“Rusiya Ermənistanı qorumağa hazırdır” – Zatulin Azərbaycanı hədələdi

“Rusiya Ermənistanı qorumağa hazırdır” – Zatulin Azərbaycanı hədələdi

“Ermənistan KTMT-yə ərazilərinin atəşə tutulması barədə müraciət etməyib”.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri komitəsinin üzvü Konstantin Zatulin İrəvanda jurnalistlərə açıqlamasında deyib.

Rusiyadakı erməni diasporuna yaxınlığı ilə seçilən Zatulin İrəvanda keçirilən iclasda Qarabağ münaqişəsi zonasında gərginliyin artması məsələsinin müzakirə olunduğunu söyləyib:

“Əgər Yerevan KTMT-yə üzv ölkələrin iclasları çərçivəsində öz ərazilərinin Azərbaycan tərəfindən atəşə tutulması problemini müzakirə etməyi vacib sayırsa, deməli, buna haqqı var. Ancaq rəsmi İrəvanın bu mövzunu müzakirələrin gündəliyinə saldığını eşitmədim”.

Onun sözlərinə görə, KTMT-yə üzv olan bütün ölkələrin bir-birlərinə qarşı müəyyən məsuliyyəti var:

“Üstəlik, Rusiya Ermənistanı öz müttəfiqi kimi görür və real təhlükə yaranarsa, Moskva onu qorumaq üçün KTMT mexanizmlərini işə salmağa hazırdır. Sizə xatırlatmaq istəyirəm ki, Rusiyanın Ermənistandakı 102-ci bazası gözəllik üçün bura yerləşdirilməyib”.

Bu gün İrəvanda KTMT Parlamentlərarası Assambleyasının iclası keçirilib. \\Teleqraf