Beşotaqlı mənzilin iki otağı necə özəlləşdirilib? - BAKI SAKİNİ: “Heç bir qurum şikayətimizə baxmır”

Beşotaqlı mənzilin iki otağı necə özəlləşdirilib? - BAKI SAKİNİ: “Heç bir qurum şikayətimizə baxmır”

Etibar Əhmədov: “Mənzilimizi saxta sənədləşmə yolu ilə əlimizdən alıb, satmaq istəyirlər”

Ölkədə məmur özbaşınalığı hələ də davam edir. Baxmayaraq ki, islahatlar aparılır, vətəndaşlar yenə də məmurların vəzifəsindən sui-istifadə etməsindən, qanunlara məhəl qoyulmamasından narazılıq edirlər. Suraxanı rayonu, Əmircan qəsəbəsi, E. Həsənov küçəsi, ev 87, mənzil 18-də yaşayan Əhmədov Etibar Əli oğlunun “Hürriyyət”ə yazdığı məktub da bu qəbildəndir.

“Qeydiyyata düşmək pulsuz mümkün deyil”

E. Əhmədovun sözlərinə görə, 40 ildir ki, qeyd olunan ünvanda ailəvi yaşayır: “Bacım Əhmədova İradə Əli qızı 1978-ci ildə ailə qurub, ancaq bizdə qeydiyyatda idi. Bacımın özünə məxsus evi var. Üç övlad anasıdır. Öz evlərinin sənədləri də qaydasındadır. Yəni Dövlət Reyestri Xidmətindən çıxarışı var. Bacım çox çalışdı ki, uşaqlarını evinə qeydiyyata aldırsın, amma alınmadı. Səbəbi odur ki, qeydiyyata düşmək üçün gərək 5 min manat pul verəsən. Bəli, əslində, qeydiyyata düşmək pulsuz mümkün deyil. Əgər belə deyilsə, onda niyə qeydiyyata almırlar? Konstitusiyada dövlətimizin qanunları əks olunur. Konstitusiyanın hansı maddəsində yazılıb ki, qeydiyyata düşmək üçün gərək 5 min manat pul verəsən? Bu qanunlar vəzifəli şəxslər tərəfindən yaradılan yazılmamış qanunlardır”.

 “Bu barədə şikayət etdiyim bütün qurumlar elə bil özəl qurumlardır”

“Mən özüm 3 övlad atasıyam, həm də 4 nəvəm var. Mənzilim 5 otaqdan ibarətdir, ümumi sahəsi 59,89 kvadratdır. Mənzilimin iki otağını özəlləşdirib, kupça alıblar. Bu işin hansı ildə və kimlər tərəfindən görüldüyü mənə məlum deyil. Bu işdən 2012-ci ildə məni xəbərdar edən bacım Əhmədova İradə olub. Hansı ki, öz evi ola-ola uşaqlarını və özünü mənzilimizdə məcburi qeydiyyatda saxlayırlar. Bizdə qeydiyyatda olduqlarını əsas tutaraq, saxta sənədləşmə yolu ilə mənzilimizi əlimizdən alıb, satmaq istəyirlər. Bu yol ilə varlanmaq xəyalına düşüblər. Yaşadığımız mənzildən bizi kənarlaşdırmaq üçün bu formada plan hazırlanıb. Bu barədə şikayət etdiyim bütün qurumlar elə bil özəl qurumlardır. Heç bir qurum şikayətimizə baxmır, qanunlar icra olunmur. Məmurlar üçün dövlətin qanunlarının olub-olmaması mənasızdır, özlərinin yaratdığı qanunlarla hərəkət edirlər. Nəticə etibar ilə onun əziyyətini biz insanlar çəkirik. Mənim şikayətimin əsas ondan ibarətdir ki, evimizdə qeydiyyatda olan Ramil və Ülviyyə Əsədullayevləri öz evləri ola-ola evimizdə məcburi qeydiyyatda saxlayırlar. Ramilə və Ülviyyənin  yaşadığı ünvan isə Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi ev 668-dir. Bu ünvanda yerləşən ev onların öz evləridir, çıxarışı da var, araşdırma aparılsa, hər şey təsdiqini tapar”,-deyə şikayətçi yazır.

“Mənə hədə-qorxu gəlmək üçün üstümə reket göndərirlər”

E. Əhmədov qeyd edir ki, nahaq yerə mənzilinin 2 otağına kupça açıb və özləlləşdirməyiblər: “Bu işi görən adam pul alıb, işi görüb.  Özəlləşdirmə idarəsinə kim icazə verib ki, mənzilimin 2 otağını özəlləşdiriblər? Mənim bu işdən xəbərim yoxdur. Mənim əvəzimdən kim ərizə yazıb? Bu işin hansı ildə görüldüyü hələ də mənə məlum deyil. Bu barədə bütün aidiyyatı qurumlara müraciət etmişəm. Çox təəssüflər olsun ki, cavab vermək istəmirlər. Çünki bu təşkil olunmuş oyundur ki, başımıza gətirirlər. Amma bu işin arxasında kimlər durur, mənə məlum deyil. Mənim istəyim odur ki, mənzilimin iki otağına kim kupça açıb, özəlləşdirib, aydınlaşdırılsın və həmin adamlara qarşı cinayət işi qaldırılsın. Qanunlara əməl olunsa, yazdıqlarım təsdiqni tapar. Mən bu barədə Ədliyyə Nazirliyinə şikayət yazmışam, özüm də bu nazirlikdə olmuşam. Mənə qarşı hazırladıqları planları baş tutmayanda niyyətlərini həyata keçirmək üçün müxtəlif variantlardan istifadə edirlər. Variantlardan biri odur ki, mənə hədə-qorxu gəlmək üçün üstümə reket göndərirlər. Məni qorxutmaqla, düşünürlər ki, bəlkə istək və arzularına çatsınlar. Mənim onlara tövsiyyəm odur ki, bu yol ilə heç nəyə nail olmaq olmaz. Bunlar Suraxanı rayonunda reketləri pul ilə təmin edən vəzifəli məmurlardır”.

 E. Əhmədov yazır ki, ən kiçik uşağı 2007-ci il dekabr ayının 3-də tezdən məktəbə gedərkən reketlər tərəfindən zorla maşına mindirilib, naməlum istiqamətə aparılmışdı: “Məqsədləri o idi ki, uşağı girov götürüb mənə uşağı öldürməklə, hədə-qorxu ilə evdən çıxmağımı tələb etsinlər. Evdən çıxmadığım halda uşağı öldürəcəklərmiş. Yəqin başa düşüblər ki, hazırladıqları plan zəifdir. Ona görə, öldürmək qərarından dönüblər. Bu hadisə baş verməmişdən əvvəl bacım və uşaqlarını bizim mənzilimizdə məcburi qeydiyyatda saxlamaq haqqında bütün aidiyyatı qurumlara şikayət yazmışam. Bundan sonra bu hadisə baş verdi. Yaxşı, uşağın nə günahı var? Onda mənim harasa şikayət yazmağa ixtiyarım çatmır ki? O vaxtı hadisə barəsində Suraxanı rayon 31-ci polis bölməsinə şikayət etdim, şikayətim nəticəsiz qaldı. Bildiyimiz kimi, Azərbaycan qanunları Konstitusiyamıza əsas verilir. Konstitusiyanın 26-cı maddəsində yazılıb ki, dövlət hər kəsin hüquqlarını müdafiə edir və təminat verir. Təəssüf ki, hüquqlarımızın pozulmasından Azərbaycanda şikayət etmədiyim yer qalmayıb, heç bir şikayətə baxmırlar. Ona görə, demək istəyirəm ki, Konstitusiyanın 26-cı maddəsində yazılanlar reallıqda öz əksini tapmır. Belə çıxır ki, heç bir insanın hüquqlarının müdafiəsindən və təminatından söz gedə bilməz. Çox təəssüflər olsun ki, qanunlar işləmir”.

 “Qanunlar ancaq kağız üzərindədir”

Şikayətçi sual edir ki, bu saxta yolla əldə etdikləri sənədləri notariusda necə qeydiyyatdan keçiriblər və təsdiqini necə tapıb: “Mənzilimin 2 otağına kupça açmaq cinayət işi sayılır. Konstitusiyanın 33-cü maddəsinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ var. Konstitusiyanın bu  maddəsinə niyə riayət olunmur? Əgər Azərbaycan qanunlarına və ya Konstitusiyaya hörmətlə yanaşılmırsa, bunların mövcudluğu kimə lazımdır? Mən nə vaxta qədər bu haqsızlıqlara bir tamaşaçı kimi tamaşa etməliyəm? Əslində, hüquqlarımızı pozanlar vəzifəsinə güvənən məmurlardır. Halbuki, biz qanuni dövlətdə yaşayırıq. Qanunların isə həyatda tətbiqi demək olar ki, sıfır dərəcəsindədir, qanunlar ancaq kağız üzərindədir. Pulu olmayan adamın şikayətinə baxmırlar. Bu, qanunlara qarşı zidd hərəkətdir. əgər mənzilim məhkəmə qərarına əsasən özəlləşdirilibsə, onda belə sual meydan çıxır ki, məhkəməyə kim icazə verib və nəyə əsasən mənim mənzilim başqa adamların adına özəlləşdirilib? Konstitusiyanın 129-cu maddəsinin üçüncü bəndinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Mənim və ailə üzvlərimin heç birinin xəbəri olmadan verdiyiniz qərar hansı sübutlara əsaslanır? Bir mənzilin bir kupçası olur, iki kupçası olmur. Verilən bu qərar Konstitusiyaya zidddir. Bu saxta sənədlər notariusda necə qeydiyyatdan keçib? Mənim və ailə üzvlərimin razılıq ərizəsi almısan? Yox. Mənzilimin 2 otağına kupça açmaq və özəlləşdərimə işi məhkəmə qərarına əsasən görülübsə, bu, yanlış qərardır. Bu qərarı verən adam 2 min manat pul alıb, bu qərarı verib. Əgər belə deyilsə, nə maraqları var ki, gizli qərar veriblər?”

  “Ara-sıra üstümə reket göndərib, mənə hədə-qorxu gəlmək, övladlarıma təzyiq etməkləri azmış kimi, məni və ailə üzvlərimi cadugərlər vasitəsilə psixoloji cəhətdən sındırmaq istəyirlər. Bu yol isə heç kimə xoşbəxtlik gətirməyib”,-deyə şikayətçi əlavə edib.

 E. Əhmədov bildirib ki, mənzilində qeydiyyatda olan Aynura, Ülviyyə və Ramil Əsədullayevlərdən yalnız Aynura qeydiyyatdan çıxıb: “Hazırda mənzilimdə qeydiyyatda olan Ramil və Ülviyyə Əsədullayevlər öz evlərinə qeydiyyata düşmək istəmirlər, əvvəllər bəhanə gətirirdilər ki, guya, onları məcburi qeydiyyatda saxlayırlar, yəni öz  evlərinə qeydiyyata düşməyə imkan vermirlər. Öz evinə qeydiyyata düşmək istəyən adam manelərə rast gəlirsə, dövlətin qanunlarına əsaslanıb, lazımi qurumlara şikayət etməlidir. Ramil və Ülviyyə Əsədullayevlər öz evlərinə qeydiyyata düşmək marağı olsaydı, Asan Xidmətə müraciət edərdi və məsələnin tezliklə həllinə nail olardı”.

“Məqsədləri mənzilimizi əlimizdən alıb, satıb, bu işdə əli olanlar arasında bölüşdürməkdir”

 “Mənim üçün süni sürətdə yaradılan bu problemlərdən Korrupsiya və Rüşvətxorluğa qarşı Mübarizə İdarəsinə şikayət yazmışam. Çox təəssüf edirəm ki, şikayətim nəticəsiz qaldı. Əgər mən sadə sıravi bir adamdan şikayət yazası olsam, tezliklə həmin adamı məsuliyyətə cəlb edərlər. Vəzifəli şəxsdən və ya məmurlardan şikayət yazanda onları heç bir məsuliyyətə cəlb etmirlər. Çünki Ramil və Ülviyyə Əsədullayevləri mənzilimizdə qeydiyyatda  saxlamaqda məqsədləri bunlar vasitəsilə mənzilimizi əlimizdən alıb, satıb, bu işdə əli olanlar arasında bölüşdürməkdir”,-deyə şikayətçi qeyd edib.

 E. Əhmədov Ramil, Ülviyyə, Aynura Əsdullayevlərə tövsiyyə edir ki, ataları Çingiz Əsədullayevin nəyi varsa, onun alınması uğrunda mübarizə aparsınlar, başqalarının evinə, zəhmətinə göz dikməsinlər: “Bu işdə onlara havadarlıq edənlərə, mənzilimi əlimdən almaq istəyənlərə isə məsləhətim odur ki, gedin 29 ildir işğal olunmuş Azərbaycan  torpaqlarının alınması uğrunda mübarizə aparın. Vəzifəsindən istifadə edərək, heç bir əsası olmadan saxta sənədlər düzəldib, mənzilimizi ələ keçirib, satmaq xəyalına düşən reket məmurlara demək istəyirəm ki, əgər bacarığınız, gücünüz varsa, otuz ilə yaxındır ki, dağılmış, yanmış, ağlayan torpaqları geri qaytarın. Əgər torpaq almaq bacarğı sizdə yoxdursa,  onda camaatdan nə istəyirsiniz? Əgər dövlət idarəçiliyində işləyən məmurlar ədalətli, Konstitusiyaya və qanunlara hörmətlə yanaşan, savadlı, mədəniyyəti yüksək olan məmurlardan ibarət olsaydı, bu acınacaqlı vəziyyət yaranmazdı”.

 “Mənə qarşı yaradılan bu süni problemlər əsl cinayətdir”

“Mən yüzlərlə yazılı şikayət yazmışam. Şikayətimi pul ilə ört-basdır edirlər. Camaatın evini, mənzillərini ələ keçirməyə çalışan məmurlar görəsən bizi hansı ölkəyə məcburi köçürəcəklər? Yerli cavabdeh qurumlar şikayətimə baxmadığı halda, beynəlxalq qurumlara, o cümlədən İnsan Hüquqları  Üzrə Müdafiə Komitəsinə, Avropa Məhkəməsinə və digərlərinə müraciət etmək məcburiyyətindəyəm. Çünki mənə qarşı yaradılan bu süni problemlər əsl cinayətdir. Bu yol ilə dövlətimizi xalq arasında nüfuzdan salırsınız. Elə bir acınacaqlı vəziyyət yaranıb ki, camaat  məcburi sizlərdən bütün beynəlxalq qurumlara, o cümlədən Avropa Məhkəməsinə şikayət yazırlar. Bu yol ilə Azərbaycan dövlətinin imicinə zərbə endirirsiniz. Əslində, vicdanına sahib olan məmur vəzifəsindən sui-istifadə edib, kiminsə malına, var-dövlətinə, qazancına, cibinə göz dikməz”,-deyə şikayətçi vurğulayıb.

 E. Əhmədov sonda mənzilini ondan almaq uğrunda mübarizə aparanlara səslənib: “Tövsiyyə edirəm ki, mənzilimi saxta sənədləşmə yolu ilə ələ keçirib satmaqla, məşğul olmasınlar. Əlbəttə, gec-tez onları faciə gözləyir. Yaradılan bu acınacaqlı vəziyyət görəsən Suraxanı rayon rəhbərliyini və  digər cavabdeh qurumları niyə narahat etmir? Çünki bu vəziyyəti onlar yaradıblar”.

 Şamo EMİN, Hurriyyet.org