Salam, xoş gəlmisiniz.

Gömrük Komitəsinin qadağası böyük etirazlara səbəb oldu - “Komitənin bu qərarından prezidentin xəbəri yoxdur”

2019-11-26 12:24:12

Gömrük Komitəsinin qadağası böyük etirazlara səbəb oldu - “Komitənin bu qərarından prezidentin xəbəri yoxdur”

Arzuman Nəbiyev: “Dövlət Gömrük Komitəsi maşın satışı ilə məşğul olan oliqarxların mövqeyini qorumalı deyil”

Gömrük Komitəsinin son qadağası Gürcüstandan Azərbaycana avtobillə gəlib-gedən soydaşlarımızı çətinliklə üz-üzə qoyub. Hansı ki, noyabrın 22-dən etibarən Gürcüstan nömrəli maşınların Azərbaycana buraxılmasına məhdudiyyət qoyub.

Картинки по запросу Arzuman Nəbiyev

Məsələ ilə bağlı əslən Borçalıdan olan “Yeni Sözçü” qəzetinin baş redaktoru Arzuman Nəbiyev “Hürriyyət”ə dedi ki, bu qadağa soydaşlarımız arasında çox ciddi narazılıqlar yaradıb: “Borçalıda yaşayan soydaşlarımız buna öz etirazlarını bildirirlər. Gələn maşınların əksəriyyəti gömrükdə soruşur ki, səbəb nədir? Hamısı deyir ki, məqsədi bilmirik, dərindən maraqlanırsınızsa, 195 nömrəli telefona zəng edib öyrənin. Əslində, mən belə hesab edirəm ki, bu, qanunsuzdur. Birincisi, hansısa qadağanın qüvvəyə minməsi üçün Nazirlər Kabineti qərar verməlidir. Ondan sonra, həmin həmin qərar müzakiə olunur və təsdiq olunur. Amma bunların heç biri bu məsələrlə bağlı nə qanun, nə də qayda göstərə bilirlər, kütləvi surətdə maşınları dayandırırlar. Halbuki, Nazirlər  Kabinetinin 305 saylı qərarında göstərilir ki, fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhəddindən keçirilməsi güzəşt və sadələşdirilmiş qaydada aparılmalıdır. Həmin qərarda söhbət fiziki şəxslərin kommersiya və istehsal məqsədi ilə gətirilmiş malların gömrük sərhəddindən sərbəst keçirilməsindən gedir. Həmin qərarın 1.3.9-cu bəndində bu, qeyd olunur. Orada da göstərilir ki, avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması və ya alınmalı olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından mövqelərinə aid nəqliyyat vasitəsi gəlib keçməlidir”.

“Bir maşının bura gəlməsi üçün 150-160 manat cıvarında pul xərclənir”

A. Nəbiyev nəzərə çatdırdı ki, Gürcüstan nömrəli maşınlar Azərbaycana daxil olduğu zaman 3 ay vaxt verilirdi: “3 ay müddətində 37 manat 50 qəpik alırlar. Ondan əlavə, bu müddətdə 40 dollar “torpaqbasdı” alırlar, eyni zamanda oradan gələn maşınlar sığorta olunurlar. Deməli, bir maşının bura gəlməsi üçün 150-160 manat cıvarında pul xərclənir və gömrükdən avtomobillər keçir, 3 aydan sonra da geri qayıdırlar. Bunlar aydındır”.

“Bu yasağın qoyulması istər-istəməz bizdə ikrah hissi yaradır”

A.Nəbiyevin fikrincə, indiki məhdudiyyətin kökündə başqa məsələlər durur: “Hesab edirəm ki, Dövlət Gömrük Komitəsinin bu qanunsuz addımının arxasında avtonəqliyyat biznesi ilə məşğul olan oliqarxların maraqları dayanır. Bilirsiniz, yüksək gömrük rüsumları səbəbindən ölkəyə idxal edilən maşınların qiyməti kəskin bahadır. Bu isə sosial-iqtisadi problemlərin artdığı indiki şəraitdə vətəndaşların maşın sahibi olmasına imkan vermir. Buna görə, burada fəaliyyət göstərən, yaşayan Borçalı əsilli soydaşlarımız oradan Gürcüstan seriyası ilə maşınlar alırlar. Bu məhdudiyyətlərin qoyulması oradakı insanlara qarşı aqressiya yaradır. Məsələn, mən azərbaycanlıyam, Gürcüstanda doğulmuşam, amma biz hamımız özümüzü bu ölkənin vətəndaşı hesab edirik. 20 Yanvarda Gürücüstan azərbaycanlıları Azərbaycanla bir oldu, dəstək verdi. Eyni zamanda Qarabağ müharibəsində Gürcüstandan nə qədər azərbaycanlı gəldi, döyüşdü. Bu yasağın qoyulması istər-istəməz bizdə ikrah hissi yaradır. Mən hesab edirəm ki, Dövlət Gömrük Komitəsi bu məhdudiyyətlə avtomobil biznesindən milyonlar qazanan oliqarxların maraqlarını təmin etməyə çalışır”.

“Maşının buradakı bazar qiymətinin 75%-ni depozit üçün hesablayırlar”

A.Nəbiyev diqqətə çatdırdı ki, söhbət təkcə Gürcüstandan gətirilən maşınlardan gemir: “Bu, digər xarici ölkələrə də aiddir ki, 90 gündən artıq qalacaqsansa, bu vaxt maşın üçün depozit qoyulmalıdır. Hansı ki, maşının qiymətinin 70%-i depozit tələb olunur. Tutaq ki, mən Grücüstanda maşını 4 min dollara almışam, maşın da Gürcüstan nömrəsi ilədir və mən Azərbaycana keçirəm, depozit qoymaq istəyirəm, o zaman bunlar neynirlər, mənim orada 4 min dollara aldığım maşını həmin qiymətinə uyğun deyil, buradakı bazar qiymətinin 75%-ni depozit üçün hesablayırlar. Adama deyərlər ki, axı, mənim maşınımın üstündəki Gürcüstan nömrəsidir, Gürcüstan qeydiyyatında olan maşının Azərbaycana nə dəxli var. Bu, o deməkdir ki, maşın gətirməyin. Amma Dövlət Gömrük Komitəsinin Gürcüstandan, Türkiyədən, Rusiyadan gətirilən maşınları Azərbaycana buraxmamaq səlahiyyəti yoxdur”.

“Gömrük Komitəsinin verdiyi açıqlama öz təsdiqin tapmır”

“Açıqlama verirlər ki, xaricdən Azərbaycana  gətirilən maşınlarla bağlı ciddi addımlar atılacaq. Bunu nə ilə izah edirlər? İzah edirlər ki, guya, Gürücüstandan gətirlən maşınlar texniki göstəricilərə uyğun deyil, köhnədir. Guya, bu maşınlar ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, yol qəzalarının artmasına da şərait yaradır.  O zaman sual olunur ki, siz hansı statistikaya istinad edib, verdiyiniz bu açıqlamanı əsaslanıdırırsınız? Əslində, 1994/95-ci ildə istehal olunmuş köhnə bir “Mersedes”i burada satıb və həmin qiymətə Gürcüstandan ili, texniki vəziyyəti təzə olan maşın alıb, gətirirlər. Çünki əgər 1995/96-c ilin “Mersedes”i burada 10 mindirsə, bu qiymətə orada 2006/07-ci ilərin maşınını almaq olur. Ona görə də buradakı vətəndaş köhnə maşınını satır, gedir oradan təzə bir maşın alır. Deməli, Gömrük Komitəsinin verdiyi açıqlama öz təsdiqin tapmır. Çünki oradan  heç kim köhnə maşın alıb gətirmir”,- deyə baş redaktor əlavə etdi.

“Dövlət Gömrük Komitəsi vətəndaşların mənafeyini qorumalıdır”

A.Nəbiyev hesab edir ki, Azərbaycana xaricdən idxal olunan avtomobillərin rüsumları tənzimlənməlidr: “Rüsumlar çox yüksəkdir. Biz bu barədə dəfələrlə mətbuatda vurğulamışıq. İdxal olunan avtomobillərin rüsumları İran, Türkiyədəki qiymətlərlə eynidir. Hansı ki, İranın və Türkiyənin özünün maşın istehsalı, böyük zavodları var. Təbii ki, onların idxal olunan maşınlara qoyduqları rüsum onlara uyğundur. Amma bizdə tərsinədir. Ona görə də hesab edirəm ki, Dövlət Gömrük Komitəsi vətəndaşların mənafeyini qorumalıdır, bu gün maşın satışı ilə məşğul olan oliqarxların mövqeyini qorumalı deyil. Əks təqdirdə bu ölkədə sosial narazılıq daha da artacaq”.

“Bizim orada 400-500 min soydaşımız var”

A. Nəbiyev onu da xatırlatdı ki, 2011/12-ci illərdə  buradan Gürücüstana gedən maşınlardan “torpaqbasdı” vergisi alınmırdı: “Həmin dövrdə Azərbaycan Gürücüstandan Azərbaycana daxil olan maşınlara “torpaqbasdı” tətbiq elədi. Sonra gürcülər baxdılar ki, bu müftə puldur, Azərbaycan bunu Gürücüstan maşınlarına tətbiq edirsə, biz niyə etməyək? Və həmin metodu onlar da tətbiq etdilər. Ona görə, bu gün o tərəfə keçən kimi “torpaqbasdı”sı ödəyirik. Bilirsiniz ki, bizim orada 400-500 min soydaşımız var, eyni zamanda burada da bir o qədər soydaşımız yaşayır və bunlar daima biri-biri ilə əlaqəlidirlər, gediş-gəlişləri var. Əslində, Gürcüstan maşınlarının bura buraxılmaması, depozit tətbiq edilməsi yaxud digər məhdudiyyətlərə görə, Gürcüstan  “torpaqbasdı”nı tətbiq etdiyi kimi, həmin bunları da tətbiq edəcək. Deyəcəklər ki, Azərbaycan bunu tətbiq edirsə, biz niyə depozit almayaq? Amma Azərbaycan bir şeyi unudur ki, oradan gürücülərin Azərbaycana gəlməsi ay ərzində barmaq sayı ilə hesablanır, ancaq hər gün minlərlə soydaşımız sərhəddi, o tərəfə, bu tərəfə keçir. Yəni zərbə orada yaşayan azərbaycanlılara dəyir.

Ümumiyyətlə, Gömrük Komitəsinin atdığı bu addımlardan prezidentin belə, xəbəri yoxdur. Bunlar qərar çıxarmadan əvvəl bunu tətbiq edirlər, camaatın reaksiyasını yoxlayırlar. Görəcəklər ki, səs çıxmadı, həmin qərarı tətbiq edəcəklər. Bu da bizim camaatda haqlı narazılıqlar yaradacaq”.

Qeyd edək ki, Gürcüstandan və digər ölkələrdən gətirilib ölkə ərazisində 3 aydan çox qalan avtomobillər üçün 70 % depozitin saxlanılması ilə bağlı Nazirlər Kabinetinin qərarının olub- olmaması ilə bağlı Nazirlər Kabinetinə zəng vursaq da, mətbuat xidmətindən cavab verən olmadı.

Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə telefona cavab versə də, hüzr yerində olduğunu dedi. O, “10 dəqiqə sonra zəng edin” desə də, təkar zəng etdikdə telefona cavab vermədi.

Şamo EMİN, Hurriyyet.org

P.S. Mövzunu davam etdirəcəyik.


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru