Salam, xoş gəlmisiniz.

AZƏRBAYCANDAKI KADR İSLAHATLARI NƏ VƏD EDİR?

2019-10-26 11:58:37

AZƏRBAYCANDAKI KADR İSLAHATLARI NƏ VƏD EDİR?

Mirmahmud Mirəlioğlu: “Özlərini, bizləri, aldatdılar, Allahı da aldada biləcəklər?”

Elşad Musayev: “Bunu hələlik ciddi islahat hesab etmək olmaz”

Bildiyimiz kimi, son günlər prezident İlham Əliyev bir çox yüksək vəzifəli məmurları işdən azad etdi və 3 qurumu ləğv edib (Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi) İqtisadiyyat Nazirliyinə birləşdirdi. Hələ islahatların davam edəcəyi də deyilir. Ancaq cəmiyyətdə bu islahatların müsbət effekt verib-verməyəcəyi suallar doğurur. Bəziləri islahatların effekt verəcəyini, bəziləri isə bunun əksini düşünür.

““Əvəzedilməz” kadrlarla islahat aparmaq doğru deyil”

Картинки по запросу Mirmahmud Mirəlioğlu

İslahatların effekt verməyəcəyini düşünən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu “Hürriyyət”ə dedi ki, hökumət bunu “islahat” adlandırsa da, bu, islahat-filan deyil: “Ona görə ki, adamlar dəyişsə də, strukturlar ixtisar olsa da, bu yeni strukturların başında duran adam həmin sahələrə heç bir aidiyyatı olmayan adamdır. Təhsil Nazirliyindən Vergilər Nazirliyinə, nə bilim, qoruqdan belə gəlib “əvəzedilməz” kadrlarla islahat aparmaq doğru deyil. Amma bu, komandanın özünün işidir. Yəqin ki, onlar da islahatı bu cür başa düşürlər. Mənə elə gəlir ki, ən böyük islahatı İlham Əliyev çıxışlarında davam elətdirir, Soçidə bir cür, Aşqabadda bir cür danışır. Bu gün də dünyanın bir çox dövlətlərinin təmsil olunduğu Bakıda keçirilən tədbirdə yenə də Soçidə başladığını Aşqabadda davam elətdirdiyini Bakıda inkişaf elətdirir və Elçibəy hakimiyyətinə qarşı üsyan, küfr eləyir, ancaq doğru etmir. Bugünkü toplantıda iştirak edən dövlətlərin nə vecinə ki, 1992-93-cü illərdə nə baş verib. Elə bil ki, İlham Əliyev hələ də Elçibəy hakimiyyəti ilə döyüşür və uduzur, bunu da bütün dünyanın qabağında edir. Bugünkü gündən danışmır, hələ də 92-ci illərdən danışır”.

“Hakimiyyətdaxili iki böyük qüvvənin mübarizəsi gedir”

“Dəyişiklikləri islahat hesab etmirsinizsə, bəs, bu yerdəyişmələrin arxasında nə dayanır” sualına M.Mirəlioğlu belə cavab verdi: “Onu nə sizin suallarınız, nə də bizim cavablarımız müəyyənləşdirir. Onlar tamamilə məntiqdən kənar, heç bir elmi əsası olmayan təhlillər verirlər ki, o təhlillər ağıla sığmır. Necə gördüyü işləri, kadr dəyişikliklərini islahat hesab edirsə, eləcə də belə deyirlər ki, bu, inkişafdır və dünya da bizə heç nə deyə bilməz. Bütün komandanın üzvləri deyirlər ki, dünya bizə güc göstərə bilməz. Yəni guya, sən güclüsən. Gücün varsa, get, torpağı işğaldan azad elə. Ona görə, bu məsələlərdə sizin sualınız və bizim cavablarımız arxasında nə durduğunu izah eləyə bilməz. Bunlar ancaq özləri izah edə bilərlər ki, arxasında nə dayanır. Başa düşdüyüm qədər saraydaxili çəkişmələr var. Bu çəkişmələrdə bir komandanın üzvləri ilə digər komandanın üzvləri arasındakı toqquşma dayanır. Yeni gənc kadrlar adı altında gedən bu davanın arxasında duranlar var. Məncə, burada hakimiyyətdaxili iki böyük qüvvənin - Əliyevlərin və Paşayevlərin mübarizəsi gedir, başqa bir şey yox”.

“Hakimiyyətdə yürüdülən siyasətin perspektivdə Azərbaycan xalqına, dövlətçiliyinə heç bir xeyri yoxdur”

“Kim nə istəyir desin. Burada əsas özlərinin hesabladığıdır. “Sən saydığını say, gör indi fələk nə sayır” məşhur ifadəsi var. Bunu bura aid edək. Bizim nə deməyimizdən asılı olmayaraq, özləri hesablayıblar və hesab edirlər ki, bu işlər belədir.

Təbii ki, Ramiz Mehdiyevin Azərbaycan hakimiyyətinə gətirdiyi özünəməxsus ağırlıq, mane olmaq var idi. İlham Əliyev onu təntənəli şəkildə yola saldı,  medal verib. Mən şəklini gördüm, əmi-bala qucaqlaşblar. Deyəsən, Ramiz Mehdiyev gedəndə deyir ki, qardaşoğlu özündən muğayat ol. O da deyir ki, sən də özündən muğayat ol. Məncə, bu şəkilləri danışdırsanız, buradan çıxış eləsiniz, daha inandırıcı görünür, nəinki bizim pespektivə hesabladığımız və.s.

Azərbaycanda hakimiyyətdə yürüdülən siyasətin perspektivdə Azərbaycan xalqına, dövlətçiliyinə heç bir xeyri yoxdur. Bu hakimiyyət qaldıqca, nəyi necə etməsindən, hans dəyişiklik etməsindən asılı olmayaraq, hətta İlham Əliyev özü istefa versə belə, Azərbaycanda çox təəccüblü bir şey olmaz. Ancaq özləri yerbəyer olsa, irəliyə doğru bu komanda ilə heç nə eləmək olmaz. Bunlar hesab edirlər ki, bununla Azərbaycanı gözləyəcək böyük inqilabi, əsl islahatın və dəyişikliyin qarşısını alacaqlar. Adamın yadına Mirzə Fətəli Axundovun “Aldanmış Kəvakib” əsəri düşür. Fərz edək ki, bunlar özlərini, bizləri, ulduzları da aldatdılar, Allahı da aldada biləcəklər?”, -vdeyə partiya sədri sual etdi.

“Mən hesab etmirəm ki, Mikayıl Cabbarov iqtisadi sahədə fundamental inqilab edəcək”

Картинки по запросу Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə dedi ki, məsələyə baxış fərqlidir: “Hakimiyyət tərəf hesab edir ki, bu, ciddi islahatdır. Biz müxalifət olaraq hesab edirik ki, bu, müəyyən qədər acılımdır, yerdəyişmədir, amma bunu hələlik ciddi islahat hesab etmək olmaz. Ciddi islahat hesab etmək üçün məsələyə fundamental yanaşmaq lazımdır. Ölkədə Konstitusion islahatlara ehtiyac var. Bundan başlamaq lazımdır. İstər hakimiyyət bölgüsü, istər idarəetmədə, istərsə də seçki qanunvericiliyi sahəsində və digər sahələrdə köklü islahatlara ehtiyac var. Hər halda, bu dəyişikliklər müsbət addımlardır. Amma müəyyən məsələlər var ki, ciddi suallar doğurur. Bir neçə nazirlik İqtisadiyyat Nazirliyinə birləşdi. Bu, Mikayıl Cabbarova həvalə olundu. Şəxsən mən hesab etmirəm ki, Mikayıl Cabbarov iqtisadi sahədə fundamental inqilab edəcək. Kim hesab edirsə, özü bilər. Ona görə, yanaşmalar bir qədər fərqlidir”.

“Ölkədə normal, demokratik islahatlar olmalıdır”

E. Musayevin sözlərinə görə, burada təhlil olunası pərdəarxası məqamlar həddindən artıq çoxdur: “Azərbaycan indiyə qədər köhnə inzibati amirlik metoduna əsaslanan bir “dövlət maşını” tərəfindən idarə olunub. Bu “maşın”ın da ən yaxşı “sürücüsü” Ramiz Mehdiyev olub və bütün proses köhnə qaydada aparılıb, heç bir islahat aparılmayıb, seçkilər formal xarakter daşıyıb, ölkə qanunlarla deyil, göstərişlərlə idarə olunub, fərqli düşünənlər cəzalanıb, siyasi təşkilatlar qeyri-leqal dərnək səviyyəsinə endirilib. Bu, müəyyən dövr getdi və hakimiyyətdə külli miqdarda vəsait topladılar, milyonlarla, 10 milyonlarla, milyardlarla vəsait hara getdi, bəlli olmadı və ölkədə böyük bir məmur-oliqarx ordusu yarandı. Amma tarixin təkərini saxlamaq olar, geri fırlamaq olmaz. İnkarı inkarçılıq qanunu var. Hadisələrin gedişi göstərdi ki, bu ölkədə yaşayan sadə insanlar bu toplumu inkar edir. İllərlə dünyanın dəyişdiyi bir şəraitdə hakimiyyəti köhnə qaydada sürdürmək olmaz. Ona görə, müəyyən qədər gərginlik yaranmışdı. Artıq aşağılar köhnə qayda ilə yaşamaq istəmirdi, yuxarılar da köhnə qayda ilə idarə edə bilmirdi. Eyni zamanda yuxarılarda hakimiyyətdaxili münasibətlər də kəskinləşmişdi. Çünki külli miqdarda vəsaitə sahib olan və ayrı-ayrı dövlətlərə yaxınlığı ilə seçilən qruplar var idi ki, bunlar arasında ciddi rəqabətin, gərginliyin olduğu hiss olunurdu. Görünür, ümumi məsləhətləşmələr olub, prezident də hadisələri təhlil edəndən sonra belə qərara gəlib ki, yeniliyə, gəncləşməyə ehtiyac var. Amma dediyim kimi, bu yeni gənclər əgər “köhnə dövlət maşınını” təmir edib, ölkəni idarə eləmək istəyəcəkələrsə, heç nəyə nail olmayacaqlar. Yox, yeni “dövlət maşını”, aparatı qurmaq, həqiqi islahatlar aparmaq, demokratikləşmə sahəsində, əhalinin rifah halını yüksəltmək istiqamətində addımlar atmaq, eyni zamanda korrupsiyaya qarşı ciddi addımlar əsas götürüləcəksə, onda ciddi  fundamental dəyişiklik olacaq, yoxsa müəyyən qədər yumşalma, dəyişilik olacaq. Hesab edirik ki, ölkədə normal, demokratik islahatlar olmalıdır. Normal, demokratik islahatlara təbii ki, ölkənin siyasi qüvvələri də, mediası da, ayrı-ayrı sosial kəsimlər də dəstək verəcək. Yəni imitasiya xarakterli olmasın, həqiqətən ciddi bir dəyişiklik olsun”.

“Müəyyən çətinlik olarsa, Ramiz Mehdiyevin məsləhətindən istifadə olunacaq”

E. Musayevin fikrincə, ölkə elə vəziyyətə gəlmişdi ki, ən yaxşı köhnə inzibati amirlik metodu ilə “dövlət maşını”nı idarə edən Ramiz Mehdiyev belə artıq bu “maşını” idarə edə bilmirdi: “Yəni bundan sonra Ramiz Mehdiyevin yerinə gələn kimsə bu “maşını” köhnə qaydada idarə etmək istəsə, bu “dövlət maşını” işləməyəcək. Ramiz Mehdiyevin yaşı 80-ni keçmişdi və ölkədə yeniliklə bağlı Qərbin də müəyyən təsirləri, təzyiqləri var. Çünki Gürcüstanda, Ermənistanda yeniləşmə getdi, Azərbaycanda yeniləşmə getmirdi. Buna görə də beynəlxalq təşkilatlar, Qərb müəyyən şərtlər irəli sürüb. Eyni zamanda buna hakimiyyət daxili münasibətlər kontekstində yanaşmaq lazımdır. Onu da nəzərə alaq ki, Ramiz Mehdiyev heç yerə getməyib. Ramiz Mehdiyev çox hörmət-izzətlə Prezident Adminstrasiyasındakı vəzifəsini təhvil verib, amma Təhlükəsizlik Şurasının üzvü kimi orada saxlanılıb, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kürsüsünə gətirilib və çox hörmətli bir vəzifədir. Hər halda, hiss olunur ki, müəyyən çətinlik olarsa, Ramiz Mehdiyevin məsləhətindən istifadə olunacaq. Prezidentin özü də Ramiz Mehdiyevi yola salanda müəyyən qədər o nüanslara toxundu. Ona görə, demək olmaz ki, Ramiz Mehdiyev getdi və hər şey dəyişdi.  Bəlkə onun yerinə gələn ondan daha aqressiv olacaq. Onu zaman göstərəcək”.

 Şamo EMİN, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru