Salam, xoş gəlmisiniz.

ADP müxalifətin seçkiyə koalisiya şəklində qatılmasını TƏKLİF ETDİ

2019-12-03 11:43:15

ADP müxalifətin seçkiyə koalisiya şəklində qatılmasını TƏKLİF ETDİ

Bu alınmayacağı təqdirdə, partiya namizədlərin razılaşdırılması variantı üzrə müxalifətdaxili əməkdaşlığa nail olunması üçün addımların atılmasını zəruri hesab edir

Dünən Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata əsasən, iclasda ölkədə və dünyada ötən həftə ərzində baş verən mühüm siyasi hadisələrlə bağlı fikir mübadiləsi aparılıb.

İlk növbədə TANAP-la bağlı Türkiyədə keçirilən son toplantıya diqqət çəkən İdarə Heyəti bu layihənin Azərbaycanın  Avropaya inteqrasiyası və region ölkələri ilə münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətini nəzərə alaraq bu hadisəni əlamətdar tarixi və strateji hadisə kimi dəyərləndiriblər. Eyni zamanda qeyd edilib ki, bu cür beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsi təkcə strateji əhəmiyyəti ilə deyil, xalqımızın real iqtisadi vəziyyətinin yaxşılaşması ilə də özünü göstərməlidir.

İclasda həmçinin son zamanlar xarici siyasətimizdə müşahidə olunan Azərbaycan- Rusiya əlaqələrinin, Türkiyə-Rusiya münasibətlərinə uyğun qurulması tendensiyasının dövlətimizin strateji maraqlarına cavab verdiyini və təqdir edilməli olduğunu qeyd ediblər.

Ermənistan baş nazirinin Azərbaycanın işğal altında olan ərazisinə növbəti səfərinə toxunan partiya yetkililəri bunun Ermənistanın işğalçı tərəf olduğuna daha bir əsas olduğunu qeyd edib və hakimiyyəti bu səfərlərin davam etməməsi üçün kəskin siyasi və hərbi addımlar atmağa çağırıb.

Qeyd edilib ki, uzun müddət passiv mövqedə olan ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin dövlət başçılarının sammitinin keçirilməsi və Ermənistanın ilhaq siyasətinə münasibət bildirilməsi üçün dövlət səviyyəsində müvafiq təşəbbüsün qaldırılması da zəruridir.

Daha sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə əlaqədar yaranmış vəziyyətə dair müzakirəni davam etdirən demokratlar partiyanın nəzərdə tutulan seçkilərdə iştirakının vacib olduğunu, mümkün olarsa, müxalifətin geniş koalisiya şəklində seçkiyə qatılmasına cəhd edilməsini, bu alınmayacağı təqdirdə isə namizədlərin razılaşdırılması variantı üzrə müxalifətdaxili əməkdaşlığa nail olunması üçün addımların atılmasını zəruri hesab ediblər.

KƏNAN, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru