Salam, xoş gəlmisiniz.

Ey vicdanı susmuş natarazlar!

2019-10-29 15:09:35

Ey vicdanı susmuş natarazlar!

İslahatların reallaşmasına mane olan harınlamış və şəbəkələşmiş dəstələrdən yaxa qurtarmalıyıq...

“Bir vətəndaş kimi dərk edirəm ki, real vəziyyətdə ölkənin xilası Prezidentlə xalqın birliyindən keçir. Bunun alternativi xaosdur. Yalnız bu birliyin sayəsində sular bir daha durular, ölkə yeni inkişaf mərhələsinə qədəm qoyar, milli birlik, barışıq, dinclik və əmin-amanlıq olar”

Prezidentə və onun xalqın mənafeyinə uyğun planlarına qarşı ən eybəcər kampaniya üsullarından biri də reputasiyasını itirmiş və xalqın nifrətini qazanmış şəxslərin önə çıxarılması və ona Prezidentin müdafiəçisi qismində çıxış etmək missiyasının tapşırılmasıdır. İyrənc olduğu qədər də neqativ təsir gücü olan bir üsuldur.

Özlərini "sədaqətli məmur", "vəfalı nazir", "fədakar və dövlətçi alim", "Prezident üçün ölümə hazır partiya rəhbəri", "namərdə aman verməyən icra başçısı" "elm təəssübkeşi rektor, prorektor, direktor" və s. kimi bakirə atributlarla cəmiyyətə sırıyıb ölkəni talayanlar, yaxud yallananlar, xalqı qəzəb həddinə çatdıran mənəviyyatsızlar indi də tərif etdikləri Prezidentin islahat planlarına müqavimət göstərirlər. Şüarlarının dinamikası belədir: "Narazılıq nə qədər çox olsa, maraqlarımıza bir o qədər uyğundur". Bu "zatlar" xaotik şəraitdə Reformatora daha çox təsir etmək imkanı qazanacaqlarını düşünür, növbəti mərhələlərdə də nüfuz sahibləri kimi qalmaqda davam etmək istəyirlər. Mürtəcelərin bu mühafizəkar layihəsi hazırkı situasiyada Reformatorun və xalqın maraqlarına tamamilə ziddir.
Adamdan soruşarlar: 25-30 ildə məhz bu dövlətin hesabına qənimət kimi ələ keçirdiyiniz geniş və çoxmənzilli evlər, eyvanlar, biznes şəbəkələri, əlavə mülklər, iri-iri adlar, titullar, vəzifələr müqabilində dövlət və xalq üçün (tərif və mədhiyyələr istisna) hansı ciddi işləri görmüsünüz? Xəyanətlər göz qabağındadır.
Xəcalət çəkmirsiniz?! Yəni vicdanınız bu qədər susub?! Bəs vətəndaşlıq ləyaqəti necə?! Artıq siz özününzü belə, düşünə bilmirsiniz! Aldatmağı normaya, vəzifə səlahiyyətlərini xəyanət alətinə çevirmisiniz!
Ey vicdanı susmuş natarazlar! Deyəsən, start verilən islahatlar sizi qane etmir, eləmi? O da məlumdur ki, qolunuz çox uzundur, yəni uzun illərin hakimiyyəti nəticəsində ən müxtəlif sferalara nüfuz edə bilmisiniz. Lütfən, onu da bilin ki, xalqın ayıldığı an canfəşanlığınız yersizdir, çünki xalq onu aldadanları və ona zülm edənləri, çörəklə imtahana çəkənləri, bir tikə çörəkdən ötrü alçaqlığa, yaltaqlığa, yalana, şərə sövq edənləri heç vaxt əfv etmir. Axı, hər bir bəşər övladı öz fitrətinə uyğun ləyaqətlə yaşamaq istəyir.

Bilirəm, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən haqqı tapdanmış neçə-neçə sadə, dürüst insanlar qəzəb içərisindədir. Saf və səmimi qəzəb hisslərini kiminsə istismar etməsinə yol vermək olmaz. Düşünmürəm ki, Prezidentin xalqa etdiyi jesti anlamayacaq dərəcədə avamıq. Azacıq diqqət etsəniz, çalışdığınız idarə və müəssisələrdə, təhsil ocaqlarında irticanın mənəvi-psixoloji təsirlərinin şahidi ola bilərsiniz. Onlar "Əşi, boş şeydir islahat!", "Bu ölkə düzəlməz!" kimi ifadələr səsləndirir, öz amplualarında eşələnir, bütün vasitələrlə inamsızlıq yaratmağa çalışırlar.
Prezidentə və onun xalqın mənafeyinə uyğun planlarına qarşı ən eybəcər kampaniya üsullarından biri də reputasiyasını itirmiş və xalqın nifrətini qazanmış şəxslərin önə çıxarılması və ona Prezidentin müdafiəçisi qismində çıxış etmək missiyasının tapşırılmasıdır. İyrənc olduğu qədər də təsir gücü olan bir üsuldur.
Şəxsən, bir ziyalı kimi mənim də haqlarım harınlamış alimi-kəbir təbəqəsi tərəfindən az tapdanmayıb. Amma məsələyə praqmatik yanaşmaq məcburiyyətindəyik. Yanlış duymadınız, "alimi-kəbir" ifadəsini işlətdim. Əgər millətin düşünən başı olmalı olan bir sıra alim məddahlıq, yalan, rüşvət və xəyanətə qurşanıbsa, vəziyyətin nə qədər kritik olduğunu təsəvvür etmək çətin deyil.
Ömür boyu heç bir siyasi və karyera ambisiyaları olmayan (hesab edirəm ki, belə ziyalılarımızın sayı çoxdur) bir vətəndaş kimi dərk edirəm ki, real vəziyyətdə ölkənin xilası Prezidentlə xalqın birliyindən keçir. Bunun alternativi xaosdur. Yalnız bu birliyin sayəsində sular bir daha durular, ölkə yeni inkişaf mərhələsinə qədəm qoyar, milli birlik, barışıq, dinclik və əmin-amanlıq olar. İslahatların reallaşmasına mane olan harınlamış və şəbəkələşmiş dəstələrdən yaxa qurtarmaq üçün bu birlik Azərbaycan xalqına və dövlətinə hava və su qədər vacibdir.
Bu addım sosial-siyasi və partiya mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşı üçün ideal qurtuluş yoludur. Gəlin, əl-ələ verib dövlət və millət maraqlarını təhdid edən təhlükələrdən xilas olaq. Mexanizm qurulduqdan, normal, dinc, nifrətsiz və qəzəbsiz inkişaf yoluna çıxdıqdan sonra kimin prezident, kimin baş nazir, kimin nazir olmasının heç bir fərqi olmayacaq. İndi isə reallıq ondan ibarətdir ki, Prezident dəfələrlə islahata səsləyir və çətin də olsa, müvafiq addımlarını atır. Ləyaqətli xalq olaraq bu "döyüşdə" hər birimiz təmənnasız iştirak etməliyik.
Ey xalq! İnan ki, hər çıxışı sənin qəzəbinə səbəb olan, oğru, yalançı, riyakar, millətini qana sürükləyən o hiyləgər məddahlardan heç kəsin xoşu gəlmir. Hazırkı şəraitdə hər şey xalq olaraq bizim fəallığımızdan asılıdır. Nifrət etdiyiniz o qaniçənlərdən xilas olmaq istəyiriksə, islahatlara dəstək olaq!
Bir müraciətlə xalq öz Prezidentinin yanındadır! (05.10.1994-cü ildə bunun şahidi və iştirakçısı olmuşuq). İkinci tarixi bir müraciəti gözləyirik. O zaman irtica nə qədər kök atsa da, kökü kəsiləcək, qısa müddətdə vətəndaş həmrəyliyi yaranacaq. Bu, müasir dünya tarixində dinc dəyişikliklərin nümunəvi modeli olacaq!

İdris ABBASOV


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru