Hello, admin.

"Mehriban Əliyevanın hakimiyyətə gətirilməsi gələn il baş tuta bilər" - SƏRDAR CƏLALOĞLU

2019-11-26 12:55:16

"Mehriban Əliyevanın hakimiyyətə gətirilməsi gələn il baş tuta bilər" - SƏRDAR CƏLALOĞLU

"Mehriban xanımın bu səviyyədə qəbul edilməsi belə bir mesaj verir ki, Rusiya artıq onun hakimiyyətə gətirilməsinə razılıq verib"

"Əli İnsanov YAP-dan uzaqlaşdırılacaq Qərbi Azərbaycan və Naxçıvan mənşəli qüvvələri qarşılamaq üçün plastarm hazırlayır"

"Əgər deputat Qüdrət Həsənquliyev bu cür ciddi siyasi səhvə yol verirsə, qeyri-məntiqi danışırsa, o zaman Ata Abdullayevdən nə gözləyəsən?!"

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, sabiq səhiyyə naziri Əli İnsanovun Haqq Ədalət Partiyasının Təşkilat Komitəsini yaratması, özünü video bloqer kimi təqdim edən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı sualın sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilməsi, o cümlədən İranda benzinin qiymətinin bahalaşması səbəbindən başlayan kütləvi etirazlar və digər mühüm mövzularla bağlı söhbətləşdik.

Картинки по запросу SƏRDAR CƏLALOĞLU

"Bu səfəri Mehriban xanımın hakimiyyətə gətirilməsinin başlanğıcı kimi dəyərləndirə bilərik"

- Sərdar bəy, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərini necə qiymətləndirirsiniz? Bu səfərin əhəmiyyəti nədən ibarətdir?

- Açığı, mən bunu sadəcə bir vitse-prezidentin Rusiyaya səfərindən daha çox Mehriban Əliyevanın siyasətçi qismində ilk prezidentasiya cəhdi kimi dəyərləndirirəm. Əgər diqqətlə fikir versəniz, Mehriban xanımın səfəri faktiki olaraq bir prezidentin başqa bir dövlətə gedişi səviyyəsində təbliğ edilirdi. Mən ilk dəfə idi ki, Mehriban xanımı bir siyasətçi imicində görürdüm. Yəni xüsusi olaraq imicinə də fikir verilmişdi. Bundan başqa, əgər səfər zamanı baş tutan görüşlərin səviyyəsinə baxsaq, o zaman görərik ki, Rusiyanın birinci, ikinci şəxsləri ilə görüşüb. Bu da Mehriban xanımın səfərinin sadəcə bir vitse-prezident səviyyəsində olan səfər kimi dəyərləndirilməsinə imkan vermir. Onu da qeyd edim ki, səfər ərəfəsində Türkiyənin "Türkiye" qəzetində "Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" başlıqlı geniş məqalə dərc olunub. Əgər bu iki faktı uzlaşdırsaq, görərik ki, sanki Mehriban xanımın Rusiya səfəri həm də Türkiyə ilə razılaşdırılıb. Yəni Türkiyədə, Azərbaycanda bütün dəyişilmələri məhz Mehriban Əliyevanın həyata keçirdiyi təqdim edilir, bu istiqamətdə iş aparılır. Bu tərəfdən də Mehriban xanım Rusiyaya səfər edib və orda dövlət başçısı simasında müəyyən görüşlər aparıb. Mənə elə gəlir ki, bu səfəri Mehriban xanımın hakimiyyətə gətirilməsinin başlanğıcı kimi dəyərləndirə bilərik. Fərqi yoxdur, kim olursa-olsun, Azərbaycan prezidentləri hakimiyyətə gələrkən bir qayda olaraq birinci Rusiyaya səfər edir. Çünki Azərbaycan Rusiyanın təsir dairəsindədir. Odur ki, müəyyən mənada burda hakimiyyətə, kimin, hansı qüvvənin gəlməsində Rusiyanın razılığından da çox şey asılıdır. Bu da bir mesajdır ki, Mehriban xanım hakimiyyətə gələcəyi təqdirdə, Rusiya ilə razılaşdırılmış siyasət aparacaq. Bunu həm də belə dəyərləndirmək lazımdır. Mehriban xanımın bu səviyyədə qəbul edilməsi belə bir mesaj verir ki, Rusiya artıq Mehriban Əliyevanın hakimiyyətə gətirilməsinə razılıq verib.

"Hesab edirəm ki, növbəti parlament seçkilərinə qədər Mehriban xanımın prezidentliyə gətirilməsi məsələsi gündəmə gələcək"

- Sizcə, bu proses nə zaman reallaşa bilər?

- Mənə elə gəlir ki, bu, yəni Mehriban Əliyevanın hakimiyyətə gətirilməsi gələn il baş tuta bilər. Əgər Azərbaycanda bundan əvvəlki hadisələri təhlil etsək, onda məntiqli nəticə çıxara bilərik. Məsələn, sonuncu dəfə referendum yolu ilə Azərbaycan Konstitusiyasına dəyişikliklər edilərkən, belə bir maddə əlavə edilmişdi ki, prezident özü səlahiyyətlərindən imtina edib növbədənkənar prezident seçkiləri keçirə bilər. Mən hələ o vaxtı demişdim ki, əgər prezident seçkilərə qatılırsa, səhhətində ciddi problem yoxdursa, o zaman nədən özü-özünü hakimiyyətdən uzaqlaşdırmalıdır?! Əslində, həmin maddə İlham Əliyevə belə bir imkan verir ki, istənilən vaxt özü-öz səlahiyyətlərini xətm etsin. Konstitusiyaya görə, bu zaman prezidentin səlahiyyətləri dərhal birinci vitse-prezidentə, yəni Mehriban Əliyevaya keçir. Əgər İlham Əliyev hakimiyyətdən uzaqlaşmasıyla bağlı qərar qəbul edərsə və növbədənkənar prezident seçkiləri keçirilərsə, onda həmin dövrdə hakimiyyət avtomatik olaraq Mehriban Əliyevaya keçəcək. Bununla da o, prezident səlahiyyətlərini icra edən adam kimi bütünlükdə seçkilərə total nəzarəti həyata keçirə, həmin dövrdə müəyyən kadr siyasəti apara biləcək və özünün hakimiyyətə gəlməsində qarşısında duran əngəlləri aradan qaldırmaq imkanına malik olacaq. Bu baxımdan, hesab edirəm ki, növbəti parlament seçkilərinə qədər Mehriban xanımın prezidentliyə gətirilməsi məsələsi gündəmə gələcək. Odur ki, parlamentdə daha münasib qüvvələrin təmsil olunması tələb olunur. Bunun üçün gərək Mehriban xanımın seçkilərə nəzarət imkanı olsun.

- Əgər qeyd etdiyiniz versiya reallaşarsa, bu, ölkədəki ümumi vəziyyətə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlara hansı formada təsir edə bilər?

- Əgər indiyə qədər aparılan siyasət davam etdiriləcəksə, onda vəziyyət ağırlaşmaqda davam edəcək. Yəni tayfabazlıq, talançılıq, korrupsiya olduğu kimi qalacaqsa, o zaman Mehriban xanımın dövründə proseslər daha ağır xarakter alacaq. Yox, əgər ölkədə sözün həqiqi mənasında demokratik açılım olacaqsa, xüsusən də idarəetmənin təbiəti dəyişiləcəksə, tamamilə yeni bir demokratik yön seçiləcəksə, təbii ki, onda müəyyən mənada müsbət dəyişikliklər ola bilər.

"Ola bilsin ki, Əli İnsanov ona zülm etmiş adamlara qarşı mübarizə aparacaq, intiqam alacaq, amma onun hakimiyyətə gəlmək üçün ciddi imkanı yoxdur"

- Yəqin məlumatınız var ki, bugünlərdə sabiq səhiyyə naziri Əli İnsanov özünün "facebook" səhifəsində Haqq Ədalət Partiyasının Təşkilat Komitəsinin yaradıldığını bəyan edib. Məsələnin maraqlı tərəfi ondadır ki, adıçəkilən partiyanın Təşkilat Komitəsinin üzvlərinin əksəriyyəti keçmiş YAP-çılar və sabiq vəzifə sahiblərindən ibarətdir. Necə düşünürsünüz, Əli İnsanovun partiya yaratması, orada keçmiş YAP-çı və məmurların təmsil olunması onun hakimiyyətə gəlmək şansını artıra bilərmi?

- Mənə elə gəlir ki, Əli İnsanovun bu cəhdlərini hakimiyyət iddiaları ilə bağlamaq düz deyil. Sadəcə olaraq, ola bilsin ki, Əli İnsanov ona zülm etmiş adamlara qarşı mübarizə aparacaq, intiqam alacaq. Amma onun hakimiyyətə gəlmək üçün ciddi imkanı yoxdur. Qüvvələrin də tərkibinə baxdıqda görürük ki, bu adamlarla ciddi bir siyasi nailiyyət əldə etmək mümkün olmayacaq. Lakin düşünürəm ki, Əli İnsanov çox düzgün bir mövqe seçib. Belə ki, o, keçmiş YAP-çılardan və çox güman ki, indiki YAP-çılardan da öz tərəfinə adamlar çəkəcək. Bir məqamı da vurğulamalıyam ki, əgər Mehriban Əliyeva hakimiyyətə gələcəksə, o zaman Yeni Azərbaycan Partiyası da onun nəzarətinə keçəcək. Onda Yeni Azərbaycan Partiyasında hakim mövqedə olan Qərbi Azərbaycan və Naxçıvan mənşəli qüvvələr ordan uzaqlaşdırılacaq. Əli İnsanov isə həmin qüvvələri qarşılamaq üçün plastarm hazırlayır ki, onlar başqa qüvvələrər getməsinlər. Adıçəkilən partiyanın təşkilat komitəsində sabiq YAP-çı və keçmiş məmurların təmsil olunması mesajı da bununla bağlıdır. Yəni bu yolla işarə edilir ki, gələcəkdə sabiqlərin toplaşa biləcəkləri yer məhz oradır. Açığı deyim ki, Yeni Azərbaycan Partiyasının xüsusən aktiv fəallarının həm uzun illər Azərbaycan xalqına qarşı apardıqları siyasətə, həm də düşüncə tərzlərinə, həyata baxışlarına, daşıdıqları dəyərlərə görə, demokratik düşərgəyə gəlməsi və yaxud demokratik mübarizəyə qoşulması mümkün deyil. Bu halda, onlar Əli İnsanovu bəyənməsələr belə, ora getməyə məcburdurlar. Ona görə də biz bunu YAP-a alternativ, yaxud da YAP-dan çıxacaq insanların mərkəzi kimi dəyərləndirməliyik. Yəni Əli İnsanovun partiyası gələcək sabiqlərin ümid yeri olacaq.

"Hesab edirəm ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması nəinki Qarabağı azad edəcək, əksinə bütün ölkənin Rusiya tərəfindən işğalına səbəb olacaq"

- Bildiyiniz kimi, özünü video bloqer kimi təqdim edən Ata Abdullayevin İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı sual sosial şəbəkədə ciddi müzakirə mövzusuna çevrilib. Və hətta Ata Abdullayevin hakimiyyət tərəfdən ora göndərildiyi iddia olunub. Bu barədə düşüncələrinizi öyrənmək maraqlı olardı.

- Əvvəla, onu qeyd edim ki, bu məsələ həddən artıq şişirdilir. Təsəvvür edin ki, bir dövlətin baş naziri ilə başqa bir ölkənin sadə vətəndaşı üz-üzə gəlir. Belə demək mümkündürsə, bu, bir debütdür və bu zaman sadə vətəndaş baş nazirə uduzur. Burda nə var ki?! Biz gözləməməliyik ki, Azərbaycanın hər bir sıravi vətəndaşı Nikol Paşinyandan çox ağıllı, uzaqgörən və siyasi cəhətdən güclü olsun. Məsələn, Bəxtiyar Hacıyev sübut etdi ki, o, Paşinyandan qat-qat ağıllı və qabiliyyətli adamdır. Ata Abdullayev isə sübut etdi ki, o, Paşinyandan çox aşağı səviyyəli adamdır. Yəni bu, bir qədər şişirdilmiş hadisədir. Amma hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, bu və ya digər mövzu ilə bağlı danışarkən, sual verərkən, fikir irəli sürərkən mütləq hazırlıqlı olmalıdır. Bundan başqa, hər kəs bu cür hallarda tərəf müqabilinin kim olduğunu bilməlidir. Ermənistan nə qədər düşmən dövlət olsa da, Paşinyan həmin ölkənin baş naziridir və yetərincə siyasi təcrübəsi var, parlamentdə təmsil olunub. Ata Abdullayev isə küçədən çıxmış bir adamdır. Belə birisinin gedib xarici ölkənin rəhbəri ilə Dağlıq Qarabağ kimi mühüm bir məsələdə danışması düzgün deyil. Lakin bu məsələdə də bir qərəz var. Çünki Ata Abdullayevin bütün fəaliyyətini Azərbaycan dövlətinin, iqtidarın adına yazmağa cəhd edirlər. Halbuki Azərbaycanda kifayət qədər savadlı, qabiliyyətli, ABŞ və ya Avropada təhsil almış, politologiyanı dərindən bilən şəxslər, jurnalistlər var ki, iqtidar istəsə bu cür məsələlərdə onlardan istifadə edə bilər. Məhz həmin şəxslər bu tip tədbirlərdə Paşinyanı diz çökdürə bilərlər. Odur ki, bu adamdan - Ata Abdullayevdən daxildə müxalifəti təhqir etmək üçün istifadə olunur. Bu baxımdan, ola bilsin ki, o, şəxsi təşəbbüsüylə gedib və istəyib ki, orda "xalq qəhrəmanı" olsun. Ancaq bu, alınmayıb, uğursuz cəhd olub. Bəxtiyar Hacıyevin cəhdi isə yetərincə uğurlu alınıb. Ona görə də belə şeylərin üstünə çox getmək olmaz. Ola bilsin ki, kimsə Qarabağın azad edilməsini istəyir, lakin onun bu istiqamətdəki cəhdi uğursuz olub. Qeyd edim ki, Azərbaycanda bəzi bloqerlərin və müxalif partiya liderlərinin Qarabağla bağlı irəli sürdükləri ideyalar, təkliflər məhz bu qəbildən olan uğursuz cəhdlərdir. Məsələn, götürək elə Qüdrət Həsənquliyevin təklifini. O bildirib ki, biz Qarabağın azadlığı naminə Rusiyaya güzəştə getməli və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olmalıyıq. Beləliklə, o deyir ki, biz Qarabağı azad etmək üçün bütün Azərbaycanın Rusiya tərəfindən işğal olunmasına imkan yaratmalıyıq. Ola bilsin, o da doğrudan da istəyir ki, Qarabağ azad olunsun. Hərçənd, mən belə düşünmürəm və bu fikirlərin ardıcıl olaraq hardan gəldiyini bilirəm. Bu fikirləriylə o, bütün Azərbaycanın işğal edilməsi təklifini verib. Bu ona bənzəyir ki, biri taxta evdəki biti öldürmək üçün evi tamamilə yandırmağı məsləhət görür. Hesab edirəm ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olması nəinki Qarabağı azad edəcək, əksinə bütün ölkənin Rusiya tərəfindən işğalına səbəb olacaq. Odur ki, əgər deputat Qüdrət Həsənquliyev bu cür ciddi siyasi səhvə yol verirsə, qeyri-məntiqi danışırsa, o zaman Ata Abdullayevdən nə gözləyəsən?! Bəlkə də bu, bir yoxlanış idi. Yəni əgər Ata Abdullayev orda doğrudan da bir müsbət nəticə əldə etsəydi, onda gələcəkdə parlamentdə oturan adamlardan biri olacaqdı. Və ya hökumətdə hansı vəzifədə təmsil olunacaqdı? Yəni bu iqtidarın idarəetməsi bu cürdür.

"İrandan sonra çaxnaşmalar Rusiyaya keçə bilər, çünki hazırda ölkə iqtisadi blokadadadır və bu səbəbdən də həyat şəraiti həddən artıq ağırdır"

- İranda benzinin qiymətinin bahalaşması səbəbindən başlayan kütləvi etiraz aksiyaları ilə bağlı nə düşünürsünüz? Sizcə, bu məsələdə ABŞ-ın, ümumilikdə Qərbin rolu varmı?

- Məlumdur ki, bu gün dünyada qlobal iqtisadi böhran gedir. Hələlik bu böhran aradan qaldırılmayıb. Qeyd edim ki, iqtisadi böhranlar mütləq arxasınca siyasi böhranlar gətirir. Siyasi böhranın birinci dalğası isə ərəb inqilabı oldu. Nəticədə bir neçə ərəb ölkəsi çökdü. O cümlədən, cənubi Avropa ölkələri, İspaniya, Portuqaliya, İtaliya və Yunanıstan iqtisadi cəhətdən tənəzzülə uğradı. Sonradan bu dalğa keçmiş SSRİ məkanına sirayət etdi. Bununla da Ukraynada məlum hadisələr baş verdi. İndi artıq qlobal iqtisadi böhranın ikinci dalğası gəlir. Baxın, bu gün Çili, Liviya, İraq, Tayvan, Boliviya və digər bir çox ölkələrdə kütləvi xalq etirazları keçirilir. Odur ki, əgər İrandakı hadisələri bu konteksdən çıxarsaq, o zaman baş verənlərə qiymət verə, mahiyyətini müəyyən edə bilmərik. Bildiyiniz kimi, ABŞ İrana iqtisadi sanksiyalar tətbiq edir, onu blokadaya alıb və bu səbəbdən də ölkədə iqtisadi vəziyyət ağırdır. Diqqət yetirsəniz görərsiniz ki, bu gün kütləvi etiraz aksiyaları müşahidə olunan ölkələrin əksəriyyətində səbəb eynidir. Yəni uzun müddət davam edən, qanlı nəticələri olan etiraz aksiyalarının hamısı sosial-iqtisadi məsələlərlə bağlıdır. Hesab edirəm ki, İranda baş verən olaylar milli məsələ olmadığından nə ölkənin parçalanmasına, nə də ciddi siyasi hakimiyyət dəyişikliyinə səbəb olacaq. Ən yaxşı halda müəyyən iqtisadi güzəştlər tətbiq oluna bilər. Artıq İran hökuməti belə bir güzəştə gedib və durum bir qədər sakitləşib.

- Qlobal iqtisadi böhranın ikinci dalğası daha hansı ölkələrə yayıla bilər?

- Mənə elə gəlir ki, İrandan sonra növbə keçmiş SSRİ məkanındakı respublikalarındır. Düşünürəm ki, postsovet dövlətlərindən bir-ikisində də bu cür olaylar baş verə bilər. Burda ən ağlabatan isə məhz Rusiyadır. Çünki hazırda Rusiya iqtisadi blokadadadır və bu səbəbdən də ölkədə həyat şəraiti həddən artıq ağırdır. Putin hakimiyyəti uzun müddətdir ki, xarici intervensiyalarla xalqın başını qatmaqla məşğuldur. Bu, həm də dövlət büdcəsindən külli miqdarda vəsaitin hərbiyə sovrulmasına gətirib çıxarıb. Bundan başqa, Rusiya korrupsiya dünyada ən böyük rəqəmlərlə ifadə olunur ki, nəticədə əhalinin gəlirlərinin azalması davam edir. Bütün bunlar onu göstərir ki, İrandan sonra çaxnaşmalar Rusiyaya keçə bilər.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru