"Xalq və vətən naminə bahalı yolu seçin..." - Eldar SABİROĞLU

"Xalq və vətən naminə bahalı yolu seçin..." - Eldar SABİROĞLU

Ölkədə sabitliyin qorunması, qarşıdurmaya yol verilməməsi üçün bir vətəndaş olaraq fikirlərimi dəfələrlə media vasitəsilə bölüşmüşəm. Hər zaman da xoşagəlməyən tənqidlərin, guya haralarınsa tapşırığı ilə ucuz yola düşdüyümü üzümə cırpanların tənəli, ikrahdoğrucu sözlərinin hədəfində olmuşam. İndi də özümün dərk etdiyim tərzdə hadisə və problemlərə göstərdiyim münasibət atəşlə qarşılaşır. Hətta, artıq qarğış tökməyi özlərinə rəva görənlərlə də rastlaşıram. Əvvəllər də, elə bu günün özündə də acı və zəhərli dillərə görə dilimin şirinliyinə o zəhərləri qalmaqdan uzaq durmuşam və qarşılıq vermədən kimsənin şəxsiyyətinə toxunmamamışam. Elə zənn etməyin ki, nəsə bir qorxu, suç qarşımı kəsib və bu səbəbdən də dilim gödəkdir. Heç əlaqəsi yoxdur və hardasa bir qorxuya görə danışmağa ehtiyat edirəm. Şükürlər olsun ki, bu zamanadək əllərim heç bir çirkaba bulaşmayıb.
Həm də onu deyim ki, öğlum Rüfəti tamamilə haqsız cəzalandıran bu hökumətin pisliklərini görsəm belə qisasçı ovqatda özümü kökləmir və nəyinsə acığına ölkədə idarəolunmayan vəziyyətin baş verməsini səbirsizliklə gözləmirəm. İctimai-siyasi proseslərin təhlükəli həddə dayandığını bir anlığa təsəvvürə gətirdikdə bütövlükdə vətənin düşündüyümüzdən də ağır faciələrlə üzləşəcəyini öz marağıma qurban vermək niyyətim olmayıb, bundan sonra da bu istisnadır.
Yaxşı, bəzilərinin dediyi kimi mən ucuz yoldayam. Sizlər xalq və vətən naminə bahalı yolu seçin...Unutmayaq ki, xırda bir təxribat böyüyüb elə fəlakət yarada bilər ki, Suriya yalan olar, Azərbaycan adlı məmləkəti yalnız xəyallarımızda yaşada bilərik. Ona görə də bir-birimizi təqib etməkdən, bir-birimizi sancmaqdan əlimizi götürüb hər hansı təxribata imkan verməməliyik. İddiaları kənara qoyub iqtidarlı-müxalifətli hər kəs bir addım ayaqlarını geri qoymalıdır. Bunu bizdən xalqın taleyi tələb edir.

Eldar Sabiroğlu,

Milli Məclisin keçmiş deputatı 

Hurriyyet.org