Salam, xoş gəlmisiniz.

El şənlikləri və ya meydan oyunlarında kukla tamaşaları

2019-11-21 16:52:54

El şənlikləri və ya meydan oyunlarında kukla tamaşaları

İctimai-məişət mövzularında qurulan Azərbaycan kukla tamaşaları əsasən əlamətdar günlərdə, xüsusilə el şənliklərində, toylarda nümayiş olunur. Bu kimi tamaşalar dedikdə, el arasında “bəbək”, “oyuq”, “ipdə oyuq” adı ilə tanınan və kuklaların iştirakı ilə göstərilən tamaşalar nəzərdə tutulur. Azərbaycanda oynanılan bu cür oyunlara isə “Maral oyunu”, “Tapdıq çoban”, “Şah Səlim”, “Keçəl pəhləvan” və başqaları daxildir. Bu oyunlara adətən Azərbaycanın müxtəlif bölgələrində, əsasən  Göyçə, Dərələyəz, Kəlbəcər və Qubadlıda daha çox rast gəlmək mümkün idi. Adətən belə oyunlar zurna və dəfin müşayiətilə göstərilməklə onun qədimliyindən xəbər verirdi. Müasir dövrümüzdə isə kukla oyunları xalq tamaşalarında əlvan bədii tərtibatdan istifadənin yeni-yeni prinsiplərini, ölçülərini, forma xüsusiyyətlərini üzə çıxarmaqla onları daha da təkmilləşdirə bilir. Adətən bu cür kukla oyunlarında musiqidən istifadə edilməklə nümayişlərdə ən çox istifadə olunan qara zurna və dəf qədim tarixə malik musiqi alətləri olmaqla oyunun mahiyyətini daha da zənginləşdirirdi. Kukla oyunlarında hadisələr həm keçmiş, həm də çağdaş dövrdən bəhs edə bilir. Çox zaman isə kukla tamaşaları nağıl söyləmə estetikasına söykənsə də, tədricən onun özünün məkan və zaman anlayışı da müxtəlif cür formalaşır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, milli kukla tamaşalarında çağdaş dövrdə peşəkar kukla teatrları üçün örnək ola biləcək zəngin poetika göstəriciləri, həmçinin əlvan estetik prinsipləri də vardır. Bunula da uzun zaman kəsiyində xalq arasında sevilə-sevilə oynanılan Azərbaycan kukla tamaşaları qədim tarixə malikdir. Kökləri çox-çox uzaq illərdən bəri şaman mərasimlərinə gedib çıxan bu oyunlar milli mədəniyyətimizin qiymətli sərvətlərindən biri olaraq, Şərq mədəniyyətinin mütəfəkkirləri İbn əl-Əsir, əl-Biruni, A. Mokovelski, A. Xodzko, S. Marr və digərlərinin Azərbaycan xalq tamaşalarından söhbət açarkən kukla oyunlarından bəhs etməsi də vaxtilə bu oyunların şifahi ənənədə geniş yayıldığından xəbər verirdi.

Artıq bu tip tamaşa kollektivləri də respublikamızda böyük vüsətlə yayılmaqda və inkişaf etməkdədir. Bu ənənələrin daha müasir bir formada el şənliklərində təqdimi Gəncədə fəaliyyət göstərən Karnaval Kids Studiyası olaraq maraqla qarşılanır. Bu studiyaya Simuzər  Şəmil qızı Məmmədova (Simay Altun) rəhbərlik edir. Elə Karnaval Kids Studiyasının rəhbəri olaraq da müsahibimiz Simuzər Məmmədovadır.

İlk öncə bildirmək istərdim ki, Simuzər Məmmədova 31 mart 1981-ci ildə Gəncədə doğulub. Altı yaşından şahmatla məşqul olub. Bir çox Avropa və Dünya Birinciliklərində iştirak edərək Azərbaycanı yetərincə təmsil edib. 13 il Şahmat müəllimi kimi Gəncədə fəaliyyət göstərib.

- Simuzər xanım, necə oldu ki, idmanı təmsil edərkən birdən-birə istiqamət dəyişdi və müğənni oldunuz? Səbəb nə idi?

- Kiçik yaşalrımdan şahmata olan maraq məni Gəncə Şahmat məktəbinə gətirdi. O zamanlar burada direktor Salman Cavadzadə idi. Hətta o da mənə deyirdi ki, sənin çox gözəl vokal səsin var. Niyə də oxmuyasan? Deyim ki, Salman müəllimin də o zamanlar öz bəsdələdiyi musiqiləri vardı. Hətta bu bəsdələr bu gün də məndədir. Sonradan muğam ustadımız, mərhum Sərdar müəllimin yanına getdim. İlk dinləmədə dedi ki, çox gözəl zənguləsi var. Hətta mən Heyratı muğamını oxumuşam. Sonradan sənət böyüdü, konsertlər və digər tədbirlər və.s. Taleyin qismətindən də elə bağlandım el şənliklərinə.

- Olubmu ki, başqa sahədə özünüzü görmək istəmisiz?   

- Uşaqlıqda cərrah olmaq istəmişəm. Ancaq bu arzumu reallaşdıra bilməmişəm. İndi tək bir oğlum var. İstərəm ki, öz arzumu oğlum üçün reallaşdırım. Düzdür onun da çox gözəl musiqi duyumu var. Ancaq bu sahədən uzaq tuturam onu. İstəmərəm ki, müğənni olsun. Arzum oğlumu cərrah kimi görməkdir.

- Ailənizdə Sizə qarşı bir təpki vardımı ki, bu sənətə getmə?

- Əslində yox. Nə bacım nə də ki, qardaşım var. Evin tək uşağı idim. Atamı da altı yaşım olarkən erkən itirmişdim. Hər addımımda mərhum anam Nuriyyə xanım mənim dayağım olub. Həmişə bütün nailiyyətlərim üçün o sevinərdi. Sizə deyim ki, mən şahmata gələndə sovetlər birliyi artıq dağılmışdı. 1992-93-cü illərdə bu sahəyə diqqət demək olar ki, göstərilmirdi. Yunanıstanda 12 yaş qızlar arasında keçirilən Litaxori şəhərində Avropa Birinciliyində iştirak edib, qalib oldum. Sonradan mən müğənni kimi mahnı oxumağa başlayanda ümummilli lider bu sahəyə vəsait ayırdı. Belə ki, on nəfər şahmatçıya on min manat civarında vəsait verildi və bu sahənin inkişafı üçün böyük bir zəmin yarana bildi. Artıq o zaman mən şahmatdan uzaqlaşmışdım.

- Bu gün bir aktual məsələ var. İstərdim ki, bu məsələyə də aydınlıq gətirəsiniz. Hətta Youtube səhifələrində Simuzər Məmmədova (Simay Altun) heç bir fəxri adı olmadığı halda el şənliklərində “Respublikanın əməkdar artisti” kimi təqdim olunur. Bu təqdimat haradan qaynaqlanır və nədən belə təqdimatlar var?

- İlk öncə deyim ki, Azərstarın vaxtında Bakıda olarkən 2007-ci ilin sonu 2008-ci ilin əvvəllərində mənə Mədəniyyət Nazirliyindən bir zəng olundu. Bildirdilər ki, mart ayında təqdimat olacaq və Sizə fəxri ad veriləcək. Bu xəbərdən çox sevindim və bir neçə qohum-əqrabaya bu barədə bildirdim. Sonradan mən yenidən Nazirliklə əlaqə saxladıqda bildirdilər ki, hansısa bir balans bu fəxri adın verilməsi üçün kifayət etmir. Ancaq buna qədər qohumlar arasında el şənliklərində belə oldu ki, məni “Respublikanın əməkdar artisti” kimi təqdim etdilər. Bu şayə beləcə yayıldı.  

- Bəs bu fakt şayə olduğu halda nəyə görə el şənliklərində məsələyə aydınlıq gətirməmisiz ki, belə bir rəsmi olaraq fəxri ad yoxdur. Çox yaxşı arzudur. İnşallah qismət olar. Ancaq belə bir söz-söhbətlərdə gəzir ki, Sizi fəxri adla təqdim etmədikdə el şənliklərində böyük dava-dalaşlar çıxarırsınız?

- Yox. İnanın ki, bu yanlış bir xəbərdir. Heç zaman belə olmayıb. Hətta dəfələrlə demişəm ki, məni təqdim etməyin, adımı belə çəkməyin. Bilən və məni tanıyanlar bilir ki, mən belə bir təpgidə olan insan deyiləm. Bu günə kimi hətta efirlərə belə dəvət olunarkən qaçmışam.

- Vokal müəlliminiz kim olub?

- Mən vokal təhsilimi Piterde aldım. Ancaq belə Konservatoriya təhsilim yoxdur. Ümumiyyətlə musiqi təhsilim yoxdur.

- Gəncədə maraqlı bir teatr studiyası yaratmısınız. “Karnaval Kids Studiyası” adı altında fəaliyyət göstərirsiniz. Burada çox böyük həcimli kuklalar  var və el şənliklərində iştirak edirsiniz. Ətrafınıza bir çox gəncləri cəlb etmisiz. Necə oldu ki, belə bir teatr studiyasını yaratmaq qərarına gəldiniz?

- Beş il öncə Fransada Disneydə oldum və burada kuklaların oyununu çox bəyəndim. Düşündüm ki, bu tip kuklaların oyunu niyə də Azərbaycanda da olmasın. İlk öncə belə bir teatr studiyasını Bakıda təşkil etmək niyyətində idim. Sonradan mərhum anamı tək qoymamaq üçün qərara gəldim ki, elə Gəncədə təşkil edək belə bir teatr studiyasını. Gəncədə də ilk dəfə Buratino Uşaq Teatr Studiyası kimi fəaliyyətə başladıq. Sonradan isə tam olaraq Karnaval Kids Studiyası olaraq 12 nəfərdən ibarət bir heyyətlə fəaliyyət göstəririk. Bundan əlavə Qazaxda, Mingəçevirdə və Bakıda fəaliyyətimizi filyallarımız  təşkil edir. İnşallah 2020-ci ilin mart ayında isə İstanbulda fəaliyyətimizi genişləndirmiş olacıq. Artıq orada çalışacaq aktyor heyəti ilə bu arzumuzu reallaşdırmaq üçün hazırlaşırıq. Düzdür, bu gün məkanımız bir az kiçikdir. Ancaq maraqla və həvəslə çalışırıq. Aktyorumuz Alvin Ağabəyov çox istedadlı bir gəncdir. Onun köməkliyi ilə yeni cəlb olunan gənclərlə iki-iki fərqli saatlarda məşq proseslərini aparırıq. Bizdə Marina xanım gəlib oryental rəqsləri öyrədir gənclərə. Hər kəsə iki saat ərzində məşq prosesləri salınır. Beləliklə də el şənlikləri üçün çıxışlarımızı hazırlayırıq.

- Bildiyim qədər həm də teatr studiyanız vasitəsilə xeyriyyə tədbirlərini də həyata keçirirsiniz? Bu barədə nə deyə bilərsiniz?  

- Tamamilə doğru deyirsiz. Maliyyə gəlirlərimiz hesabına ildə bir dəfə ehtiyacı olan şəxsləri Məşəd ziyarətinə göndəririk. Ayda bir dəfə ehtiyacı olan ailələrin övladlarına kiçik toy mərasimlərini təşkil edirik. Beləliklə ehtiyacı olan ailələri və uşaqları sevindiririk. 

- Son olaraq gələcək planlarınız haqqında nə deyə bilərsiz?

- İnşallah müğənni olaraq fəaliyyətimi davam edəcəm. İstəyirəm ki, solo konsert  təşkil edim. Az zaman deyil. 22 illik bir fəaliyyətim var. Əlbəttə ki, istərdim ki, bu fəaliyyətim dəyərləndirilsin və fəxri ada təqdim olunum. Həm də bu Karnaval Kids Studiyasının fəaliyyətini daha geniş bir formada davam etdirək. İnşallah arzular çoxdur. Uca yaradan qismət etsin ki, həyata keçirə bilək.

 - Uğur olsun.

Anar  Burcəliyev, teatrşünas


 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru