Salam, xoş gəlmisiniz.

Berlindəki qətl Rusiyanın qisasıdır? - PUTİN: “O, çox qəddar və qaniçən adam idi”

2019-12-10 16:41:05

Berlindəki qətl Rusiyanın qisasıdır? - PUTİN: “O, çox qəddar və qaniçən adam idi”

Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Normand dördlüyünün görüşündən sonra Parisdə verilən mətbuat konfransındakı çıxışında Berlində öldürülmüş Gürcüstan vətəndaşının Moskvadakı terror aktının təşkilatçısı olduğunu bəyan edib.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel bildirmişdi ki, Rusiya lideri ilə danışıqlarda cinayətin istintaqına kömək eləməyi xahiş edib.

Putin jurnalistlərin sualına cavab verərkən deyib: “Bilirəm, Berlində bir adam həlak olub, o, Qafqazda separatçıların tərəfində döyüşlərdə fəal iştirak edib. O, milliyyətcə gürcü deyil. Bu adam biz tərəfdən axtarışda idi. O, yaraqlı olub, həm də çox qəddar və qaniçən adam olub. Onun iştirak elədiyi terror aktlarının yalnız birində 98 nəfər insan həlak olub. Onun başına nə gəldiyini bilmirəm. Bu, quldur mühitidir və orada hər şey baş verə bilər”. Putin onu da əlavə edib ki, Moskva Berlinə metrodakı partlayışların təşkilatçısını verməyi xahiş eləsə də, müsbət cavab almayıb.

Putin Rusiya diplomatlarının yalnız müəyyən fərziyyələrə görə, Almaniyadan çıxarılmasını da nəzakətsizlik adlandırıb.

Berlində qətl

Bu ilin avqust ayında Berlin şəhərinin Moabit rayonunda 40 yaşlı Gürcüstan vətəndaşı güllələnib. Bir neçə gündən sonra şübhəli şəxs qismində 49 yaşlı rusiyalı tutulub – onda cinayəti törədn silah aşkar edilib.

“Spiegel” internet jurnalının yazdığına görə, istintaq bunun sifarişli qətl olduğunu  hesab edir: “Sifarişçi isə ya cinayət dünyasının nümayəndəsi, ya da xarici dövlətin kəşfiyyatı ola bilər”.  Həmin nəşrin növbəti yazısında isə şübhəli şəxsin Rusiya xüsusi xidmət orqanlarının agenti ola biləcəyi iddia edilib. Məqalə müəllifləri qeyd edirlər ki, onun viza almaq üçün təqdim elədiyi sənədlərdəki adı Rusiyanın məlumat banklarında yoxdur, xarici pasportunun nömrəsi isə DİN-ə aparıb çıxarır: “DİN əvvəllər də Baş Kəşfiyyat İdarəsinin hərbi kəşfiyyatçılarına belə sənədlər verib”.

Almaniya hökumətinin rəsmi təmsilçisi Şteffen Zaybert hakimiyyətin “KİV-in məlumatlarını nəzərə aldığını” dəfələrlə bəyan edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qətl hadisəsi ilə “rəsmi Rusiyanın” arasındakı əlaqəni rədd edib. O, bu iddiaları “tamamilə əsassız” adlandırıb və deyib ki, onların Rusiya hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur.

Ötən həftə Almaniya XİN Rusiyanın Berlindəki səfirliyinin iki əməkdaşını  “arzuolunmaz şəxs” adlandıraraq ölkədən qovub – onların Gürcüstan vətəndaşının Berlin şəhərində törədilən qətlində əli olduğu iddia edilir. Rusiya XİN qətlin istintaqına siyasiləşmiş yanaşmanı yolverilməz adlandırıb, Rusiyanın cavab addımları atmağa məcbur edildiyini bəyan edib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru