Salam, xoş gəlmisiniz.

"ƏDALƏTSİZ MƏHKƏMƏ HÖKMÜ... VƏ YA HAKİMİN İÇDİYİ ANDA TÜPÜRMƏSİ"

2019-11-14 00:41:19

"ƏDALƏTSİZ MƏHKƏMƏ HÖKMÜ... VƏ YA HAKİMİN İÇDİYİ ANDA TÜPÜRMƏSİ"

Mən hüquqçu deyiləm. Soruşa bilərlər ki, hüquqçu deyilsənsə, başını niyə arğıdırsan? Məni bu qeydlər üzərində çalışmaya səsləyən yeganə səbəb dövlət adından çıxarılan hökm və qərarların ədalət prinsipləri ilə nə dərəcədə ayaqlaşmasını çox qısa saf - çürük etmək istəyindən irəli gəldi. Fikrimi sonda bir məhkəmə prosesində şahidi olduğum qəribəliklərlə bitirəcəyəm. Hakim açıqca ədalətin üzünə tüpürdü.
Məhkəmə sistemi hakimiyyətin bir qolu olaraq ədalətə söykənir. Hüquq elmi də bu cür deyir. Konkret ifadə etsək, məhkəmə ədalətlə birgə dövlətin özü və siması deməkdir. Nəhayət, məhkəmə dövlət quruluşunun hansı qayda və qanunlar üzərində dayandığını göstərən güzgüdür. Bir dövlətin mahiyyəti haqda bilgi toplamaq istəyirsənsə, onun məhkəmə sisteminə baxmaq kifayətdir. Bununla həmin dövlətin dünyəvilik prinsiplərinə nə dərəcədə sadiq olduğunu öyrənmək mümkündür.
Məhkəmə sistemimizin tarixi Azərbaycan Demokratik Respublikasının yaradıldığı günə -1918-ci il may ayının 28-i müstəqil dövlətimizin təşəkkül tapdığı ana təsadüf edir. Parlamentin qərarı ilə Xəlil bəy Xasməmmədov ilk ədliyyə nazirimiz olub. Ədliyyə nazirliyi ilk təsisatlar sırasında yaradılan ali struktur idi. Bu tarixi təsisat on birinci ordunun Azərbaycanı işğalı nəticəsində 23 ay fəalliyyət göstərə bilmişdi.
Maraq məni dünyanın qabaqcıl dövlətlərinin məhkəmə tarixini ötəri də olsa nəzərdən keçirməyə sövq etdi. Çıxardığım ümumi nəticəyə görə müstəqilliyini elan etmiş bütün ölkələrdə hökumət formalaşarkən ədliyyə sisteminin - məhkəmə strukturlarının yaradılması digər təsisatlarla müqayisədə ön planda dayanmışdır. Niyə məhz məhkəmə?!
Sualın sadə cavabı belədir. Yenə ədalətin qorunması, vətəndaşların hüquq bərabərliyinin təminatı, qanunların icrası üzərində məhkəmə nəzarətinin tətbiqi və s. kimi mühüm məsələlər məhz müstəqil məhkəmə sisteminin içərisindən keçir. Hakimiyyətin qollarından biri olaraq məhkəmə orqanının işinə müdaxilə etmək birmənalı qanunla qadağandır. Çıxarılan hökmlər və qərarlar dövlət adından olduğuna görə ədalət mühakiməsini müdaxilələrin qurbanına çevirmək, sifarişin və göstərişin əsirinə döndərmək olmaz. Qanuna zidd qərarların qəbulu hakimin və son hesabla məhkəmənin vicdanına düşən silinməz qara ləkədir. Hətta ən ağır cinayətdir desəm, yəqin günaha batmış olmaram.
Qanunun aliliyi, ədalətin əvəzedilməz dəyər və müqəddəs anlayış olduğunu dərk etmək hakim üçün xoşbəxt və yüksək mənəvi həyatın, təmiz ruhun, haqqı nahaqqın ayağına verməyən parlaq bir ürəyin sağlamlığı deməkdir. Məsələnin bir başqa tərəfi də var ki, bununla o həm də dünyaya gətirdiyi övladlarının gələcək taleyini və cəmiyyət qarşısında valideynlik məsuliyyətini müəyyən edir. Günün birində hamı kimi o da qoyub gedəcək, ədalətli hakimi insanlar xoşluqla yad edəcək. Ədalətsiz hakimlərdən isə ikrah və nifrət hisləri əskik olmayacaqdır. Qapısının ağzına atılan daş parçalarını övladları təmizləyə bilməyəcəklər. Axı daşın da danışan dili, eşidən qulağı var. Qışqırıb bir ağızdan deyəcəklər: heç hara getmirik, "köksümüzə" sizin atanızın günahları yazılıb. Ona görə də burdayıq!!!
Ancaq... Sıxıntı verən məhkəmə qanunsuzluqları barədə uzun-uzadı faktlarla danışmağa özümün də həvəsim yoxdur. Digər yandan, pusquda durub haqqımda dosye toplayanların şərindən, uydurma qurğularından ehtiyat edirəm.
Özüm heç. Rüfəti düşünürəm. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ədalətsiz hakimi Asim Hacıyevin oğlumu 9 il azadlıqdan məhrum edərkən sifarişli hökmü vicdan əzabı çəkmədən bülbül kimi ötməsi yadımdan çıxmaz. Nə müttəhimə son söz verdi, nə də vəkilə. Nə qədər ki, ölkəninin məhkəmə sistemi Asim Hacıyev kimi qərəzli, ədalətsiz hakimlərdən təmizlənməyib məhkəmə hakimiyyətinin ədalətinə inanmaq çətin olacaq. Qanunun gücü və işləkliyi ədalət mühakiməsinin gücü ilə müəyyən olunur.

 

Eldar Sabiroğlu, 

Ehtiyatda olan polkovnik

 

Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru