Beriyanın hesabına nazir olan, sonda onu satan Kruqlov – Xruşovun səfil etdiyi cəlladın müəmmalı sonu

Beriyanın hesabına nazir olan, sonda onu satan Kruqlov – Xruşovun səfil etdiyi cəlladın müəmmalı sonu

O, həm İosif Stalinin, həm də Nikita Xruşovun hakimiyyəti dövründə lazımlı və “sərfəli” kadr sayılıb. Stalin onun xidmətlərindən yetərincə bəhrələnərək onu daha yüksək vəzifələrə təyin edib, Xruşov isə əksinə, Sergey Kruqlovdan “qara” məqsədləri üçün istifadə edib və sonda onu sözün əsl mənasında dilənçi vəziyyətinə salıb.

Sergey Kruqlov haqqında fikirlər heç vaxt birmənalı olmayıb. Onu şanslı general sayanlar da olub, bəxti gətirməyən nazir kimi qəbul edənlər də. Kruqlov hakimiyyət dəyişlikliyi zamanı Xruşovun komandasına uğurla transfer etsə də, Kremlin məkrli oyunlarına tab gətirə bilməyib.

Sergey Kruqlov 1907-ci ildə Tverdə anadan olub. Orta məktəbi bitirdikdən sonra Moskva Sənaye-Pedaqoji İnstitutunda və SSRİ Mərkəzi İcraiyyə Komitəsinin nəzdində olan Nəriman Nərimanov adına Şərqşünaslıq institutunda (bu institut 1921-1954-cü illərdə Moskvada ali təhsil ocağı kimi fəaliyyət göstərib) təhsil alıb. Ali təhsil aldıqdan sonra komsomol və partiya orqanlarında çalışmağa başlayan Kruqlov bir müddət Gürcüstanda da partiya işində işləyib.

Harada olmasına baxmayaraq o, savadlı və məsuliyyətli kadr kimi tanınıb. Gürcüstanda olduğu dövrdə onun bacarığı və işgüzarlığı həmin dövrdə Gürcüstan və Zaqafqaziya Partiya Komitələrinə rəhbərlik edən Lavrenti Beriyanın da diqqətindən yayınmayıb.

1938-ci ildə Beriya Moskvaya, “NKVD”-yə təyinat alanda Kruqlovu da özü ilə aparıb. Partiya işindən ayrılan Kruqlova xüsusi rütbə verilib və o, əvvəlcə “NKVD”-nin kadrlar idarəsinin rəisi, az sonra isə komissar (nazir) müavini vəzifəsinə təyin edilib.
Moskva həyatı Kruqlov üçün uğurlu və düşərli olub. Vəzifə pillələrində sürətlə irəliləyən Kruqlov Beriyanın və Georgi Malenkovun qayğısı sayəsində daha böyük kürsülərdə əyləşib. 1945-ci ildə o, daxili işlər komissarı, 1946-cı ildə isə struktur dəyişıikliyindən sonra daxili işlər naziri təyin olunub.

Sergey Kruqlov digər dövlət məmurlarından, nazirlərdən səlahiyyətlərinə görə fərqlənib. Bu səlahiyyətlərin arasında onun istənilən vaxt İosif Stalinlə görüşmək imkanı və imtiyazı olması olub. Kreml məmurları yaxşı anlayıblar ki, Kruqlovun təklifləri, təqdimatları, kiminsə haqqında hazırladığı arayışları Stalin müzakirəsiz qəbul edir. Bu səbəbdən də məmurlar Kruqlovla ehtiyatla davranıblar.

1950-ci illərin sonunda Kruqlovun Stalinlə bu cür yaxın münasibətləri onu vəzifələrə qaldıran Beriyanı da narahat etməyə başlayıb. Kruqlov bəlkə də yeganə şəxs olub ki, qeyri-rəsmi mühitdə Beriyanı kəskin tənqid edib. Və sonda Beriyanın həbs planı hazırlananda Kruqlov öz himayədarına asanlıqla xəyanət edib.

Belə ki, Stalinin vəfatından sonra 1953-cü ildə daxili işlər orqanlarında növbəti struktur dəyişikliyi baş verib. Dövlət Təhlükəsizliyi Nazirliyi ilə Daxili İşlər Nazirliyi birləşdirilərək vahid bir quruma çevrilib və Beriya nazir təyin olunub. Daxili işlər naziri kimi ixtisara düşən Kruqlov isə yeni qurumda daxili işlər nazirinin, Lavrenti Beriyanın birinci müavini təyin edilib. Amma bu yerdəyişmə uzun çəkməyib. Elə həmin ilin iyulunda Xruşov Beriyanın həbsi ilə bağlı planlar cızanda Kruqlov da bu işə məmnunniyyətlə imza atıb. Bunun müqabilində Xruşov Beriyanın həbsindən sonra Kruqlovu nazir təyin edib. Həmin ərəfədə Kruqlov ən şanslı general sayılıb. Beriyanın yaxın ətrafı həbs olunduğu, güllələndiyi bir vaxtda onun ən yaxın adamı olan Kruqlovun nazir təyin edilməsi Xruşovun kadr siyasətində ağılasığmaz bir gediş olub.

Xruşovun Kruqlova ilk göstərişi daxili işlər orqanlarını Beriya tərəfdarlarından təmizləmək olub. Nazir bu işə kifayət qədər güc sərf edib. Sistemdə çalışan, hətta nə vaxtsa bir dəfə Beriyanın qəbulunda olan şəxslər belə işlərindən kənarlaşdırılıb. Beriya ilə heç bir əlaqəsi olmayan yüzlərlə daxili işlər orqanlarının əməkdaşları Kruqlovun qara siyahısında “Beriyanın adamı” kimi keçib. Amma bu məqamda Kruqlovun ağlına gəlməyib ki, özü Xruşovun qara siyahısına “Beriyanın ən yaxın adamı” kimi yazılıb.

Beləliklə, Xruşov Kruqlov vasitəsi ilə daxili işlər orqanlarında “kadr islahatı”na nail olduqdan sonra onun məsələsini Siyasi Büroya çıxarıb. 1956-cı ildə Kruqlov nazir kürsüsü ilə vidalaşıb, onu SSRİ elektrostansiya tikintisi nazirinin müavini vəzifəsinə təyin ediblər.

Amma onu bu vəzifədə də çox saxlamayıblar. Bir ildən sonra Kruqlov bir neçə ranq aşağı vəzifəyə, Kirov rayonunun xalq təsərrüfatı sovetinə (yerlərdə bu vəzifə Xruşov tərəfindən yaradılıb) sədr müavini göndərilib. Xruşovun ürəyi bununla da rahatlanmayıb. 1958-ci ildə Kruqlov bu vəzifədən də çıxarılıb.

Kruqlovun qara günləri bununla da bitməyib. Xruşov növbəti qisasını həyata keçirib. İsrefada olan zabit kimi Kruqlovu general-polkovnik rütbəsindən məhrum ediblər, daxili işlər orqanlarından aldığı pensiyasını kəsiblər, Moskvanın mərkəzindəki evini də əlindən alıblar.

Səfil və dilənçi vəziyyətinə düşən Kruqlov Moskva ətrafındakı bağlarda uçuq bir daxmada, sıravi vətəndaşların aldığı cüzi bir təqaüdlə acınacaqlı vəziyyətdə yaşayıb.

Sergey Kruqlov 1977-ci ildə 69 yaşında vəfat edib. Sabiq nazirin ölümü də müəmmalı olub.

Versiyaların birinə görə o, intihar edib. Məhz həmin ərəfədə Moskvada çeçen və inquşların 1944-cü ildə “NKVD” tərəfindən deportasiya olunması ilə bağlı istintaq aparılıb və hadisələr zamanı bir neçə ailənin vəhşicəsinə qətlə yetirilməsi Kruqlovun “ayağına” yazılıb. Kruqlov isə istintaqın sonunu gözləmədən intihar edib.

Digər versiyaya görə, Kruqlov yaşadığı yerin yaxınlığından keçən dəmiryol xəttində qatarın altına düşüb.

Versiyalardan asılı olmayaraq həqiqət birdir, amansız sovet rejiminin baş cəlladlarının aqibəti ağrı-acılı olmalıydı.../musavat.com/