Salam, xoş gəlmisiniz.

18 yaşlı Mehdinin qətli - gənclərin ofisiant qıza görə qanlı davası - TƏFƏRRÜAT

2019-12-07 15:15:16

18 yaşlı Mehdinin qətli - gənclərin ofisiant qıza görə qanlı davası - TƏFƏRRÜAT

Qəsdən adam öldürməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Onun qətlə yetirdiyi şəxsin 18 yaşı olub. Təqsirləndirilən şəxs ailəlidir, bir azyaşlı övladı var.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

İttihama görə, Cavid aralarında yaranmış mübahisə zamanı Mehdi Əliyevi ov bıçağı ilə vuraraq qətlə yetirib. Qətlə yetirilən Mehdinin 18 yaşı olub.

Məlumata görə, hadisəyə səbəb tərəflər arasında pula görə yaranmış mübahisə olub. Belə ki, Mehdi Cavidin tanıdığı qızdan telefon alıb. Lakin pulun 100 manatını ödəməyib. Buna görə də Cavid Mehdi ilə mübahisə edib və onu qətlə yetirib.

Məhkəmə iclasında mərhum Cavidin atası Əlimurad Əliyev ifadə verib.

O deyib ki, oğlu hadisədən 5 gün əvvəl evdən gedibmiş. Ata deyir ki, oğlunun qohumlarından birinin evində olduğunu düşünüb. Çünki Mehdinin daha əvvəllər də evə gəlmədiyi günlər olub.

"Mən dedim, bəlkə bibisigilə, ya da başqa qohumun evinə gedib. Hərdən olurdu ki, evə gəlmirdi"- deyə Əlimurad Əliyev söyləyib.

Prokuror Ə.Əliyevdən soruşub ki, 18 yaşlı oğlunun 5 gün evə gəlməməsi onu heç narahat etməyib?

Əlimurad Əliyev söyləyib ki, mobil telefonu olmadığı üçün oğlundan xəbər tutmayıb: "Biz əvvəl "Nizami" metrostansiyası yaxınlığında qalırdıq. Evimiz plana düşəndə Zabrata köçdük. Mehdi dostları ilə görüşmək üçün şəhərə gedirdi. Bəzən də şəhərdən bibisigilə qayıdırdı. Mənim mobil telefonum yoxdur, ev telefonumuz da yoxdur. Buna görə onunla əlaqə saxlaya bilmirdim. 5 gün sonra bildim ki, belə bir hadisə olub".

Əlimurad Əliyev deyib ki, hadisənin baş verməsinin səbəbi haqda müstəntiqdən məlumat öyrənib:

"Mehdi hansısa qızdan telefon alıb. Pulun 100 manatını borclu qalıb. Sonra da Cavid gəlib deyib ki, pulu almaq mənlikdir. Buna görə də mübahisə ediblər. 100 manata görə də adam öldürərlər?".

Hakim Əlimurad Əliyevdən təqsirləndirilən şəxsin yaxınları ilə aralarında barışıq olub-olmamasını, onların yas mərasimində iştirak edib-etməməsini soruşub.

Əlimurad Əliyev bildirib ki, müstəntiq vasitəsi ilə onlarla görüşmək istəyiblər: "Müstəntiq zəng edib dedi ki, sizə gəlmək, başsağlığı vermək istəyirlər. Mən isə dedim ki, mümkün deyil. İndi də məhkəmə necə məsləhət bilirsə, elə də olsun. Biz heç bir halda barışığa razı deyilik. Ən ağır cəza verilsin".

Məhkəmədə mərhumun anası Aygün Əliyeva da ifadə verib. O deyib ki, hadisə baş verən vaxt ölkə xaricində olub. Əliyeva Məşhədə, ziyarətə getdiyini və qayıdanda bu barədə məlumat öyrəndiyini deyib.

Aygün Əliyeva oğlunun daha əvvəl kiminləsə dava-dalaşından xəbərsiz olduğunu deyib. O bildirib ki, təqsirləndirilən şəxsi də tanımır.

Məhkəmədə belə bir iddia da səsləndirilib ki, Cavid Hüseynov çay evində işləyən qıza görə Mehdi ilə mübahisə edib. Belə ki, Mehdi həmin qızın telefonunu satmaq adı ilə alıb. Pulun 100 manatını qaytarmaması Cavidi qəzəbləndirib. Cavid 3-4 nəfər dostu ilə birlikdə Mehdini "söhbətə" çağırıb.

Mehdi də görüşə tək getməyib. Onun yanında da iki dostu olub.

Həmin şəxslər məhkəmədə ifadə veriblər. Azyaşlı olan bu şahidlər eyni məzmunlu ifadə veriblər. Onlar deyiblər ki, gecə saat 1-də görüş yerinə gedən zaman Mehdi ilə Cavid təkbətək söhbət etmək üçün kənara çəkiliblər. Şahidlər deyir ki, onlar sonradan qışqıra-qışqıra danışıblar. Az sonra da Mehdinin vurulduğunu biliblər.

Amma nədənsə şahidlərin hamısı Mehdi ilə Cavid arasında mübahisəyə səbəb olan hadisə barədə məlumatsız olduqlarını deyirlər. Amma məhkəmə buna inanmayıb.

O da məlum olub ki, Mehdi bıçaqlanan zaman Cavid və onun yanındakı dostları hadisə yerindən qaçıblar. Mehdinin yanında olanlardan isə sadəcə bir nəfər qalıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəstəxanaya çatdırılan Mehdinin həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmədə şahid qismində Tamara Məmmədova da ifadə verib. O, təqsirləndirilən Cavid Hüseynovun analığı olduğunu deyib.

Qadın bildirib ki, Cavid dalaşqan uşaq olsa da, belə bir hadisə törədəcəyini inanmayıb. Hadisə günü Cavidi gördüyünü deyən şahid bunları söyləyib:

"Məndən pul istədi. Dostları ilə görüşməyə gedirdi. 2 manat 60 qəpik pul verdim. Hara getdiyini dəqiq bilmirdim. Hadisədən sonra da evə gəlmişdi. Narahat olduğunu hiss edirdim. Amma nə qədər soruşdum, heç nə demədi. Sonra evdən çıxdı. Səhər də belə bir hadisə baş verdiyini öyrəndim".

Məhkəmə iclasında mərhumun yaxınları ilə təqsirləndirilən şəxsin yaxınları arasında gərginlik yaşanıb. Məhkəmə icraçılarının müdaxiləsi ilə tərəflər zaldan çıxarılıb.

Məhkəmə prosesi dekabrın 11-də davam etdiriləcək.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru