Salam, xoş gəlmisiniz.

Azərbaycanın xarici ticarət əlaqələrinin tənzimlənməsi

2019-12-10 14:17:10

Azərbaycanın xarici ticarət əlaqələrinin tənzimlənməsi

Müasir dövrdə dünyada geniş vüsət alan qloballaşma prosesi, beynəlxalq əmək bölgüsünün dərinləşməsi, təsərrüfat həyatının beynəlmiləlləşməsi milli iqtisadiyyatların dünya təsərrüfat münasibətlərinə daha sıx qoşulmasına səbəb olur və ölkələr arasında qarşılıqlı əlaqə və asılılıqları daha da gücləndirir. Belə bir şəraitdə beynəlxalq iqtisadi münasibətlərin əsas və ən qədim forması kimi beynəlxalq ticarət milli iqtisadiyyatların inkişafında və dünya təsərrüfatı sisteminə səmərəli inteqrasiyasında mühüm rol oynayır. Dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya istiqaməində Azərbaycan bir tərəfdən iqtisadiyyatın səmərəli strukturunu formalaşdırmaq, daha mütərəqqi texnika və texnologiyaları, elmi yenilikləri əldə etmək, digər tərəfdən də beynəlxalq əmək bölgüsündə malik olduğu üstünlükləri reallaşdırmaq məqsədlərinə nail olmalıdır. Məhz bu səbəbdən xarici ticarət əlaqələrinin inkişaf etdirilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyanın təmin olunması Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların strateji istiqamətlərindən biri olaraq müəyyən edilmişdir.

Xarici ticarət əlaqələrində rəqabətədavamlılığın təməl görüşləri

Xarici ticarətdə rəqabətqabiliyyətli olmaq və ticarətdən daha çox fayda əldə etmək üçün Azərbaycan öz iqtisadiyyatını beynəlxalq əmək bölgüsünün tələblərinə uyğun olaraq diversifikasiya etməli və struktur dəyişiklikləri aparmalıdır. Həmin dəyişikliklər elmi baxımdan əsaslandırılmış tədqiqat və təhlillərin nəticələrinə söykənməlidir. Başqa sözlə, iqtisadiyyatın dünya bazarlarında rəqabətqabiliyyətli olan, həmçinin iş yerlərin və gəlirlərin yaradılması, ixracın stimullaşdırılması, xarici investisiyaların cəlb edilməsi sahəsində potensial müqayisəli üstünlüyə malik olan qeyri-neft sektorlarının məhsullarının müəyyən edilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Hazırki şəraitdə dünya bazarlarında rəqabətin daha da güclənməsi səbəbindən hansı Azərbaycan məhsullarının müqayisəli üstünlüyə malik olması məsələsinin aktuallığı və əhəmiyyəti artmaqdadır. Bazar iqtisadiyyatı şəraitində Azərbaycanın xar ici ticarət siyasətinin beynəlxalq hüquq normalarına uyğun və dünya təcrübəsinə əsaslanan, həmçinin milli iqtisadiyyatın inkişaf xüsusiyyətləri və perspektivlərinin də nəzərə alınması ilə formalaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bu cür mühüm, mürəkkəb və çoxcəhətli məsələlərin həlli xarici ticarət əlaqələrinin kompleks tədqiqini, onun əmtəə və coğrafi strukturunun, inkişaf problemlərinin öyrənilməsini və gələcək perspektivlərinin müəyyən edilməsini, eləcə də xarici ticarət əlaqələrinin tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətlərinin araşdırılmasını tələb edir və bu tədqiqatlar böyük aktuallıq kəsb edir.

Çevik ticarət müasir standartların əsas şərtlərindən biridir

Dünya ölkələrinin əsrlər boyu bir-birilə iqtisadi əlaqələr yaratmaq üçün istifadə etdiyi ən çevik və ən-ənəvi mexanizm xarici ticarət olmuşdur. Hər bir ölkənin iqtisadi nailiyyəti onun xarici ticarətinə əsaslanır. Xarici ticarət - milli təsərrüfatlar arasında əmtəə və xidmətlərlə mübadilədir. Başqa sözlə, xarici ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında əmək məhsulları (əmtəə və xidmətlər) ilə mübadilə sistemidir. Xarici ticarət əlaqələri istər ayrı-ayrı ölkələrdə, istərsə də dünya miqyasında ictimai həyatın ayrılmaz və mühüm tərkib hissəsinə çevrilmişdir. Bu ölkələrin əmtəələrə tələb ve onların istehsal bacarığı fərqindən yaranır. Yəni bir ölkə hər hansısa bir əmtəəni ölkəsindəki tələbdən daha artıq istehsal edir və nəticədə onu beynəlxalq ticarət vasitəsilə dünya bazarına çıxardır. Dünya bazarı isə bu məhsula ehtiyacı olan ölkələrə məhsulu əmtəə şəklində təklif edir. Bəzən isə hansısa ölkə müəyyən məhsula görə ixtisaslaşıbsa o məhsuldan daha artıq istehsal edir ve dünya bazarına əmtəə şəklində çıxardır. Çıxartdığı əmtəəni isə ehtiyacı olan məhsula dəyişir. Xarici ticarət əksər dövlətlərin iqtisadi siyasətinin həlledici amillərindən birinə çevrilmişdir. Xarici ticarətsiz iqtisadi böhranlardan çıxmaq, iqtisadi inkişafı təmin etmək, bazar iqtisadiyyatına keçmək, dünya iqtisadiyyatına inteqrasiya etmək mümkün deyildir. Xarici ticarət fəaliyyəti strategiyasında milli maraqların qorunmasında xarici ticarətin əsaslandırılmış istiqamətinin seçilməsi mühüm əhəmiyyətə malikdir. Xarici ticarət dünya dövlətləri arasında yaranan beynəlxalq iqtisadi münasibətlərin ən əsas forması olub, geniş bir struktura malikdir. Xarici ticarət idarəetmə, maliyyə, kredit, qiymət, informasiya, kommersiya və s. kimi strukturları özündə birləşdirir. Xarici ticarət qlobal, regional, institutsional və funksional xüsusiyyətlərə malik tədavül sferasıdır.

Xarici ticarəti şərtləndirən amillər aşağıdakılardan ibarətdir:

• yerli istehsalın kifayət etməməsi;

• müxtəlif ölkələrdə fərqli əmtəələr istehsalı;

• əmtəələrin qiymətinin beynəlxalq miqyasda fərqlənməsi.

Müasir dövrdə dünyanın bir sıra ölkələrinin bazar iqtisadiyyatı sisteminə keçməsi beynəlxalq ticarətin genişlənməsi üçün perspektivlər açır. Belə ki, gənc dövlətlərin milli iqtisadiyyatının formalaşması və inkişafı yalnız daxili imkanlarla deyil, əhəmiyyətli dərəcədə xarici amillərlə - beynəlxalq iqtisadi əlaqələrin bütün formalarından, xüsusilə xarici ticarət əlaqələrindən daha geniş və səmərəli istifadə edilməsilə bağlıdır. Xarici ticarət özündə idxal və ixrac əməliyyatlarını birləşdirir. Xarici ticarət ixracdan, yəni əmtəə və xidmətlər göndərilməsindən və idxaldan, yəni əmtəə və xidmətlər gətirilməsindən ibarətdir. Xarici ticarət daha çox inkişaf etmiş ölkələr üçün əlavə gəlir götürmək mənbəyidir. Belə ki, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrə əmtəə və xidmətlər nisbətən yüksək qiymətlə satılır, bu ölkələrdən isə xammal aşağı qiymətlə alınır. Beləliklə də, külli miqdarda qazanc əldə edilir.

Dövlətlər nə üçün ticarət edir? Bu sualın cavabını hər şeydən əvvəl BƏB-i şərtləndirən amillərdə axtarmaq lazımdır. Bu ölkələr arasında iqtisadi ehtiyatlar qeyri-bərabər bölünmüşdür. Başqa sözlə iqtisadi ehtiyatlarla təmin olunma və iqtisadi potensial baxımından ölkələr bir-birindən ciddi surətdə fərqlənirlər. Yəni, bir ölkənin torpağı bol ola bilər, digərinin işçi qüvvəsi.

İnformasiya bankı və beynəlxalq ticarətin düsturu

Müxtəlif ölkələr kapital, neft, mineral ehtiyatlar üzrə ixtisaslaşmasına, əmək və tropik iqlim kimi digər faktorlara müxtəlif dərəcədə malik olmasina görə fərqlənirlər. Məsələn, Yaponiya yaxşı təhsil görmüş işçi qüvvəsinə malikdir, burada ixtisaslı əmək bol olduğu üçün ucuzdur. Ona görə Yaponiya elm tutumlu məhsulları səmərəli istehsal etmək qabiliyyətinə malikdir. Avstraliya isə, əksinə geniş torpaq sahələrinə malikdir, ancaq işçi qüvvəsi və kapital çatışmazlığı var. Ona görə də bu ölkə buğda, yun, ət kimi “torpaqtutumlu” mallar istehsal edə bilər. Əgər xarici ticarət əlaqələri olmasaydı əksər ölkələr müəyyən məhsullarsız qalardılar. Məsələn, Islandiyanın kömürü yoxdur, Britaniyanın qızıl və alüminiumu, Isvecin isə nefti yoxdur. Ölkənin özünün istehsalı üçün əlverişli mövqedə olmasına baxmayaraq, əmtəəni ölkələr arasında hərəkət etdirən nisbi qiymətlərdəki fərqlərdir. Böyük daxili tələb və beləliklə də nisbətən yüksək qiymət ölkənin bu əmtəənin idxalçısı olması deməkdir. Xarici ticarət əlaqələri rəqabəti artırır və istehsalın effektivliyinin artmasina təkan verir. Xarici ticarət əlaqələri ölkələr arasında mənfəətli siyasi əlaqələrin yaradilmasına təkan verir. BİM-in əsas formalarından biri olan xarici ticarətin ilk işartıları hələ quldarlıq dövründə müşahidə edilməyə başlanmışdır. Buna görə də o BİM-in tarixən birinci və hazırda ən inkişaf etmiş forması sayılır. Xarici ticarət əlaqələrinin formalaşması qədim tarixə malikdir.

Azərbaycanın BİM sistemində XTƏ-nin inkişafını şərtləndirən amillər

Dünya təsərrüfatının və bazarın formalaşmasında beynəlxalq iqtisadi müxtəlif dövrlərdə dünyanın 152-dən çox xarici dövləti ilə iqtisadi münasibətlərdə olmuşdur. Onlardan MDB üzvü olan ölkələr daha böyük paya malikdir. Daha çox əmtəə mübadiləsi aparılan digər ölkələrə isə İtaliya, Rusiya, Türkiyə, Fransa, İsrail, ABŞ, İsveçrə, Gürcüstan, İngiltərə, Almaniya, İran və s. bu kimi dövlətlər daxildir. Şübhə yoxdur ki, beynəlxalq iqtisadi münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün ən başlıca amil xarici portnyorların marağıdır. Onlar daha çox mənfəət götürməyə və yeni satış bazarı ələ keçirməyə, daha ucuz iş qüvvəsini tapmağa, texniki yenilikləri və texnologiyanı tətbiq etməyə, sərfəli xammal və enerji mənbələri ələ keçirməyə, habelə turizm imkanları tapmağa çalışırlar. Hazırda suverenlik və iqtisadi müstəqillik yoluna qədəm qoymuş Azərbaycanın xarici ölkələrlə qarşılıqlı fayda verən əlverişli iqtisadi münasibətləri genişlənməkdədir. Belə bir əlaqələrin yaradılması üçün Azərbaycanda həm istiqlaliyyətmizin iqtisadi təməlinin möhkəmləndirilməsini əldə edə biləcək ictimai-siyasi qüvvə və həm də zəruri iqtisadi potensial imkanları mövcuddur. Bu baxımdan xarici iqtisadi münasibətlərin genişləndirilməsi və iqtisadi fəaliyyətin səmərəliliyinin təmin olunması üçün aşağıdakı istiqamətlərdə iş aparılmalıdır:

-Ölkənin ixrac potensialının, onun inkişaf istiqamətlərinin düzgün

qiyməytləndirilməsi və müəyyənləşdirilməsi;

-İdxal əvəzedici sahələrin inkişaf imkanları və prespektivlərinin araşdırılması;

-Xarici maliyyə-kredit resurslarının Azərbaycan Respublikasına cəlb edilməsi;

-İqtisadi təhlükəsizlik konsepsiyasının işlənməsi və reallaşdırılması;

-İnteqrasiya prosesinin tənzim edilməsi və.s.
Bu gün Azərbaycan xarici ticarət əlaqələrini ancaq ənənəvi təsəvvürlər əsasında, yəni ölkədə artıqlıq edən istehsal amillərinin ixracı və qıt olan istehsal amillərinin idxalı prinsipi əsasında qurmaq mütləq zərurət deyildir. Yanacaq sənayesinin üstün inkişafı və ixrac yönümlüyünə müəyyən dövr ərzində iqtisadiyyatın digər sahələrinin inkişafı üçün ancaq istinad kapitalının mənbəyi kimi baxılır. Bu isə Azərbaycanın struktur investisiya siyasətinin strateji məqsədi kimi qiymətləndirilir. Qeyd edək ki, dünya dövlətləri ilə sərbəst iki tərəfli əlaqə, beynəlxalq iqtisadi inteqrasiya prosesinin surətləndirilməsi və dünya bazarı ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar açılmışdır. Azərbaycanın ümumdünya təsərüfatı ilə çoxtərəfli və intensiv inteqrasiyasındakı uğurlar xeyli dərəcədə xarici ticarət əlaqələri ilə bağlıdır. Bu işdə Azərbaycanda xarici ticarətin və valyuta tənzimlənməsinin liberallaşdırılması mühüm addım olmuşdur. Bu gün dünyada baş verən köklü keyfiyyət dəyişilikləri, o cümlədən beynəlxalq əmək bölgüsünün yeni əsaslar üzərində dərinləşməsi, qlobal problemlərin kəskinləşməsi, elmi-texniki tərəqqinin inqilabi xarakter alması və s. beynəlxalq iqtisadi münasibətlərdə inteqrasiya prosesində obyektiv zərurətə çevirilmişdir. Bunun nəticəsidir ki, hazırda tədricən iqtisadi sərhədlərin silinməsi, bütün dünyada eyni qanunlara tabe olan vahid iqtisadi məkanın yaranması prosesi gedir. Dünya dövlətləri dünya təsərüfat sisteminə fəal surətdə qoşulmaqla bir tərəfdən özlərinin müvafik ehtiyyatları olmadığı halda belə cəmiyyətin təlabatını daha dolğun ödəmək, iqtisadiyyatın səmərəli strukturunun formalaşdırmaq və s. bu kimi mühüm problemləri həll etmək, digər tərəfdən isə özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları üstünlükləri reallaşdırmaq imkanı əldə etmiş olurlar.

Perspektivli əlaqələrin inkişaf yolu

Beynəlxalq iqtisadi münasibətlərin sonrakı inkişafı perspektivləri, dünya bazarının həcminin artması imkanları beynəlxalq əmək bölgüsünün inkişafı dərəcəsi ilə, onun daha yüksək tiplərinə keçidlə müəyyən edilir. Lakin beynəlxalq əmək bölgüsünün beynəlxalq iqtisadi münasibətlərin əsası kimi inkişaf imkanlarından sosialist iqtisadiyyatı şəraitində idarəetmənin inzibati-amirlik metodları və bazar münasibətləri sferasının darlığı səbəbindən kifayət qədər geniş və səmərəli istifadə edilmirdi. Iqtisadiyyatın həddən artıq dərəcədə dövlətin mülkiyyətində olması səbəbindən beynəlxalq iqtisadi münasibətlərin subyekti kimi əsasən dövlət çıxış edirdi. Keçmiş sovet respublikaları, xüsusilə də Azərbaycan dünya bazarlarına mərkəz vasitəsilə çıxırdılar. Müəssisələr isə müstəqil surətdə beynəlxalq bazarlara çıxmaq səalhiyyətlərinə malik deyildilər. Buna görə də beynəlxalq iqtisadi münasibətlərin islahatı ilk növbədə aşağıdakıları özündə əks etdirməli idi:

• idarəetmənin həddən artıq mərkəzləşdirilmiş plan-sərəncamverici metodlarından bazar prinsiplərinə keçid;

• beynəlxalq iqtisadi münasibətlərin dövlətləşdirilməsinin qarşısının alınması;

• beynəlxalq iqtisadi münasibətlərin köklü surətdə liberallaşdırılması.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin 5 aprel 1994-cü il tarixli “Xarici ticarətin liberallaşdırılması haqqında” fərmanı mühüm əhəmiyyət kəsb edir. Bu fərmanla xarici ticarət üzərində dövlət inhisarı aradan qaldırılmış və müstəqil xarici iqtisadi fəaliyyət prinsipi tətbiq edilmiş, xarici iqtisadi fəaliyyətin tənzimlənməsi sisteminin transformasiyasına təkan vermişdi. Beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı ilk növbədə ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsini tələb edir ki, bu zaman da əsas istiqamətlərdən biri beynəlxalq iqtisadiyyatı tənzimləyən müxtəlif təşkilatlarla əlaqələri genişləndirməkdən ibarət olmalıdır. Azərbaycan da müstəqillik qazandığı ilk illərdən etibarən beynəlxalq təşkilatlarla əlaqələr qurmağa və bu əlaqələri dərinləşdirməyə çalışmışdır. Azərbaycan Respublikasının beynəlxalq iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır.

(ardı var)

“Hürriyyət”

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93