyd edib: “İslahatların tamlığı və ahəngdarlığının təmin edilməsi onun sistem şəklində həyata keçirilməsini tələb edir. Başqa sözlə desək, icra və məhkəmə hakimiyyəti ilə yanaşı qanunverici hakimiyyət sahəsində də islahatların keçirilməsi obyektiv zərurətə çevrilib. 

Cəmiyyətdə qanunverici hakimiyyət sahəsində yeniləşməyə, parlamentin qanunyaratma fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ümumiyyətlə parlamentin öz işini islahatlar strategiyasına uyğun olaraq təşkil etməsinə dair çağırışlar xeyli vaxtdır ki, səslənməkdədir.

Bu mülahizələrdən çıxış edərək, Yeni Azərbaycan Partiyası parlamentin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və yeni seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürüb”.

Ə. Əhmədov deyir ki, ayrı-ayrı ölkələrdə parlamentin buraxılması və növbədənkənar (yaxud vaxtından əvvəl) seçkilərin keçirilməsi tez-tez rast gəlinən adi hadisədir. Ən yeni nümunə kimi Böyük Britaniya göstərilə bilər. Orada vaxtından əvvəl parlament seçkiləri keçirilməkdədir. Yaxud İspaniya və İtaliyada son bir neçə il ərzində bir neçə dəfə növbədənkənar parlament seçkiləri keçirilib.

Ə.Əhmədov fikirlərini davam etdirərək qeyd edir: “Gətirilən misallar fonunda Azərbaycanın radikal müxalifətinin siyasi həyatın bu adi hadisəsinə ənənəvi olaraq şər və böhtan prizmasından yanaşması, yumşaq desək, başadüşülən deyil. Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsindən söhbət açırlar. Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. Milli Şuranın parlamentə növbədənkənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sürdükləri “şərtlər zərfi” bunu aydın sübuta yetirir. Açığı, hər hansı partiyanın seçkilərdə iştirakla bağlı şərtlər irəli sürməsi əcaib görünür. Siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan kənar hər hansı amil siyasi partiyanın mövcudluğuna haqq qazandıra bilməz. Digər tərəfdən, Azərbaycanda bütün seçkilər, o cümlədən parlament seçkiləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilir. Seçki Məcəlləsi isə hər hansı əlahiddə partiya üçün qəbul edilməyib və bu səbəbdən ayrıca götürülmüş partiyanın seçkidə iştirak etməklə bağlı şərtlər irəli sürməsi demokratiya və bərabər imkanlar anlayışına qətiyyən uyğun gəlmir”.

Qeyd edək ki, islahat prosesinin Milli Məclisi də əhatə etməsinin ciddi səbəbləri var ki, onlardan biri də köklü islahatların aparıldığı vaxt qanunverici orqanın kənarda qalmasının bu prosesin tamlığına mane olacağı qeyd edilirdi. Bu baxımda seçkilərin vaxtından əvvəl keçirilməsi zərurətə çevirilmişdi.

 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru