Salam, xoş gəlmisiniz.

Beynəlxalq əlaqələrin genişlənməsində YUNESKO ilə əməkdaşlığın rolu

2019-12-14 14:43:00

Beynəlxalq əlaqələrin genişlənməsində YUNESKO ilə əməkdaşlığın rolu

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etməyə başladı. Bu beynəlxalq təşkilatlar içərisində BMT-nın Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - YUNESKO öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verir. Eyni zamanda, xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərən YUNESKO ilə Azərbaycanın əlaqələri öz tarixinə görə ölkəmizin BMT-yə qəbul olduğu dövrdən əvvəlki illərə təsadüf edir. Azərbaycan BMT-nin ixtisaslaşmış qurumu olan YUNESKO- ya 1992-ci iyulun 3-də üzv qəbul olunmuşdur. Azərbaycanın YUNESKO ilə əlaqələrinin genişləndirilməsi isə, 1993- cü ilin ikinci yarısından başlanmışdır. Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında ən mühüm addım Azərbaycan prezidenti Heydər Əliyevin Fransa Respublikasına 1993-cü ilin dekabrın 19-dan 21-dək davam edən ilk rəsmi səfəri çərçivəsində YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır.

YUNESKO həm də beynəlxalq sülh missiyası deməkdir

YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə bağlı qurumların fəaliyyətini YUNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və 1994-cü il fevralın 21-də Prezident Heydər Əliyev bununla əlaqədar sərəncam imzalamışdır. Sərəncama əsasən Milli Komissiya Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, Xarici İşlər Naziri onun sədri təyin edilmiş və eyni zamanda sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Azərbaycanın beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli- mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaratdı. Bundan sonra üvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. 2005-ci il sentyabrın 15-də prezident İlham Əliyev YUNESKO ilə Azərbaycanla qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycanın YUNESKO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda XİN-nin nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycanın  YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir. 1994-cü il iyunun 18-də Budapeştdə YUNESKO-nun Avropa regionu komitəsinin VII sessiyasında Azərbaycan bu komitəyə üzv seçildi. Avropada akademik tanınma məsələsi bu komitə tərəfindən həll olunur. Akademik tanınma tədris kurslarının, ali təhsil haqqında diplomların, elmi ad və dərəcələrin beynəlxalq səviyyədə qəbul olunmasını əhatə edir. Azərbaycanın akademik tanınma konvensiyasına qəbul olunmasına üzv- ölkələr tərəfdar çıxdılar. Beləliklə, Azərbaycan Avropa regionu komitəsinə daxil olan ölkələr tərəfindən irəli sürülən akademik tanınma konvensiyasına qəbul edildi. Bu, Azərbaycanın beynəlxalq aləmdə təhsil və elm sahəsində qazandığı böyük uğurlarından biri idi. Azərbaycanla YUNESKO əlaqələrinon möhkəmlənməsində prezident Heydər Əliyevin bu ixtisaslaşmış qurumun baş direktoru Federiko Mayorla görüşləri xüsusi önəm daşıyır. Azərbaycanla bağlı təhsil, elm və mədəniyyət məsələləri müzakirə edilmişdir. 1994-cü il noyabr ayının 18-də Azərbaycan prezidenti Heydər Əliyev və YUNESKO-nun baş direktoru Federiko Mayor tərəfindən Azərbaycanla YUNESKO arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Memorandumda respublikamıza təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Burada Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.

Müvafiq strukturlarla əməkdaşlıq strateji hədəfləri gücləndirir

BMT-nin ixtisaslaşmış qurumları ilə elm sahəsində əməkdaşlıq özünü əsasən elmi konfranslarda, simpoziumlarda, seminarlarda iştirak etməkdə göstərir. Azərbaycan alimləri müxtəlif məsələlərə həsr olunmuş konfrans və seminarlarda çıxış etməklə yanaşı, qlobal problemlərlə bağlı beynəlxalq məclislərdə də öz sözlərini deyirlər. Bir sıra elmi toplantıların Bakıda keçirilməsi isə, Azərbaycan elminin böyük uğurudur. YUNESKO dünya şöhrətli alimlərin elmi irsinin öyrənilməsinə və təbliğinə də xüsusi diqqət verir. Görkəmli Azərbaycan alimi akademik Azad Mirzəcanzadənin elmi-pedaqoji irsi haqqında YUNESKO xətti ilə konfrans keçirilməsi qərarı hələ 1992-ci ildə qəbul edilmişdi. Bu cür konfransların keçirilməsi istər Azərbaycan alimlərinin dünyada tanınmasında, istərsə də respublikada elmin inkişafında böyük əhəmiyyət kəsb edir. BMT və onun ixtisaslaşmış qurumları ilə mədəni əlaqələr çərçivəsində sərgilərin, baxış müsabiqələrinin, foto sərgilərin təşkil edilməsi səmərəli nəticələr vermişdir. Görkəmli Azərbaycan rəssamı S.Bəhlulzadənin əsərlərindən ibarət sərginin BMT-nin Nyu-Yorkdakı iqamətgahında nümayiş etdirilməsi respublikanın təsviri incəsənət sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilməlidir. BMT Baş Katibinin həmin sərginin açılışında iştirakı Azərbaycan mədəniyyətinə göstərilən böyük diqqətdir. YUNESKO Baş Direktorunun kabineti yanındakı sərgidə dünya incəsənət inciləri ilə bir sırada Lətif Kərimovun müəllifi olduğu “Memar Əcəmi” xalçasının asılması (bu xalça 1983- cü ildə Bakıda YUNESKO xətti ilə keçirilən xalça simpoziumunda o dövrki Baş direktor A.Bouya hədiyyə edilmişdi) Azərbaycan mədəniyyətinə olan diqqətin nəticəsi idi. Azərbaycan YUNESKO əməkdaşlığına dair 1996-cı ilin noyabrında imzalanmış saziş təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı idi. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihə reallaşdırılmağa başladı, 2000-ci il YUNESKO tərəfindən Böyük İpək yolu - TRASEKA ili elan olundu .

Bundan əlavə, YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulmuşdur. Azərbaycanın qoşulduğu YUNESKO konvensiyalarından - Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il tarixli Konvensiyası, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiyası, Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, Ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il tarixli regional Konvensiyası, mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il tarixli Konvensiyalarının adlarını çəkmək olar. Azərbaycan tərəfinin 1997-ci il sentyabrın 3-də YUNESKO-nun Baş direktoru F. Mayora ünvanladığı məktubda YUNESKO-nun İnsanların Sülh Hüququ haqqında Bəyannaməsinin qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab etdiyini və bəyannamə layihəsini dəstəklədiyini baş direktorun diqqətinə çatdırdı. Bununla yanaşı, məktubda Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyi qeyd edilirdi.

1997-ci il aprelin 20-də "Kitabi- Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərman olmuşdur. Yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülüb və bütün bunları yüksək qiymətləndirən ümummilli lider "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb. Bu tədbirlərə YUNESKO nümayəndələri də biganə yanaşmamış və 2000-ci il “Kitabi Dədə Qorqud Dastanının” 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunmuşdur. Bu tədbirlər 2000-ci ilin aprelində Bakıda Türk Dövlətləri  Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatmışdır.

Müasir standartlar çərçivəsində yeni hədəflərə doğru

Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi YUNESKO-nun Təhlükə altında olan abidələr Siyahısından çıxarılmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilmişir. 2009-cu il 28 sentyabr - 02 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir ki, bu da Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir . Azərbaycanın qədim və zəngin mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə qalxmış, ümumdünya mədəniyyətinin bir parçası olmuşdur. YUNESKO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı üçün şərait yaranmışdır. Bunun nəticəsidir ki, Azərbaycanın təhsil, elm və mədəniyyət sahələrində YUNESKO vasitəsilə müxtəlif ölkələrlə və eləcə də təşkilatın özü ilə geniş əlaqələr qurur və əməkdaşlığını genişləndirir.

(ardı var)

“Hürriyyət”

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93