Salam, xoş gəlmisiniz.

“Əsl islahat prezident sorğu-suala başlayanda olacaq” - RÜSTƏM BEHRUDİ

2019-12-07 11:29:11

“Əsl islahat prezident sorğu-suala başlayanda olacaq” - RÜSTƏM BEHRUDİ

“Parlament xalq tərəfindən formalaşdırılsa, prezidentin başladığı iş doğrudan da islahat olacaq”

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/p-span-style-color-0000ff-strong-ldquo-iqtidar-islahatdan-daha-ccedil-ox-g-ouml-r-uuml-nt-uuml-yaradir-rdquo-r-uuml-stem-behrudi-strong-span-p)

- Yanlışlıqlar deyəndə konkret nələri nəzərdə tutursunuz?

-Bayaq dedim axı, Bakıda yol gedirsən, görürsən ki, bütün küçələri, evləri, dənizi, hər yeri bölüblər, hələ Azərbaycanın rayonlarını kənara qoyuram. Bizim heç bir ortaq  dəyərimiz yoxdur. Ona görə, biz vəhşiləşmişik. Bizim ikimizin, hamının bir yerdə olan bir şeyləri yoxdur. Bakıda dəyəri milyonlarla, hətta milyardlarla ölçülən daşınmaz əmlak var ki, hara gedirsən, deyirlər, bu filankəs nazirindir, bu, filankəs deputatındır. Prezident bir dəfə bir icra başçısını çağırıb soruşubmu ki, “sən icra başçısısan, bu boyda binalar tikibsən, bu pulu haradan alıbsan?” Və yaxud dənizin qırağında ayrı-ayrı nazirlərin, məmurların obyektləri var. Bir dəfə çağırıb onlardan soruşmalıdır ki, “siz bu pulları haradan almışınız? Siz bu boyda var-dövləti haradan qazanmısınız ki, belə tikililər tikmisiniz?” Prezident onu həmin adamlardan soruşmalıdır. İslahat deyilən şey o vaxt başlayacaq ki, prezident onları bir-bir çağıracaq və soruşacaq. Dənizin qırağında otellər sistemi var. Məsələn, bir neçəsinin sahibini mən tanıyıram. Nə cür tanıyıram, deyiblər filankəsindir, hamı deyəndən sonra başa düşmüşəm ki, o adam bir nazirdir, bir komitə sədridir, yaxud bir millət vəkilidir. Prezident bunu çağırıb soruşmalıdır ki, “oğlum, sən bu var-dövləti haradan qazanmısan? Xalqı nə cür soymusan?” Mən sizə deyirəm, bu, görüntüdür, əsl islahat prezident o sorğu-suala başlayanda olacaq.

-Hesab edirsiniz ki, korrupsiya yolu ilə qazanılan o pullar xalqa qaytarılmalıdır?

-Mən elə düşünürəm ki, istənilən anda hər şey olur. Mən sizə bir şey deyim, ən böyük neft sahibkarlarının imarətləri vardı, hələ o adamlar korrupsioner deyildilər. Mən “Azərbaycan” qəzetində müdir işləyəndə işçilərə tapşırdım ki, belə bir tədqiqat aparın, görək, əsrin əvvəllərində milyoner, milyarder olmuş neft milyonerlərinin evləri indi haradadır və orada kim yaşayır. Üstündən çox az müddət keçib və o milyarderlərin familyasında heç biri həmin evlərdə yaşamır, tamam başqa yerlərdə yaşayırlar və o evlər onlara məxsus deyil. Üstündən çox az vaxt, 100 il keçib. Demək heç bir şey əbədi deyil. Bu adamlar onu qanmırlar. Mən bir şey deyim, Zeynalabdin Tağıyev hər altıncı, bazar günü faytonla bağa-Mərdəkana gedirmiş. Yolda qızı ondan soruşur ki, “baba, bu imarət, o imarət bizimdir?” Deyib ki, “bəli, bizimdir”. İstiqlal küçəsi ilə getdikcə hər şey onlarındır də. Qızı o qədər sual verir ki, Hacı sualdan bezir, axırda deyir ki, “qızım, bunların heç biri bizim deyil, zəmanə bizimdir”. Bu adamlar da elə bilir ki, bütün dünyanı tutub qalacaqlar, hər şey elə bunlarındı. Məsələn, Milli Məclisin bəzi deputatları var, elə axmaq-axmaq danışırlar, hətta küçənin adamları o şeyləri danışmaz. Qanmaz-qanmaz ağzına gələni danışırlar. Yəni onu sıradan, ali məktəb oxumayan, orta məktəbdə 4 sinif oxumayan adamlar o cür danışmazlar, amma nə istəyirlər danışırlar.

- Yeri gəlmişkən, bu günlərdə Milli Məclis buraxıldı. Buna münasibətiniz necədir?

-Mən elə fikirləşirəm ki, əgər demokratik seçki keçiriləcəksə, iqtidar tərəfindən bu seçkiyə müdaxilə olunmayacaqsa, mənə görə, bu prezidentin ağlına gələn ən böyük fikirdir. Bəlkə prezidentin özünü son müdafiə cəhdidir. O, baxıb görür ki, onsuz da bu “yaltaqlar sürüsü” heç bir işə yaramır. Fikirləşir ki, bəlkə bu Milli Məclisi dəyişəndən sonra ab-hava, xalqın iqtidara münasibəti dəyişər. Mən sənə deyim, əgər demokratik seçki olsa, parlament xalq tərəfindən formalaşdırılsa, prezidentin başladığı iş doğurdan da islahat olacaq. Parlament dəyişsə, hər şey dəyişəcək. Niyə? Azərbaycan xalqını fəlakətə sürükləyən, Azəbaycan xalqının başına gətirilən bütün faciələrinin baiskarı o Milli Məclisdə oturanlardır. Onların heç birinin Azərbaycan xalqının taleyi ilə bağlı nə düşüncəsi, nə arzusu, nə də sevgisi var. Hara gedirsən, deyir, bura millət vəkilinindir. Dənizin qırağında bir  çay içirsən deyir, bu filan deputatındır. Deputat da alsın, 3-5 min, lap 10 min alsın, bu milyonlarla dəyəri olan obyektləri nə cür tikib? Mən elə bilirəm ki, prezidentin bu addımı çox doğru  və düzgün addımdır. Milli Məclisi təzələmək, yenidən formalaşdırmaq vacibdir. Prezident də da başa düşür ki, bu cür davam etmək qeyri-mümkündür. Günlərin bir günü bu mütləq sosial partlayışa  çevriləcək. Prezident bu şeyləri əslində, görür. Ola bilsin, onu bir halqaya salıblar. O, ancaq bıçaq sümüyə dirənədən sonra buna start verir. Dediyim kimi, Milli Məclis demokratik qaydalarla formalaşsa, bu, artıq islahat görüntüsü ala bilər. Ancaq adamları dəyişdirmək hələ islahat deyil.

- Rüstəm müəllim, ölkədə sosial-iqisadi, əxlaqi problemləri, intiharları, ailələrin dağılmasını qeyd etdiniz. Ancaq indiyə kimi ziyalılar heç bir məsələyə reaksiya vermirlər. Sizcə, ziyalılar niyə bu cür susqundurlar?

-Mən hələ 10-15 bundan əvvəl yazmışdım ki,  çox qəribədir artıq Azərbaycan ziyalısı Azərbaycan xalqının üz qarasına çevrilib. Nə mənada? Heç bir  Azərbaycan ziyalısı Azərbaycan xalqının taleyüklü məsələsi həll olunanda mövqeyini ortaya qoymayıb. Heç kim mövqeyini qoymaq istəmir. Hamı haqqında demirəm, tanınmış ziyalılar var e, mən o tanınmışları dırnaq arasında yazıram. Bir vaxtlar çox böyük işlər görmüş, ədəbiyyat, incəsənət, elm sahəsində olan adamların heç biri Azərbaycan xalqının taleyüklü məsələsində  öz mövqeyini ortaya qoymur, artıq ziyalı deyil. Ən dəhşətli şey budur. Çox qəribədir, ədəbiyyat sahəsində də belədir. Azərbaycanda istedadı və potensialı olan adamlar var ki, onları tanıyıram. Məsələn, onlar Mirzə Cəlil, Mirzə Ələkbər Sabir ola bilərdi, olmaq istəmədilər. Cavid olmaq mümkün idi, olmaq istəmədilər. Əslində, bütün potensialları vardı. Sadəcə, şəxsi istəklərini təmin etmək üçün o şeylərdən imtina elədilər və bu Azərbaycan ziyalısının bədbəxtliyidir. Mənim çox hörmət elədiyim 2-3 yazıçı var. Sən potensialınla, istedadınla Mirzə Cəlil ola bilərdin, ancaq daha yaxşı yaşamaq üçün, övladına nəsə qazandırmaq, təmin etmək üçün o şeylərdən imtina elədin. Bu, Azərbaycan xalqının ziyalısının üzqarasıdır.

- İndiki vəziyyətdə bir ziyalı kimi Azərbaycan xalqının gələciyni necə görürsünüz?

-Mən hər şeyə həmişə ümidlə baxmışam. Mən 70-ci illərdə türkçülük, turançılıqla bağlı kitablar yazırdım, anam mənə dedi ki, belə şeylər eləmək olmaz, boş cəfəngiyyatdır. Ancaq üstündən illər keçdi, mənim yadıma bir şey gəlir, KQB-nin sədri var idi, adı Ziya Yusifzadə  idi. Balaca boy bir kişi idi, amma çox ləyaqətli, ağıllı bir kişi idi. “Şaman duası” kitabım çıxanda günlərin bir günü rəhmətlik Əjdər Xanbabayev məni onun yanına apardı, 90-cı ildə onu öldürdülər. O vaxt mən ali məktəbdə oxuyanda tez-tez görüşlər keçirirdim. İlk kitabım-“Şaman duası” çıxmışdı, məşhur idim. Nə isə Əjdər Xanbabayevlə mən çox yaxın idim. Əjdər Xanbabayev məni aparanda o, mənə orada çox şeylər dedi. O dövrdə Dövlət Təhlükəsilik Komitəsinin kabineti uzun bir kabinet idi, içəri girəndə adamı xof basırdı. Təbii ki, mən də eləydim, cavan bir oğlan idim. O, mənə çox dedi. Dedi, “oğul, mən sənin kitabını oxudum, çox istedadlı oğlansan, ancaq bu şeylərin vaxtı deyil, gün gələcək bu şeylərin vaxtı olacaq”. Sonra axırda mənə dedi ki, “oğul, get işində öz işlərinlə məşğul ol, kitablarını yaz, bu işlərin vaxtı gələndə onda sən də danışarsan, ancaq vaxtı gələcək”. Onda Sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsən vaxtı idi. Mən heç nə demədim, bu adama cavab qaytarmadım, dedim, mən bu kitabda düşündüklərimi yazmışam. Çox maraqlı bir şey dedi, indi də onu hörmətlə xatırlayıram. Dedi, “oğul, günlərin bir günü burada başqa bir adam oturar, onda sənə elə bir iynə vurarlar ki, elə ölənə qədər gülərsən, heç ağlamazsan da”. Yəni mən o dövrdə o adama qulaq asmadım, öz işlərimlə məşğul oldum, yenə ali məktəblərdə görüşlər keçirdim, yenə həmin şeyləri yazdım və günlərin bir günü bizim arzuladığımız müstəqil Azərbaycan dövləti oldu. Məsələn, indi türk dünyası ilə bir-birinə inteqrasiya olunur, Turan ideyası artıq bütün dünyada möhtəşəm bir ideya kimi tanınır, hətta düşmənlərimiz belə bu dəqiqə ondan danışırlar. Jirinovski kimi axmağın biri də ondan danışır. Bütün dünya ondan danışır. O mübarizədən sonra, məsələn, Avropanın ortasında Macarıstan kimi bir ölkə, Avropa Birliyinin üzvü türkçülük və turançılıq fraksiyası  yaratdılar, indi onun baş naziri, prezidenti türk birliyinə daxil olmaqla bağlı ərizə verib. Yəni gələcəyə ümidlə baxmaq lazımdır.

- Xalqımızın bu gün yönləndirilməsində bir ideologiyasızlıq var. Sizcə, indi bizim ideologiyamız niyə yoxdur?

- Onu çox doğru tapmısınız. Bizim ən böyük bədəxtçiliymiz bundadır. Hər bir xalqın 100, 200 ilə hesablanmış dövlət proqramı olur, dövlət ideologiyası olmalıdır, o, bizdə yoxdur. Onu hazırlamaq üçün institutlar, böyük alimlər qrupu lazımdır. Bizim ətrafımızda, Avropada, dünyanın hər yerində iqtidarlar dəyişir, o dövlətin siyasəti dəyişmir. Əslində, dövlət elə qurulur. Dərin dövlət deyilən bir anlayış var, o anlayış bizdə yoxdur. Bizim o dərin dövlət anlayışı hər gələn iqtidarla məhv olur və gedəndən sonra təzədən yaranır. O mənada düz deyirsinz ki, bizim ən böyük çatışmayan cəhətlərimizdən biri də bizim dövlət ideologiyamızın olmamağıdır.

-Dövlət bu sahədə iş görmürsə, bu ideologiyanı ziyalılar da xalqın içində yaya bilməzmi?

- Ziyalılar o ideologiyaları kitabları ilə ortaya qoyublar. Sadəcə olaraq dövlət alimlər ordusunu bir yerə toplayıb, bir ideologiya ortaya qoymalıdır ki, o da xalqın, dövlətin 100-200, 500 ilə hesablanmış ideologiyası olsun. Mən elə fikirləşirəm ki, gün gələcək o da olacaq. O ideologiya uzun illərdir dağınıq halda Axundovdan, Mirzə Cəlildən başlayıb, sadəcə onları bir kitaba toplamaq, bir abidəyə çevirmək və millətin, dövlətin ixtiyarına vermək  lazımdır. Ümid edirəm ki, bir gün bu da olacaq. Mən Azərbaycan xalqının gələcəyinə çox işıqlı baxıram. Azərbaycanın bir fəlakəti var, o da Qarabağdır. Qarabağ məsələsi təkcə torpaq məsələsi deyil, Azərbaycanın həm iqtidarının, həm də dövlətçiliyinin ölüm-dirim məsələsidir. Bu, həll olunmasa, nə bu iqtidar hakimiyyətdə qala bilə, nə də Azərbaycan dövlətiçiliyi davam edə bilər. Ona görə də mən elə fikirləşirəm ki, iqtidarlı-müxalifətli o faciəyə köklənmək lazımdır. Azərbaycanda Qarabağ problemi həll olunsa, sizi inandıraram, gələcəkdə demokratik seçki də keçiriləcək, adamlar da rahat yaşayacaqlar. Çünki bizim  yaşamaq üçün hər cür potensial imkanlarımız var. Mən dünyanı gəzmişəm, olmadığım yer yoxdur. Mən Azərbaycan qədər təbiəti, relyefi, yəni həm strateji, həm də coğrafi baxımdan o boyda müqəddəs yer görməmişəm. Azərbaycan xalqı hər bir şəraiti olan bir xalqıdır. Mən bir şeir yazmışam ki, hər şey var, heç nə yoxdur. Yəni bizim hər şeyimiz var, ancaq heç nəyimiz yoxdur. Bax, dəhşətli şey budur. Mən el fikirləşirəm ki, bu il Azərbaycan xalqının taleyində çox böyük hadisələr olacaq. Mən bunu iqtidar-müxalifət müstəvisində demirəm, bütövlükdə Azərbaycan xalqının taleyində bir şey olacaq, ya Qarabağ qayıdacaq, ya da bizim Azərbaycan dövlətçiliyi yox olacaq. Çünki bu dəqiqə bizim dövlətçiliyimizi şərtləndirən bir ortaq dəyərimiz qalıb, o da Qarabağdı. O dəyər ortadan çıxacaqsa, biz bir etnos kimi aradan qalxacağıq. Yəni bizi birləşdircək heç nə olmayacaq,  şeytani bir topluma çevriləcəyik. Tanrı bizi bundan qorusun! Elə bir hadisə baş versə, artıq Azərbaycan deyilən bir dövlət olmayacaq.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru