ADPU-nun nümayəndələri EQAC layihəsi çərçivəsində İsveçdə beynəlxalq təlimdə iştirak ediblər

ADPU-nun nümayəndələri EQAC layihəsi çərçivəsində İsveçdə beynəlxalq təlimdə iştirak ediblər

Oktyabrın 13-19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları İsveç Krallığının paytaxtı Stokholm şəhərində təlim səfərində olublar. Kral Texnologiya Universitetində (KTH) keçirilən “Ali təhsilin inkişaf etdirilməsi” adlı beynəlxalq təlimdə ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov və Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov iştirak ediblər.

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) adlı Erasmus+ layihəsi çərçivəsində İsveçin nüfuzlu universitetlərindən biri olan Kral Texnologiya Universitetində Azərbaycanın layihədə tərəfdaş olan 11 universitetinin nümayəndələri və dünyanın digər 6 ölkəsinin, o cümlədən,  Yaponiya, Çin, Braziliya, Argentina, Çili, Kolumbiyanın təmsilçiləri də iştirak ediblər.

5 gün davam edən təlimdə ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO standartlarının rolu və onun əsas prinsipləri istiqamətində Kral Texnologiya Universitetinin aparıcı mütəxəssisləri tərəfindən təqdimatlar nümayiş olunub, mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış və faydalı müzakirələr aparılıb. Təqdimatlarda KTH Kral Texnologiya İnstitutunda tədris prosesinin nümunələri, tələbələrin öyrənmə prosesinə cəlb edilməsi, dayanıqlı inkişaf məqsədlərinin tədris və fənn proqramlarına inteqrasiya imkanları, fəal təlimin əhəmiyyəti, tələblərdə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, müəllimin qrupla və qrup daxilində komandalarla iş prinsipləri, qiymətləndirilmə meyarları, növləri və s. haqqında danışılıb.

Təlim çərçivəsində KTH-in şəraiti, infrastrukturu ilə tanışlıq məqsədilə daxili ekskursiya da təşkil olunub. Bununla yanaşı oktyabrın 18-də tədbirdə iştirak edən azərbaycanlı nümayəndələrin təşkilatçılığı ilə təlimdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib. Beynəlxalq təlimin yekununda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Hurriyyet.org