Salam, xoş gəlmisiniz.

Bağdadinin ölümü İŞİD-in sonunu gətirəcək? - EKSPERTLƏRDƏN ŞƏRH

2019-10-29 12:14:16

Bağdadinin ölümü İŞİD-in sonunu gətirəcək? - EKSPERTLƏRDƏN ŞƏRH

Məhəmməd Əsədullazadə: "Çinin "Bir qurşaq, bir yol" qlobal əhəmiyyətli siyasi-iqtisadi layihəsinin qarşısını almaq üçün İŞİD-dən istifadə olunması istisna deyil"

Turan Rzayev: "İŞİD-in digər terror təşkilatından fərqi odur ki, o, ondan gözlənilən nəticəni əldə etdi"

"Bağdadinin ölümü həm İŞİD-in sonu, həm də Yaxın Şərqdə terrorun zəifləməsi ilə müşahidə olunacaq"

“Bağdadi gizli bir yerdə yeni bir həyata başlamış da ola bilər. İstənilən halda ABŞ hədəflərini həyata keçirmək fürsəti tapıb. Bağdadinin ölüm "kozır"ı Trampın uğurlarından biri kimi istifadə ediləcək. Tramp bundan məğlubiyyət təhlükəsi olan prezident seçkiləri zamanı istifadə edəcək"

"İndi onların yeni adı, yeni rəhbərliyi olacaq. Ancaq məqsəd yeni görünsə də, Vaşinqtonun beynəlxalq nizamda dəyişikliklərə, xüsusən Rusiya və Çinlə bağlı yeni dünya nizamının yaradılmasına izn verməmək vasitəsi olaraq qalacaq"

Oktyabrın 27-də Suriyada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, artıq ABŞ prezidenti Donald Tramp sözügedən informasiyanı təsdiqləyib. Belə ki, bu barədə axar.az-da yer alan xəbərə görə, Tramp İdlib vilayətində keçirilən xüsusi əməliyyat nəticəsində Bağdadinin və bir çox silahdaşının öldürüldüyünü bəyan edib. ABŞ prezidenti bildirib ki, İŞİD terror qruplaşmasının lideri üzərindəki "kamikadze jileti"ni partladaraq 3 uşağını da öldürüb: "ABŞ heyəti möhtəşəm idi, heç bir heyət üzvümüzü itirmədik".

Bağdadinin zərərsizləşdirilməsi məqsədiylə keçirilən əməliyyata 8 vertolyot və 2 pilotsuz təyyarə cəlb olunub

Yayılan digər informasiyada isə deyilir ki, Bağdadi Türkiyə-Suriya sərhdi yaxınlığındakı Barişa kəndində həyata keçirilən xüsusi əməliyyatla məhv edilib. Qeyd olunur ki, 4 saat davam edən əməliyyatda ABŞ ordusunun 8 vertolyotu və 2 pilotsuz təyyarəsi istifadə edilib. O da bildirilir ki, əməliyyat gecə yarısı, saat 00.00 radələrində başlayıb. Əvvəlcə bölgəyə 8 ABŞ vertolyotu və 2 pilotsuz təyyarəsi gəlib, onlar havadan Barişa kəndi ətrafındakı hədəfi bir saat yarım ərzində intensiv atəşə məruz qoyublar. Vertolyotlara yerdə Bağdadini qoruyan İŞİD yaraqlıları iriçaplı pulemyotlarla cavab atəşi açıblar. Lakin ABŞ vertolyotları 1.5 saata yaxın davam edən intensiv atəşdən sonra bölgədən ayrılıb. Yarım saat sonra vertolyotlar yenidən geri qayıdıb və hədəfi vurmaqda davam edib. Paralel olaraq vertolyotlardan ABŞ xüsusi təyinatlıları yerə endirilib. Döyüşün ikinci mərhələsi 2.5 saata yaxın davam edib. Cəmi 4 saatdan çox çəkən əməliyyatın ardınca vertolyotlar bölgədən uzaqlaşıb. Bölgəyə gedən tibb işçiləri əməliyyatın keçirildiyi yerdə tamamilə yerlə bir edilmiş ev və bir neçə yanmış çadır gördüklərini vurğulayıblar.

İŞİD terror qruplaşmasının yeni lideri Bağdadinin varisi Abdullah Kardaşdır

Tramp həmçinin, Bağdadidən sonra İŞİD liderinin kim olacağını və onun harada olduğunu bildiklərinin də söyləyib. ABŞ prezidentinin bu açıqlamasını şərh edən SETA Vaşinqton (Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondu) koordinatoru Kadir Üstün Amerika tərəfinin özü üçün lazım olan əməliyyatları icra etdiyini deyib: "Bu əməliyyatların qanuniliyi, beynəlxalq hüquqa uyğunluğu çox zaman araşdırılmır. Regiondakı ölkələrlə koordinasiyalı şəkildə həyata keçirilir. Bağdadinin öldürülməsindən sonra yerinə kim gəlirsə-gəlsin, bu qədər qüvvətli fiqur olmayacaq. Artıq Suriyada geniş əraziyə nəzarət edilmir". Nəzərinizə çatdıraq ki, bəzi iddialara görə, artıq İŞİD Bağdadinin yerinə Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Kardaşı seçib. "Newsweek" nəşri kəşfiyyat xidmətindəki mənbələrə, həmçinin "Amaq" agentliyinə yaxın mənbələrə istinadən yaydığı informasiyada bunu təsdiqləyib. Belə ki, nəşrin iddiasına görə, Bağdadi bu ilin avqust ayında Abdullah Kardaşı özünə varis təyin edib. Bununla bağlı "Newsweek"ə məlumat verən mənbənin sözlərinə görə, son günlərdə əl Bağdadinin təşkilat lideri kimi rolu artıq simvolik əhəmiyyətə malik olub. Yəni o, artıq nə əməliyyatlarda, nə də qruplaşmanın gündəlik işlərində iştirak edirdi. Abdullah Kardaşa gəlincə, İraq türkməni olduğu iddia edilən bu şəxs Bağdadi ilə birlikdə Amerika həbsxanasında olub və onlar oradan birlikdə qaçıblar.

Trampın milli təhlükəsizlik üzrə müşaviri Bağdadi ilə Üsamə bin Laden kimi davrana biləcəklərini vurğulayıb

Bu arada, Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Frans Klintseviç hesab edir ki, ABŞ-ın Bağdadinin zərərsizləşdirilməsinə dair bəyanatları seçkiqabağı təşviqat xarakteri daşıyır. Onun sözlərinə görə, amerikalılarda heç bir şey təsadüfən baş vermir: "Əgər bu, yaxşı "bəzədilsə", Trampa müəyyən uğur da gətirəcək. Çünki bütün bunlar eyni zamanda, seçkiqabağı siyasi xarakter daşıyır".

İŞİD terror təşkilatının liderinin yerinin müəyyən edilməsinə gəlincə, teleqraf.com xəbər verir ki, Bağdadinin yeri onun arvadlarından birinin vasitəsilə tapılıb. Belə ki, onun arvadını və kuryerini həbs edib danışdıran kəşfiyyatçılar bundan əlavə iraq və kürd xəfiyyələrinin köməyi ilə Bağdadinin Suriyanın şimalında bir kənddə gizləndiyini öyrəniblər. CNN televiziyasının yaydığı məlumatda isə deyilir ki, İŞİD-in məhv edilən liderinin qalıqları dənizə atılacaq. Bunu dolayısıyla təsdiq edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen Bağdadi ilə "Əl Qaidə" lideri Üsamə bin Laden kimi davrana biləcəklərini vurğulayıb.

İŞİD terror təşkilatının lideri indiyədək bir neçə dəfə "ölüb-dirilib"

Yeri gəlmişkən, bir məqamı da qeyd etmək lazımdır ki, Əbu Bəkr əl-Bağdadi indiyədək nə az, nə çox düz 5 dəfə "öldürülüb". Bununla bağlı axar.az-da yer alan məlumata görə, ilk dəfə 2014-cü ilin iyul ayında İran mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məxfi agenti Eduard Sonudenin yayımladığı sənədlərə istinadla Bağdadinin 2006-cı ildə öldüyünü, yerinə yəhudi bir agentin gətirildiyini yazıb. Xəbərdə Bağdadinin öldüyünü "təsdiqləyən" fotoşəkil də yayımlanıb. Xarici mediada ikinci dəfə 2014-cü il avqustun sonlarında İŞİD liderinin İraqın Təlafər şəhərində təşkil olunan xüsusi əməliyyat nəticəsində öldürüldüyü, yerinə isə Əbu Müslümün gətirildiyi iddia edilib və İŞİD liderinin "cəsədinin" fotosu paylaşılıb. Üçüncü dəfə "NEWSru Israel" İsrail kəşfiyyatındakı mənbələrə əsasən Bağdadinin 2015-ci il fevralın 26-da beynəlxalq koalisiya təyyarələrinin İraqın Suriya ilə sərhəd əl-Kaim rayonuna avizərbələr nəticəsində öldürülməsi barədə məlumat yayıb. Dördüncü dəfə Suriya dövlət televiziyası 2017-ci ilin iyunun 11-də Bağdadinin Suriyanın Rakka şəhərinə endirilən aviazərbələr nəticəsində zərərsizləşdirildiyini açıqlayıb. Televiziya Bağdadinin "ölüsünün" fotosunu da yayıb. Sonucu dəfə isə ötən gün ABŞ prezidenti Donald Tramp Rusiya, Türkiyə və İraqın dəstəyi ilə keçirilən hərbi əməliyyat nəticəsində Bağdadinin öldürüldüyünü açıqlayıb. Rusiya Müdafiə Nazirliyi isə Trampın açıqlamasını təkzib edərək, belə bir əməliyyata dəstək vermədiyini bəyan edib.

"Bağdadinin ölüm "kozır"ı Trampın uğurlarından biri kimi istifadə ediləcək, o, bundan məğlubiyyət təhlükəsi olan prezident seçkiləri zamanı istifadə edəcək"

Onu da bildirək ki, "ABŞ-ın sələfi təşkilatları və siyasi-radikal qruplaşmaların təlimlərində oynadığı rol Əfqanıstandakı savaş zamanı aydın şəkildə göründü" deyən suriyalı politoloq Əhməd Dərzinin fikrincə, İŞİD də bu qruplaşmalardan biridir. O, bu qənaətdədir ki, elə Bağdadi də İraqın Bukka həbsxanasında saxlandığı zaman radikallaşıb. Əhməd Dərzi qeyd edib ki, 20-ci əsrdə meydana gələn bütün radikal hərəkatlar ABŞ-ın gündəminə uyğun gəlir. Hazırda isə ABŞ-ın İŞİD qruplaşmanın strukturunu dəyişdirməyə çalışdığını vurğulayan suriyalı politoloqun sözlərinə görə, Donald Trampın bəyanatı Vaşinqtonun qruplaşmalarla münasibətlərində yeni bir mərhələ yaşandığını göstərir: "İndi onların yeni adı, yeni rəhbərliyi olacaq. Ancaq məqsəd yeni görünsə də, Vaşinqtonun beynəlxalq nizamda dəyişikliklərə, xüsusən Rusiya və Çinlə bağlı yeni dünya nizamının yaradılmasına izn verməmək vasitəsi olaraq qalacaq".

O, eyni zamanda, Bağdadinin ölümü ilə bağlı məlumatların dəqiqliyinin şübhə doğurduğunu da deyib: "Çünki o, ABŞ-ın uşağıdır. Əgər ondan qurtulublarsa, bu, ABŞ siyasəti üçün adi bir addımdır, onların nə müttəfiqi, nə də dostu var. Ancaq onu harasa gizlətmiş də ola bilərlər. Yəni Bağdadi gizli bir yerdə yeni bir həyata başlamış da ola bilər. İstənilən halda ABŞ hədəflərini həyata keçirmək fürsəti tapıb. Bağdadinin ölüm "kozır"ı Trampın uğurlarından biri kimi istifadə ediləcək. Tramp bundan məğlubiyyət təhlükəsi olan prezident seçkiləri zamanı istifadə edəcək".

"İŞİD lideri Bağdadinin öldürülməsi heç də bu terror təşkilatının sıradan çıxmasına gətirməyəcək"

Картинки по запросу Məhəmməd Əsədullazadə

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, İŞİD lideri Bağdadinin öldürülməsi heç də bu terror təşkilatının sıradan çıxmasına gətirməyəcək. Onun fikrincə, ABŞ Bağdadini ilk aylardan öldürə bilərdi, amma İŞİD liderinin Suriya və İraqda missiyası var idi: "Artıq missiyası başa çatdığına görə aradan götürüldü. Ümumiyyətlə, Suriyada İŞİD-in yenidən dirçəlib terror hücumları aparması mümkün görünmür. Rusiya, İran və Türkiyə Suriyada prosesləri kifayət qədər nəzarət altına almış olub. İŞİD-in İraqda və Suriyada xilafət yaratması əhəmiyyətini itirmiş oldu. Qeyd edim ki, İŞİD-in xilafəti kürdlərin Şimali İraqda və Suriyada dövlət yaradılmasına hesablanmışdı. İŞİD-ə qarşı kürdlər toparlanmalı idi, silahla təchiz edilib, onları məğlub etməli və dövlətlərini qurmalı idi. Bu ssenari işə düşdü. Amma Türkiyə, İran və İraqın qətiyyətli addımı kürdlərin dövlət qurmasının qarşısnı aldı".

"İŞİD-in Şimali Qafqaza gəlməsi Rusiyanın bu regionda aktiv hərbi varlğına görə mümkün görünmür"

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Şimali İraqda İŞİD-in məğlub edilməsindən sonra müstəqillik referendumu və Şimali Suriyada YPG-nin Kobanini İŞİD-dən aldıqdan sonra muxtariyyət qurması analoji prosesin davam idi: "ABŞ-ın bu planları fiaskoya uğradıqdan sonra Bağdadi aradan götürülməli idi. Bağdadi məhz Türkiyənin dəstəyi nəticəsində aradan götürüldü. Bundan sonra İŞİD-in fəaliyyət sahəsi Əfqanistan olacaq. Burada İŞİD terror təşkilatı Çinə qarşı yeni terror hücumlarına keçə bilər. Çinin "Bir qurşaq, bir yol" qlobal əhəmiyyətli siyasi-iqtisadi layihəsinin qarşısını almaq üçün Əfqanistanda İŞİD-dən istifadə olunması istisna deyil". Politoloq onu da bildirib ki, İŞİD-in Şimali Qafqaza gəlməsi Rusiyanın bu regionda aktiv hərbi varlğına görə mümkün görünmür: "İŞİD Şimali Afrika və Əfqanistanda mövcudluğunu qoruyacaq. Bu terror təşkilatı Yəməndə də aktivləşə bilər. Çünki husilərə qarşı ərəb koalisiyası effektli deyil. Yəməndə huslilərə qarşı İŞİD terrorçularından istifadənin reallaşması yaxın zamanlarda baş tuta bilər".

"ABŞ-ın bütün bu proseslərə razılıq verməsi İŞİD liderinin qanı bahasına başa gəlib"

Картинки по запросу Turan Rzayev

"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayev isə bu qənaətdədir ki, ABŞ-ın İdlib vilayətində keçirdiyi ani əməliyyatın və İŞİD liderinin ölümünün bir çox pərdə arxası məqamı var: "Bir neçə gündür Türkiyə-Suriya sərhədində ABŞ hərbi birləşmələrinin aktivliyi müşahidə olunurdu. Türk mətbuatında bu hadisə "ABŞ bölgədən çıxacağını bildirsə də mövcud qüvvələri gücləndirir" fonunda şərh olunmuşdu. Türkiyənin narahatlığı heç də səbəbsiz deyildi. Məsələ ondadır ki, ABŞ daha öncə də regiondan hərbi qüvvələrini çəkəcəyini desə də, tam tərsinə mövcud qüvvələrinin say tərkibini artırmışdı. Bu dəfə də oxşar halın təkrarlanacağı Türkiyə tərəfindən düşünülürdü. Lakin məsələnin iç üzü tam başqa idi. Heç kəsə sirr deyil ki, ABŞ prezidenti Donald Tramp aktiv "twitter" istifadəçisidir və vaxt aşırı sensassion tvitlər paylaşır. Tramp bir neçə gün öncə "twitter" hesabından "Çox böyük şey oldu" paylaşımı ABŞ-ın İdlibdə keçirilən hərbi əməliyyatlar və İŞİD lideri Bağdadinin ölümü barədə öncədən verilən mesaj idi. Bu gün (denən-red.) isə Tramp "twitter" hesabından İŞİD liderinin üç övladı ilə birgə öldürüldüyünü elan etdi".

Turan Rzayev hesab edir ki, sözügedən əməliyyatın qəfil və gizli keçirilməsi hər nə qədər təəccüblü olsa da, əsas diqqət çəkən iki məqam var. Birincisi, İdlibin hava təhlükəsizliyinin Rusiya tərəfindən qorunması, ikincisi isə Trampın açıqlamalarında əməliyyatın uğurlu keçməsində Rusiya, Türkiyə və Suriya rəhbərliyinə təşəkkürünü bildirməsidir: "Digər tərəfdən, Türkiyə də ABŞ-ın İdlibdə keçirdiyi əməliyyatdan xəbərdar olduqlarını rəsmi şəkildə açıqlayıb. Türkiyənin Suriyanın şimalında başladığı "Zeytin dalı" əməliyyatı, ABŞ-ın regiondan çıxma qərarı və əsir alınan İŞİD militanlarını azad etməsi, ardınca Rusiyanın Soçi şəhərində Türkiyə və Rusiya rəhbərlərinin əldə etdiyi Soçi razılaşması, ABŞ-ın bu razılaşmaya səs çıxarmaması, ən nəhayət İdlibdə baş tutan hərbi əməliyyat nəticəsində İŞİD lideri Bağdadinin öldürülməsi bir şeydən xəbər verir. ABŞ-ın bütün bu proseslərə razılıq verməsi İŞİD liderinin qanı bahasına başa gəlib".

"Terror təşkilatlarının birinin məğlub olması digərinin doğuşuna zəmin yaradır, məsələn, "Taliban"ı "Əl Qaidə", "Əl Qaidə"ni isə İŞİD əvəz etdi"

Əbu Bəkr əl-Bağdadi ilə Üsamə bin Ladenin ölümünün oxşar məqamlarına toxunan "Atlas" Araşdırmalar Mərkəzinin eksperti bildirib ki, qeyri-rəsmi məlumatlarda hər iki terror qruplaşmasının liderlərinin ABŞ tərəfindən maliyyələşdirildiyi dəfələrlə qeyd olunub: "Bunun ən bariz nümunəsi hər iki liderin ölümündəki oxşar məqamlardır. Belə ki, hər iki terror lideri gözlənilməz bir əməliyyatla və gecə radələrində öldürülüb. Qeyd edim ki, Bağdadi gecə saat 00:00 radələrində, bin Laden isə 01:00-da keçirilən əməliyyatla öldürülüb. Digər tərəfdən, hər iki şəxs canlı yaxalanma ehtimalı olmasına baxmayaraq, övladları ilə öldürülüb. Bütün bu səbəblər Əbu Bəkr əl-Bağdadi ilə Üsamə bin Ladenin ölümü arasındakı oxşarlığı göstərir. Onu da qeyd edim ki, terror qruplaşmalarının fəaliyyətinə baxsaq, onların əsasən, islam ölkələrində, xüsusən də neftlə zəngin ölkələrdə ortaya çıxdığını görə bilərik. Terror təşkilatlarının fəaliyyətinə baxsaq, öncə ortaya çıxdığı ölkəni, daha sonra isə region ölkələrini zəiflətdiyini görə bilərik. Digər bir məqam isə terror təşkilatlarının birinin məğlub olmasının digərinin doğuşuna zəmin yaratmasıdır. Misal üçün "Taliban"ı "Əl Qaidə", "Əl Qaidə"ni isə İŞİD əvəz etdi. Bu gün isə artıq İŞİD-in də məğlub olduğunu deyə bilərik. Başsız qalan İŞİD sirr deyil ki, məhv olmağa məhkumdur. Lakin İŞİD-in digər terror təşkilatından fərqi odur ki, İŞİD ondan gözlənilən nəticəni əldə etdi. Belə ki, Yaxın Şərqin neftlə zəngin ölkələri artıq olduqca zəif haldadır. Bu baxımdan, düşünürəm ki, Bağdadinin ölümü həm İŞİD-in sonu, həm də Yaxın Şərqdə terrorun zəifləməsi ilə müşahidə olunacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru