Salam, xoş gəlmisiniz.

Azərbaycanda struktur islahatları və beynəlxalq standartlar

2019-12-03 14:07:22

Azərbaycanda struktur islahatları və beynəlxalq standartlar

İqtisadi inkişafa münbit şərait yaratmaq və ölkənin dinamik inkişafını təmin etmək baxımından struktur islahatları çox əhəmiyyətlidir. Müstəqil ekspertlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda struktur islahatlarının zəruriliyi uzun müddətdir səslənsə də, 2015-ci ildə baş verən iki ardıcıl devalvasiyadan və buna paralel olaraq iqtisadi göstəricilərin aşağı düşməsindən sonra Azərbaycan iqtisadiyyatında struktur islahatları ehtiyacı özünü daha çox biruzə verdi və hökumət bu məsələyə daha çox diqqət ayırmağa başladı. Təsadüfi deyil ki iqtisadi böhranın başlamasından sonra hazırlanan Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi və bu kimi sənədlərin hər birində daha effektiv idarəetmə sisteminə keçid və struktur islahatlarının davamlılığı xüsusi qeyd edilir. Bəs struktur islahatlarına ehtiyac nədən irəli gəlir və bu ehtiyacların ödənilməsi üçün struktur islahatları özündə nələri ehtiva edir? Struktur islahatlarının tərkib hissəsi kimi dəyərləndirilən institusional islahatlar və qanunun aliliyinin təmin edilməsi kimi məsələlər iqtisadi inkişafa hansı yöndən münbit şərait yarada bilər? Azərbaycanda struktur islahatlarına olan ehtiyacın daha çox ön plana çıxdığı sahələr hansılardır və həmin sahələrdə islahatların həyata keçirilməməsi hansı fəsadlara səbəb ola bilər? Yuxarıdakı sualları cavablandırmaqla mən iddia edirəm ki, struktur islahatları sistemin davranış formasının və yanaşmasının dəyişməsini ehtiva edir və bu prosesdə şəffaflığın və hesabatlılığın təmin edilməsi çox vacibdir.

Yeni kadr islahatları və struktur dəyişiklikləri

2019-cu ilin əvvəllərindən etibarən bir neçə dövlət qurumunun ləğv edilməsi və ya birləşdirilməsi prosesinin başlanması, yeni kadr təyinatları, bəzi sahələrdə islahatların dərinləşdirilməsilə bağlı fərmanların imzalanması, eyni zamanda, iqtidar partiyası tərəfindən hakimiyyətin möhkəmləndirilməsindən sonra rast gəlinməyən şəkildə məmurların xalqla daha səmimi və yaxın təmasa keçməsi (Qafqazinfo 2019), uzun zamandır həllini gözləyən bir neçə sosial-məişət, eləcə də, siyasi problemlərin həll edilməsi və dövlət rəsmiləri tərəfindən bu prosesin davamlı olacağının bildirilməsi fonunda, cəmiyyətdə struktur islahatları ilə bağlı müzakirələr geniş vüsət almağa başladı. Müzakirələrdə ən çox ön plana çıxan məsələlərdən biri də hansı addımların struktur islahatları kimi dəyərləndirilə bilib-bilməyəcəyi məsələsidir.

Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankı kimi qurumlar başda olmaqla, bir çox beynəlxalq təşkilatlar struktur islahatlarının təşviqini və bu istiqamətdə fəaliyyət göstərən ölkələrə müvafiq dəstəyin göstərilməsini öz fəaliyyətlərinin prioritet istiqamətlərindən biri hesab edir. Avropa İttifaqı isə birliyə üzv olmaq üçün tələb edilən ön şərtlərdən biri olaraq struktur islahatlarının vacibliyini müəyyən etmişdir. Dünya Bankının İnkişaf Problemlərinin Araşdırılması Qrupu tərəfindən hazırlanan Dövlət idarəetməsinin əhəmiyyəti (Governance Matters) adlı hesabatda uğurlu iqtisadi və sosial inkişafın təmin edilməsi baxımından dövlət idarəetməsində iştirakçılıq, hesabatlılıq, siyasi stabillik, idarəetmənin effektivliyi, qanunun aliliyi və s. müxtəlif göstəricilər təhlil edilir və bu göstəricilərin təmin olunmasının ən mühüm vasitələrindən biri kimi struktur islahatları göstərilir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) struktur islahatlarını iqtisadiyyatdakı resursların bölüşdürülməsinin səmərəliliyinin və effektivliyinin artırılmasına yönələn siyasət mexanizmləri olaraq xarakterizə edir. Bu yanaşmaya əsasən, ilk növbədə iqtisadiyyat daxilindəki bəzi dairələrin haqsız olaraq əldə etdikləri renta gəlirlərini ortadan qaldırmaq lazımdır. Bu vəziyyəti dəyişmək üçün təklif edilən siyasət alternativlərində kiçik və orta ölçülü şirkətlərin böyük inhisarçı şirkətlərə qarşı bazarda fəaliyyət göstərə bilmələrini təmin edən rəqabət siyasətinin həyata keçirilməsi və vergi bazasının genişləndirilməsi vasitəsilə vergi dərəcələrinin azaldılmasını təmin edən reformlar təklif edilir.

Rentabelli inkişaf islahatlarının səmərəsi

Haqsız renta gəlirlərini aradan qaldırmaq yolu ilə maddi vəsaitlərin daha ədalətli bölüşdürülməsini hədəfləyən struktur islahatlarının bu məqsədinə çatmasının qarşısında iki böyük əngəl olduğu qeyd edilir. Bunlardan ilki maraqları təhlükə altına düşdüyü üçün bəzi dairələrin həmin reformların əleyhinə başlatdıqları fəaliyyətdirsə, digər tərəfdən, dəyişikliklərdən daha çox qazanc əldə edəcək olan cəmiyyətin, bu müsbət təsiri daha uzun zaman müstəvisində hiss edəcəyi üçün islahatların faydalarını tam anlamamaqları səbəbindən prosesə yetərincə dəstək göstərməmələridir. İƏİT tərəfindən yayımlanan The Political Economy of Reform adlı araşdırmada 10 üzv ölkənin struktur islahatları ilə bağlı təcrübələrinə əsaslanaraq çıxarılan nəticələrə görə, struktur islahatlarının uğurlu olması üçün ilkin şərt bəhs edilən islahatların həyata keçirilməsini asanlaşdıracaq şəkildə cəmiyyətdən demokratik konvensiyalara uyğun olaraq səlahiyyət əldə etməkdir. İctimaiyyətin dəstəyini almadan səssizcə həyata keçirilən və ya qəfildən ortaya çıxan sürpriz islahatlar ancaq çox qısa müddət ərzində böyük dəyişikliklərə səbəb olduğu halda rəğbət qazana bilir. Qısa müddətdə bəzi göstəricilərin yaxşılaşdırılmasına nail olmaq mümkün olsa da, bu müddət ərzində həyata keçirilən struktur islahatlarını gözlənilən böyük dəyişikliklərə səbəb ola bilmir. İctimaiyyət tərəfindən dəstəyin əldə edilməsi baxımından ünsiyyət çox böyük əhəmiyyət daşıyır. Belə ki, reformların təsir edəcəyi qruplara və seçicilərə reformun gərəkliliyini anlatmaq və islahatların həyata keçirilməyəcəyi təqdirdə ortaya çıxacaq xərclərin effektiv bir şəkildə izah edilməsi zəruridir. Bunun üçün islahatlara başlamadan öncə dərin və əhatəli araşdırmaların və analizlərin hazırlanması lazım gəlir. Tədqiqat nəticəsində gəlinən qənaətlərdən biri də odur ki, mövcud sistemdə təlatümlərin meydana çıxdığı, ictimai-siyasi aktivliyin daha çox olduğu ölkələrdə struktur islahatları daha da effektiv olur. Mövcud sistemin oturuşduğu və hər şeyə nəzarət etdiyi hallarda isə, islahatların uğurla həyata keçirilməsi daha çətin başa gəlir. Struktur islahatları ilə bağlı məsələlər müxtəlif beynəlxalq təşkilatlar qədər regional qurumlar və ayrı-ayrı iqtisadçıların fəaliyyətində də mühüm yer tutur. Məsələn, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) struktur islahatları aparılan sahələrdən asılı olaraq dövlətin oynadığı rolu 3 qrupda təsnif edir. Bunlardan ilki dövlətin hakim qismində çıxış ediyi sahələrdir. Dövlətin azad rəqabəti təmin etməklə bağlı fəaliyyətini bu qrupa daxil edə bilərik. İkinci qrupa isə dövlətin xidmət təklif etdiyi sahələr aid edilir. Bu qrupa təhsil və səhiyyə xidmətlərini aid etmək mümkündür. Üçüncü qrupa isə, dövlətin həm hakim, həm də xidmət təklif edən qismində çıxış etdiyi sahələr aid edilir. Bu cür sahələrə ədliyyə və məhkəmə xidmətini misal göstərə bilərik. Bir çox ölkələrdə hökumətlərin müxtəlif dövrlərdə həyata keçirdikləri islahatları davamlı olaraq araşdıran Dani Rodrikin fikrincə, inkişafa nail olmaq baxımından yüksək keyfiyyətli dövlət qurumları mühüm rol oynayır. Cəmiyyətdəki institutların işinin səmərəli təşkil edilməsi üçün keyfiyyətli dövlət qurumları və idarəetmə sistemi çox vacibdir. Buna əsasən, struktur islahatlarının bir parçası olaraq institusional islahatlara da xüsusi əhəmiyyət vermək lazımdır.

İnstitusional islahatlar və idarəetmənin keyfiyyətinin yüksəldilməsi

İqtisadi artım və inkişafla bağlı məsələlərdə tətbiq edilən modellərlə yanaşı cəmiyyətdəki institutlar və hökumətin siyasəti də nəzərə alınmalıdır. Bu baxımdan, inkişaf siyasətini sadəcə ölkədə kapitalın çoxluğu ilə əsaslandırmaq və iqtisadi artım problemini sadəcə valyuta ilə yükləməklə həll etmək mümkün deyil. Dünyada maddi resurslarla zəngin olan bir çox ölkənin hələ də dayanıqlı inkişafa nail ola bilməməsi bunun ən bariz göstəricilərindən biridir. Siyasətin icrası üçün istifadə olunan alət və tədbirləri institutlarla qarışıq salmamağın vacibliyini vurğulamaq lazımdır. Burada tarif və vergi rejimlərinin dəyişilməsi məsələnin daha sadə tərəfidir. İşin daha əhəmiyyətli tərəfi dövlət sektoru daxilində davranış modellərinin və hökumətin müxtəlif sahələrə nəzərən münasibətinin necə dəyişməsidir. Ona görə də islahatlardan gözlənilən əsas dəyişikliklər yeni kəmiyyət məhdudiyyətləri və tariflərin səviyyəsi yox, ondan sonrakı mərhələdə qərarların necə qəbul edilməsi və necə icra edilməsinə münasibətdə yaradacağı yeni qaydalar və gözləntilərdir. Bu cür islahatlar həm də inkişafın təmin edilməsi siyasətinin necə olması ilə bağlı yeni bir yanaşmanın ortaya çıxarılması ilə xarakterizə olunur və sonda nəhəng miqyaslı institusional islahatlara çevrilir. Həyata keçirilən islahatların iqtisadi aktivliyə mənfi təsir göstərən davranış stereotiplərinin dəyişilməsinə hədəflənməsi də çox vacibdir. İnstitusional islahatlar yalnız siyasətin parametrlərini yox, həm də indiyəcən mövcud olmuş və inkişafa mane olan davranış stereotiplərini dəyişməlidir.

İqtisadi qurumların hansı formada fəaliyyət göstərdiyini və necə bir təkamül prosesi keçəcəyini müəyyən edən siyasi qurumlardır. Bu baxımdan artıq iqtisadi inkişafla bağlı məsələlərdə iqtisadi göstəricilərlə yanaşı siyasi azadlıqların təmin edilməsi, mətbuat və vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün imkan yaradılması, siyasi iştirakçılıq kimi anlayışlar da əhəmiyyət qazanıb. Bu yanaşmaya əsasən, ölkələrin inkişaf səviyyələri onların coğrafi mövqelərinə, sahib olduqları təbii sərvətlərə və ya digər şərtlərə görə deyil, məhz malik olduqları institutların və idarəetmə sisteminin keyfiyyəti ilə əlaqədardır. Çünki, inklüziv institutlar ilk növbədə ölkənin potensialını ən yaxşı şəkildə göstərə biləcəyi şərait yaratmaq üçün cəmiyyətə bərabər şərait yaradan təşkilatlardır.
Mülkiyyət hüquqlarının təmin edilmədiyi, yaradıcı fikirlərin dəstəklənmədiyi və təşviq edilmədiyi bir cəmiyyətdən öz potensialını reallaşdırmasını gözləmək mümkün deyil. Buna görə də institusional islahatlar vasitəsilə işlək siyasət mexanizmlərinin formalaşdırılması struktur islahatlarının ən vacib elementlərindən biridir. İslahatların cəmiyyətə töhfəsi cəmiyyətdə iqtisadi artımı təmin edə bilən mühiti yarada bilməsi ilə ölçülür: iqtisadi artım nəyin hesabına təmin olunur və bu nə qədər dayanıqlı bir mexanizmdir. Başqa sözlə, islahatların qiymətləndirilməsi meyarı – ölkədə keyfiyyətli institusional mühitin yaradılmasına onun verdiyi töhfənin səviyyəsidir. Bəhs edilən siyasi qurumların və institutların fəaliyyətinin təkmilləşdirilməsi hüquqi mexanizmlər tələb etdiyi üçün struktur islahatlarının ən vacib tərkib hissələrindən biri də hüququn aliliyinin təmin edilməsi ilə bağlı məsələlər hesab edilir.

(ardı var)

“Hürriyyət”

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93