Salam, xoş gəlmisiniz.

Dövlət qurumları qrant elanlarını ictimailəşdirmirlər: Vəsaitlər bölüşdürülür - Vüqar Bayramov

2019-11-12 10:37:04

Dövlət qurumları qrant elanlarını ictimailəşdirmirlər: Vəsaitlər bölüşdürülür - Vüqar Bayramov

Daha uyğun metod bütün dövlət qurumlarına ayrılan qrantların SƏLİS vasitəsi ilə təklif olunmasıdır

“2020-ci ilin dövlət büdcəsindən “Qrantlar və digər ödənişlər” üçün 409,4 milyon manat ayrılacaq”.

Hurriyyet.org aznews.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, bu, büdcə xərclərinin 1,5 faizi deməkdir:

“Bu maddə üzrə gələn il bu illə müqayisədə 6 dəfə çox vəsait ayrılması nəzərdə tutulur. Belə ki, 2019-cu ildə bu istiqamətə 67.8 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. Bu da ümumi büdcə xərclərinin 0,3 faizidir. Qrantlar və digər ödənişlər üçün nəzərdə tutulan vəsaitin artırılması bəlkə də sual doğurmaya bilər. Amma məsələ ondadır ki, həmin vəsaitin necə xərclənməsi və xüsusən də, hansı təşkilatların bu qrantlardan istifadə etdiyi əksər hallarda aydın deyil. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) regionun aparıcı vətəndaş cəmiyyəti instutlarından biri kimi son illər Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası istisna olunmaqla heç bir dövlət qurumu ilə qrant layihələri icra etməyib. Təbii ki, soruşula bilər müraciət edilibmi? Edilməyib və səbəb də odur ki, əksər dövlət qurumları qrantlar ilə bağlı elanları ya ictimailləşdirmirlər, ya da müraciət üçün vaxtı qısa müəyyənləşdirirlər və hətta elanlarda müəyyənləşən zamanın əsas hissəsi qeyri-iş günlərinə təsadüf edir. Məsələn, hətta uzun qeyri-iş günləri olan Novruz Bayramında elanların verilməsi hallarına da təsadüf edilir. Nəticədə, müsabiqələrdə rəqabətin yaranmasının qarşısı alınaraq vəsaitlərin bölüşdürülməsi həyata keçirilir. Problem ondadır ki, ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatları bu imkandan yararlana bilmir. 4 mindən artıq QHT sadəcə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinə ayrılan 6 milyon manata yaxın vəsaitə müraciət edə bilir. Nəticədə, digər dövlət qurumlarının təşkil etdiyi sosial tenderlər və qrant müsabiqələrində iştirak imkanları məhdud olaraq qalır”.

İqtisadçı-ekspert problemin həlli yollarını da açıqlayıb:

“Bizim təhlillər göstərir ki, daha uyğun metod bütün dövlət qurumlarına ayrılan qrantların Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sistemi (SƏLİS) vasitəsi ilə təklif olunmasıdır. Qeyd edək ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi tezliklə SƏLİS-in bu ali qurumun mükafatını alacağını bəyan edib. Bütün dövlət qurumlarının qrantlarının SƏLİS vasitəsi ilə vahid idarəedilməsi, qrantların verilməsinə nəzarətin mərkəzləşdirilməsi və güclənməsinə, şəffaflığın artmasına, hesabatlılığın güclənməsinə, məlumatların elektron bölüşdürülməsinə və eləcə də hansısa dövlət qurumuna yaxın olan deyil, real vətəndaş cəmiyyəti təşkilatlarının büdcə vəsaitlərindən faydalanmasına imkan yarada bilər”.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru