Salam, xoş gəlmisiniz.

2019-cu il Azərbaycanda nə ilə yadda qaldı?

2019-12-10 13:41:12

2019-cu il Azərbaycanda nə ilə yadda qaldı?

Pənah Hüseyn: “Qarabağ məsələsi Azərbaycan siyasətinin mərkəzinə oturub”

Elşad Musayev: “Azərbaycan siyasi səhnəsi, söyüşlə, təhqirlə, aşağılamalarla yadda qaldı”

Əhməd Oruc: “Azərbaycan hakimiyyətinin təslimçilik kursu götürməsi yadda qalan oldu”

2019-cu il başa çatmaq üzrədir. Bu il Azərbaycan  siyasi səhnəsində çox ciddi dəyişikliklər baş verdi. İlin əvvəlində Azərbaycan Xalq Hərəkatı (AXH) yaradıldı. Sonradan bu hərəkat iki qrupa bölündü ki,  ötən ay keçmiş daxili işlər naziri İsgəndər Həmidovun rəhbərlik etdiyi AXH ləğv olundu. Bundan başqa, Milli Şuranın 19 yanvar və 19 oktyabr mitinqlərini bu ilin ən çox səs-küylü və müzakirə olunan hadisələri hesab etmək olar. Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyevin və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun vəzifəsindən azad edilməsini də ilin ən yadda qalan hadisələri hesab etmək olar. İlin ən böyük siyasi hadisəsi də elə bundan sonra baş verdi, yəni hakimiyyətin qanunvericilik qolu olan Milli Məclis buraxıldı. Bütün bu hadisələr 2019-cu ili xüsusilə yadda qalan etdi. Baş vermiş dəyişikliklər 2020-ci ilin siyasi cəhətdən daha da fəal il olacağına işarə edir. Fevralın 9-da Milli Məclisə seçkilərin keçirilməsi isə bu ilin aktivliyini daha çox artıracaq hadisədir.  Maraqlıdır ki, siyasilər üçün 2019-cu Azərbaycan siyasi səhnəsi nə ilə yadda qaldı və 2020-ci ildən gözləntiləri nədir?

“Hürriyyət”in sualını cavablandıran keçmiş  baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin fikirncə, bu il yadda onunla qaldı ki, Qarabağ məsələsi Azərbaycan siyasətinin mərkəzinə oturub: “Azərbaycan  xalqının istər iqtidardan, istər müxalifətdən tələb etdiyi Qarabağdır”.

Картинки по запросу Pənah Hüseyn

 “Milli birliyə nail olub, Qarabağı azad eləmək mümkündür”

2020-ci il ilə bağlı gözləntilərini bölüşən P. Hüseyn vurğuladı ki, ölkədə köklü dəyişikliklər edib, milli birliyə nail olub, Qarabağı azad eləmək mümkündür.

“Azərbaycan siyasi səhnəsində çox pis bir tendensiyasnın əsası qoyuldu”

Картинки по запросу Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə təəssüflə bildirdi ki, bu il Azərbyacan siyasi səhnəsi barədə xoş sözlər söyləmək olmur: “Təəssüflər olsun ki, bu ilə Azərbaycan siyasi səhnəsi, söyüşlə, təhqirlə, aşağılamalarla yadda qaldı. Azərbaycan siyasi səhnəsində çox pis bir tendensiyasnın əsası qoyuldu. Faktiki aparılan siyasət nəticəsində aparılan Azərbaycan  müxalifəti zəifləyib, sıradan çıxarıldı, onun yerinə bir söyüş müxalifəti çıxdı. Daha çox diqqəti o cəlb elədi və bu söyüş, təhqir kampaniyası sosial şəbəkələrdə yenə də davam edir. Ən pis yadda qalan amil bu oldu. Eyni zamanda ilin sonlarına yaxın müəyyən dəyişim siqnalları verildi, bir sıra yüksək vəzifəli məmurlar vəzifədən götürüldü, onların yerinə yeniləri gətirildi. Bu diqqət çəkən amil oldu”.

“Qarabağ məsələsi  nəinki həll olunmadı, bir addım da belə irəli gedə bilmədik”

“Bildiyiniz kimi, növbədənkənar parlament seçkiləri ilə bağlı artıq qərar verilib. Yeni Azərbaycan Partiyası özünün parlamentini buraxdı. Bu yadda qalan hadisələrindən biri oldu. Eyni zamanda ən əsas məsələlər var ki, bunlar həll olunmadı, ölkənin ərazi bütövlüyü, Qarabağ məsələsi nəinki həll olunmadı, bir addım da belə irəli gedə bilmədik. Bir daha təsdiqləndi ki, heç bir kənar güc, iri dövlət, beynəlxalq təşkilat Azərbaycan ərazisindəki bu problemi həll etməyəcək. ATƏT-in Minsk qrupu da bu problemi həll etmək gücündə deyil, digər iri güclərin də maraqları yoxdur. Eyni zamanda o da yadda qaldı ki, Ermənistanın rəhbərliyi çox aşkar surətdə Azərbaycanın işğal altındakı torpaqlara dəfələlərlə səfər elədilər və orada Azərbaycan hakimiyyəti, cəmiyyəti, bütövlükdə azərbaycanlılar haqqında çox təhqiramiz bəyanatlar verdilər. Təəssüflər olsun ki, heç bir şey edə bilmirik. Ötən il bu amillərlə yadda qaldı. Eyni zamanda siyasi təşkilatların bir araya gəlməsi, torparlanması mümkün olmadı. İslahatla bağlı siqnallar verilir, müəyyən dəyişiklilər edilir, amma hələlik Konstitusion, siyasi islahatlar həyata keçirilməyib. İndi də parlament seçkiləri keçirilir. Bununla bağlı müxalifətin tələb etdiyi müəyyən dəyişikliklər vardı, təəssüflər olsun ki, onları da həyata keçmədən biz növbədənkənar parlament seçkilərinə gedirik. Bax, belə bir tendensiya ilə biz bu ilə yadda saxlaya bilərik”-deyə partiya sədri əlavə etdi.

“Çox şey bizdən asılı deyil, hakimiyyətin  atacağı addımlardan asılıdır”

2020-ci il ilə bağlı gözləntilərinə gəlincə, E. Musayev belə cavab verdi: “Azərbaycan o cürə ölkələrdəndir ki, burada məntiqi proqnoz vermək olmur. Çünki məntiq işləmir. Üzümüzə gələn ildə yeni parlament seçkiləri keçirilməlidir, yeni parlament formalaşmalıdır. Hələ bəlli deyil, Azərbaycan hakimyyəti hansı formada seçkilərə gedəcək, hansı qaydada parlamenti formalaşdıracaq, kimlər orada olacaq. Onun özü proseslərə təsir edən amillərdən biridir. Azərbaycan hakimiyyəti bu dəyişimləri davam etdirəcəkmi, bu da bəlli deyil və kimlərlə davam etdircək, hələ dəqiq bir şey demək olmur. Çünki  çox şey bizdən asılı deyil, hakimiyyətin  atacağı addımlardan asılıdır. Hakimiyyət bəzən məntiqə uyğun addımlar atmır. Ona görə, bir söz demək olmur”.

“Müxalifətin son illər ərzində ilk dəfə şəhərin mərkəzində icazəsiz aksiya keçirməsi ilə yadda qaldı”

Картинки по запросу Əhməd Oruc

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə qeyd etdi ki, bu il siyasi səhnə çox aktiv oldu, çoxlu hadisələr oldu: “Mənim üçün yadda qalan əsasən Azərbaycan Xalq Hərəkatı ilə bağlı cəmiyyətdəki bir aktivləşmə, o istiqamətdə atılan addımlar, ondan sonra, onun hakimiyyət tərəfindən boğulması prosesi idi. Eyni zamanda Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan hakimiyyətinin təslimçilik kursu götürməsi yadda qalan oldu. Sonra müxalifətin son illər ərzində ilk dəfə şəhərin mərkəzində icazəsiz aksiya keçirməsi ilə yadda qaldı. Demək olar ki, yadda qalan  hadisələr bu il çox idi”.

“2020-ci ildən mənim gözləntilərim çox böyükdür”

Ə.Oruc düşünür ki, 2020-ci il çox aktiv il olacaq: “Bu, əsasən müxalifətin bir araya gəlməsi ilə bağlı məsələ ola bilər. Bu, alınacaqsa, cəmiyyətdə narazılıqların doğru yönləndirilməsi  mümkün olacaqsa, 2020-ci ildən mənim gözləntilərim çox böyükdür, olmayacaqsa, yenə seçkilər saxtakarlıqlarla yadda qalacaq və bu tip addımlar atıla bilər”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru