Avropa Birliyinin sanksiya hədəsi Türkiyəyə nə vəd edir?

Avropa Birliyinin sanksiya hədəsi Türkiyəyə nə vəd edir?

Razi Abbasbəyli: “Təsirli sanksiyaların tətbiq edilməsi gözlənilmir”

“Avropa Birliyinin hər hansı bir iqtisadi savaş açması gözlənilən deyil”

Fransanın Avropa İttifaqı ilə münasibətlərindən məsul naziri Ameli de Montaçlin bildirib ki, “Sülh Çeşməsi” hərəkatına görə Türkiyəyə qarşı sanksiyalar masadadır.

“İnter” radiosuna açıqlama verən nazir “Suriyaya görə Türkiyəyə sankisya tətbiq edilməsi mövzusu gələn həftə Avropa Şurasında müzakirə ediləcək. Açıq şəkildə desək, bu məsələ masada olacaq” - sözlərini deyib.

Qeyd edək ki, Fransa Türkiyənin terrorçulara qarşı hərbi əməliyyat keçirməsindən narahatdır. Buna görə də Avropa İttifaqını hərəkətə keçirmək istəyir.

Onu da nəzərə çatdıraq ki, Suriyadakı əməliyyata görə, ABŞ senatorları da Türkiyə qarşı sanksiyalar hazırlayır. Bildirilir ki, bu istiqamətdə qanun layihəsi üzrərində həm demokrat, həm də respublikaçı senatorlar işləyirlər və tezliklə sənədin ictimaiyyətə təqdim eliləcəyi gözlənilir.

“Hesab etmirəm ki, Avropa Birliyi Türkiyə iqtisadiyyatına fundamental olaraq təzyiq göstərə bilsin”

Fransanın Avropa İttifaqı ilə münasibətlərindən məsul naziri Ameli de Montaçlinin Türkiyəni yeni sanksiyalarla hədələməsi ilə bağlı iqtisadçı Razi Abbasbəyli “Hürriyyət”ə dedi ki, Avrozonada baş verən proseslər, xüsusən oktyabr ayının birinci ongünlüyündə Breksit müzakirələri ərəfəsində Avropa Birliyinin Türkiyə kimi böyük bir iqtisadi tərəfdaşına qarşı hər hansı sanksiya tətbiq etməsi siyasi-diplomatik hədədən başqa bir şey deyil: “Çünki faktiki olaraq oktyabr ayının birinci və ikinci ongünlüyündə həm Breksit müzakirələri, həm də oktyabrın 18-də Amerika-Çin ticarət müharibəsi ilə bağlı olaraq rəsmi Vaşqinqtonun danışıqlar aparması gözlənilir. Çin dövlət rəsmilərinin Amerikaya səfəri gözlənilir. Bu gün dünyada iqtisadi proseslər daha çox siyasi münasibətlər üzərində qurulub. Hesab etmirəm ki, Avropa Birliyi bu məsələ ilə bağlı Türkiyə iqtisadiyyatına fundamental olaraq və birbaşa təzyiq göstərə bilsin. Çünki faktiki Avrozona banklarının monetar, yumşaq siyasəti həyata keçirməsi ilə bağlı qərarları, həm də Amerika Birləşmiş Ştatlarının Avropa Birliyi ilə münasibətlərində yaranan gərginlik nəticə etibarilə həm Avrozaonada, həm də Amerika-Avropa Birliyi münasibətlərində kifayət qədər iqtisadi gərginlik yaradıb. Son aylarda bundan hər iki tərəf ciddi ziyan çəkib. Belə bir  şəraitdə Türkiyə ilə Avropa Birliyi ölkələrinin ticarət savaşının yaranması inandırıcı görünmür. Sadəcə, ortada kiçik diplomatik hədə-qorxu var və bu hədə-qorxular da hərbi əməliyyatlar başa çatdıqdan sonra təbii ki, ortadan qalxacaq”.

“Bu, siyasi-dplomatik hədədən başqa bir şey deyil”

R. Abbasbəylinin sözlərinə görə, bir neçə gün əvvəl Donald Tramp öz tvitində xüsusi vurğulamışdı ki, Türkiyənin Amerika Birləşmiş Ştatlalarının ən böyük ticarət tərəfdaşlarından biri olduğunu heç kim unutmasın: “Yəni faktiki siyasi-diplomatik müharibələr, eyni zamanda ondan dolayı yaranmış iqtisadi basqılar və sanksiyalar Rusiyaya, İrana yönəlikdir, Türkiyəyə yönəlik deyil. NATO ölkələri eyni zamanda Avropa Birliyi dövlətləridir. NATO ölkələrinin sərhədlərinin qorunması ilə bağlı Avropa Birliyi dövlətlərinin üzərinə götürdüyü öhdəliklər var. Türkiyənin sərhədləri Türkiyə NATO üzvü olduğuna görə həm də NATO-nun sərhədləridir. Bu, bir neçə gündür ki, bütün dünya mediasında müzakirə olunur. Türkiyənin sərhədlərində təhlükəsizlik NATO-nun sərhədlərində təhlükəsizlik deməkdir. NATO üzvü olan ölkələr həm Avropa ölkələridir, həm də ABŞ-dır. Bu baxımdan da Türkiyənin əlində həm BMT-də, həm də NATO üzvü olan ölkələrdə Avropa Birliyinə qarşı yönələ biləcək istənilən diplomatik imkanları var. Ona görə, hesab etmirəm ki, hər hansı bir sanksiya olacaq, olacaqsa belə ən azı təsirli sanksiyaların tətbiq edilməsi gözlənilmir. Çünki Amerika Birləşmiş Ştatlarıyla da, Avropayla da Türkiyə arasında hər hansı bir ticarət savaşı getmir. Mövcud şəraitdə münasibətlər İran, Rusiya, Amerika, Çin və Avropa Birliyinə daxil olan ölkələr arasında gedir. Bu vəziyyətdə yeni bir Yaxın Şərq ticarət tərəfdaşı ilə bağlı Avropa Birliyinin hər hansı bir iqtisadi savaş açması gözlənilən deyil. Altını cızaraq deyirəm ki, bu, sadəcə Türkiyəni  bir neçə gündür Suriyada başlatdığı hərbi əməliyyatlardan müəyyən mənada diqqətləri yayındırmaq və siyasi-dplomatik hədədən başqa bir şey deyil”.

“Avropa Birliyi ölkələrinin elə bir təzyiq imkanları yoxdur”

R.Abbasbəyli qeyd etdi ki, birjalarda zaman-zaman kiçik də olsa təlatümlər baş verir: “Dünya birjalarına təsir edən bu şəkilli bəyanatlar Senat  tərəfindən səsləndirilir. F-35 proqramlarının yenilənməsi ilə bağlı Türkiyənin NATO üzvü ölkəsi olmasına baxmayaraq, müəyyən tərəddüdlər yarananda da Türkiyənin iri səhmlərinin dünya bazarında müəyyən qədər dəyərdən düşməsinə şahidlik etdik. Eyni zamanda S-400 zenit raket komplekslərinin Rusiyadan alınması mərhələsində Amerika-Türkiyə münasibətlərindəki gərginlik dövründə də Türkiyənin iri investorlarının, səhmdarlarının dünya birjalarında bir kafiçentin altında olsa da, zəifləməsinin şahidi olduq. Bir daha qeyd edirəm ki,  Avropa Birliyi ölkələrinin elə bir təzyiq imkanları yoxdur, Türkiyəyə hər hansı bir şəkildə iqtisadi embarqo tətbiq etməsi imkan xaricindədir”.

“Avropa Birliyinin iqtisadi sanskiyalar tətbiq etməsi Türkiyənin “M-9” koridoruna nəzarəti ilə bağlı pay qazanmasına hesablanıb”

“Sadəcə olaraq ortada bir məqam var. Amerika Birləşmiş Ştatları da, Rusiya da, İran da, digər ölkələrlər də, hansı ki, bu prosesdə Türkiyəyə qarşıdırlar bir iqtisadi məqamdan narahatdırlar.  Türkiyənin başlatdığı hərbi əməliyyatlar təkcə Fərat çayının şərq sahillərində və yaxud o  istiqamətdə təhlükəsizlik zonasının yaradılması və terrora qarşı mübarizə deyil, eyni zamanda terrora dəstək verən çox əhəmiyyətli, iqtisadi bir magistral xəttin-“M-9” deyilən dünya ticarət koridorunun nəzarətə alınmasıdır. Bilirsiniz ki, Amerika oradakı terrorçulara dəfələrlə bu günə qədər o marşurut üzərindən təkcə humanitar, sosial yardım yaxud neft daşınmaları deyil, həm hərbi yardımlar edib. Bununla bağlı Türkiyə  həm BMT-də, həm də dövlətlərarası münasibətlərdə ortaya faktlar qoyub. Bu gün həm Avropanın, həm Rusiyanın, həm Amerikanın, həm də İranın narahatçılığı ondan ibarətdir ki, Türkiyə həmin ərazilərdəki terrorçuları təmzilədikdən sonra, o ərazilərdə şəffalığın təmin edilməsinə nail olacaq və çox mühüm bir iqtisadi korridorun nəzarətə alınmasında Türkiyə iştirakçıya çevriləcək. Ona görə, bu gün Türkiyəyə qarşı çıxan bütün dövlətərin əsas diqqəti bu yöndədir, həmin o “M-9” magistral xəttinin kimin nəzarətində olması məsələsi müzakirə olunur, narahatçılıq doğrur. Türkiyə də təbii ki, həm NATO üzvü olan dövlət, həm də dünyada kifayət qədər nüfuzu olan bir ölkə olaraq öz nüfuzunu ortaya qoyur. Bu əməliyyatlardan sonra Türkiyə həm dövlətin sərhədlərini qoruyur, eyni zamanda iqtisadi imkanlarını genişləndirəcək. Sonuncu planda olsa belə, ortada həm də çox mühüm bir iqtisadi amilə diqqət etmək lazımdır. Amerika da bundan narahatdır. Türkiyə deyir ki, bu iqtisadi korridora nəzarət edən Amerika, Rusiya, İranla yanaşı, mənim də nəzarətim olmalıdır ki, dövlətimi təhdid edən terrorçulara qarşı buradan  yardımlar göndərilməsin. Bu baxımdan, Avropa Birliyinin də iqtisadi sanskiyalar tətbiq etməsi Türkiyənin “M-9” koridoruna nəzarəti ilə bağlı pay qazanmasına hesablanıb”,-deyə iqtisadçı əlavə etdi.

 Şamo EMİN, Hurriyyet.org