Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR

Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR

Meliorasiya və su təsərrüfatının zəruri inkişafı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkə başçısı məhz bu sahənin qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafında oynadığı müstəsna roluna xüsusi önəm verir. Və Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı da su ilə savaba yol açan melioratorların əzminə aludədir. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sərəncamında olan məlum təyinatlı onlarca yeni tikinti işləri ilə rəsmi tanışlıqlar, hər il hansısa meliorasiya obyektlərinin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində prezidentimizin şəxsi iştirakı stimulverici amillərdən sayılır.

Bu sahənin müasir dirçəlişinə təkanlar prezidentin qayğısı, siyasi-iqtisadi mövqeyi ilə yanaşı, dövlət büdcəsindən ayrılan 100 milyonlarla, milyardlarla manat vəsait hesabına başa gəlir. Bəs, görəsən mərhum Heydər Əliyevdən bu yana ölkənin baş melioratoru postunu qucaqlayan Əhməd Əhmədzadə və komandası öz üzərlərinə düşən məsuliyyəti və vəzifə öhdəliklərini lazımınca dərk edirlərmi?

Hər illik hesabatlarında ağsaqqal baş cuvarın prezident qarşısında uğurlardan danışması, görülməli çeşidli işləri önə çəkərək meliorasiyaya büdcədən ayrılmaları artırmağa nail olması şəxsən Əhmədzadəyə yüksək etimaddan, özəl etibardan da xəbər verir.

Bu mənada uzun illərdir Əhmədzadəyə və "meliorator komandası”na həm hökumətin, həm də cəmiyyətin ümidləri, nikbin gözləntili tələbləri də yox deyil .

Əhmədzadənin sınaqlardan çıxmış ciddi məmur reputasiyasını və dövlətçiliyə sədaqətli imicini nəzərə alıb, təəssüflə mühüm bir səhfini deməliyəm ki, bu adamın ölkə üzrə formalaşdırdığı "melioratorlar komandası”nın təsadüfi təmsilçiləri görülən mühüm işlərə xələl gətirməklə, meliorativ tədbirləri tormozlamaqla, bağışlanmaz rəzalət və xəyanətlərlə, büdcə quldurluğu ilə məşğuldur.

ASC-nin tabeliyində çalışan kadrların böyük əksəriyyətinin meliorasiyadan tam xəbərsiz olması bir kənara, maxinasiyalara və korrupsiyaya meyilli olmaları danılmaz faktdır. Ona görədir ki, tez-tez mətbuat səhifələrində ayrı-ayrı SSİ-lərdə alovlanan süni problemlər, maxinasiyalar tirajlanır. Lakin və yazıqlar olsun ki, qurum başqanları ciddi nöqsanların aradan qaldırılması istiqamətində heç bir real tədbirlər həyata keçirtmir. Əksinə, cənab Əhmədzadə lokomotiv funksiyası yerinə yetirərək cavabdehliyindəki yarıtmazları öz qoltuğuna çəkib cəzasızlığa apardığı rəyini formalaşdırır. Bu da bəzilərindəki yırtıcılıq qabiliyyətini inkişaf etdirir, büdcəyə xəyanəti, rüşvətxorluğu və qudurğanlığı dəfələrlə artırır. Və adam düşünür ki, Əhmədzadələrin mütamadi media manşetlərinə çıxarılan, Qax, Zaqatala və Avopada "çiçəklənən" şəbəkəli biznes imkanlarını məhz ziyanlı "susqunluq" və durğunluq xisləti sağlayıb.

Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR

Son bir ildə Demokratik.Az saytında Göygöl SSİ-də qaynayan anarxiya və özbaşınalıqlardan, bir rəisin yarıtmaz fəaliyyətindən bəhs edən silsilə yazılara Əhmədzadə cənabının sərgilədiyi lallıq, karlıq və korluq dispozisiyasına şahid oluruq. Axı, saç-saqqalını dövlət qulluğunda ağartmış, ölkənin ağsaqqal YAP-çılarından birinə necə sual etməyəsən ki, qudurğan kadrlarından niyə qorxursan? Cənab Əhmədzadə, bəlkə rüşvətə və talana qurşanmış melioratorlar elə sizin maddi maraqlarınıza yarayır? Belədirsə, ağsaqqal, biz nəyin peşində, siz nəyin hayındasınız?

"Bəlkə də bütün SSİ və digər təyinatlı idarə rəisləri talançılıqda Əhmədzadənin öz sifarişini yerinə yetirən biçarələrdir" - deyə məntiqi bir situasiyada lap azırıq... 

Gəlin, Göygöl SSİ-də rəis İlqar Məhərrəmovun özbaşına və korrupsioner fəaliyyətini əks etdirən, dediklərimizə əsas verən bir sıra hallara diqqət yetirək:

- Haqqında bəhs etdiyimiz idarə Gəncə və Göygöl ərazisində mövcud olan təxminən 250-ə yaxın artezianı, 10 elektrik su-nasos stansiyalarını özündə birləşdirir. Gəncə şəhəri üzrə artezianların istismarına nəzarət etməli qurumun yoxluğu isə Göygöl SSİ-yə özəl avantaj sağlayır. Səhih bilgilərə əsasən, hər il sənədlər üzrə sayı artmaqda olan artezianların xeyli hissəsi, eləcə də su-nasos stansiyalarının yarıdan çoxu istifadəsiz və tam yararsız olmaqla ASC-yə ayrılan küllü miqdarda elektrik datasiyasını havaya sovurmaqdan başqa real işə yaramır. Hər il eyni maliyyə pozuntularının təkrarlanması, maliyyə axınına qeyri-şəffaf nəzarətsizlik işin ciddiliyindən xəbər verir. İdarə rəhbəri İlqar Məhərrəmovun yalançı hesabatları və statistik sayıqlamaları ictimaiyyəti və büdcə ayırmalarını malalamağa hesablanır. 

Hazırda Gəncə ərazisində binalar və digər yaşayış massivlərində 10-larla artezian ölü durumda təmir olunacağı anı gözləyir. Bir çox artezianların ümumiyyətlə idarəyə aidiyyatı yoxdur, sadəcə siyahıyaalma əsasında ASC tərəfindən "mənimsənilib". Göygöl rayonunun Hacıməlik, Qızılca, Nadel, Quşqara və Üçtəpə kimi kəndlərində isə əhalidən bir neçə arteziana təmir və elektrik xərcləri bəhanəsilə dövrü ödəniş haqqları yığılır. İdarə müdirinin bu özfəaliyyəti tez-tez narazılıqlar yaratsa da büdcəyə xəyanət mexanizmi illərdir eynən davam etdirilir.

Hər il artezianlara elektrik xərclərinin dövlət datasiyası üçün ayrılan 2 milyon manatdan artıq vəsaitə təcavüzlər olunur. Belə ki, bu qədər böyük vəsaiti (hər bir atreziana orta hesabla 10 min manat datasiya və əhalidən yığılan əlavə pullar da daxil - O.N) ilin yarısınadək başqa səmtlərə ayırmalarla tükəndirən maxinasiyalar rəisin varlanmasına, artezianların yayın ortasındaca işıqsız qalacağına real şəraitlər yaradıb. Xüsusi yoxlama ilə müəyyən edilməlidir ki, yaz -yay mövsümündə rayon üzrə neçə artezian aktiv və işlək halda suvarılmaya cəlb edilir və 10-larla istifadəsiz arteziana 100 minlərlə manat xərc ayırmaları kimlərə və nəyə lazımdır?     

- Göygöl rayonunda əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan nasos qurğularının yarıdan çoxu nasaz halda olsa da, idarə sənədlərində hər il təmirdən çıxır və reallıqda nasaz nasos avadanlıqları idarə rəisinin istəyilə büdcəmizdən havayı pullar yeyir. Təkcə, 2017-ci ilin hesabatında mövcud 10 nasosun 9-unun sazlığının vurğulanması ağ yalandan savayı bir heçdir. Əslində nasosların yarıdan çoxu yararsızdır. Təkcə, bir Topalhəsənli kənd su-nasos stansiyaları təftiş edilərsə, illərdir nasosların mühərriklərinin paslandığı, Gəncəçayın suyunun öz mənsəbinə təbii yolla ulaşdığını, mexanik və gözətçi adlı neçə "ölü can"ların maaşlarının talançılıq olduğu təsdiqinə qovuşar.

- Əkin torpaqlarının hər hektarının suvarılmasına görə isə, su birlikləri vasitəçiliyilə ödənilməli olan 1,5 manat pulun əvəzində əkinçilərdən 10 manat alınması faktı var. Ümumilikdə Göygöl rayonu üzrə 15 min hektar əkin sahəsinə şamil oluna bilən bir fırıldağın idarə rəisinə hər il 80-100 min manat rüşvət qazandıra biləcəyi fürsəti də tam aydındır. Bu süni əngəl təbii ki, torpaq əkininə olan marağı aşağı salır, sahibkarlarda ASC-yə şəffaf inamı qamçılayır. Maraqlı və şübhəli məqama da diqqət yetirilməlidir ki, Göygöl SSİ rayonunun dəmyə əkin sahələrini öz təkrarçı və yalançı hesabatlarında niyə və necə göstərir? Kağızlardakı qeydi saymasaq, bəlkə dəmyələri də İlqar Məhərrəmov sulayır?!   

- Səhih məlumatlara görə, İlqar Məhərrəmov Göygöl SSİ-nin rəisi olandan indiyədək 160-a yaxın işçinin əmək hüquqlarını da aşkar pozur. Sabiq müdirin zamanında kvartalda 7 min (ildə 28 min - O.N) manatlıq premiya indi buxarlanıb itir. Ciddi təsir etməsə də, bu hal illərdir premiyaya həsrət qalan meliorasiya işçilərinin xeyli hissəsinin tez-tez iş yerlərini tərk etməsinə, günəmuzda üstünlük verilməsinə, ağır şəraitdə meliorasiya işlərində həvəssizliyə səbəb ola bilən amillərdəndir. Əgər bu idarəyə premiya ayrılırsa, ayrılan vəsaitin necə mənimsənilməsi də Əhmədzadə üçün maraqlı və məsuliyyətli hal deyilmi?! 

 

Hələ bir neçə ay əvvəldən də yazmışdım ki, Göygöl SSİ-nin yeni binası da İlqar Məhərrəmovun maliyyə maxinasiyalarının qurbanı olub. "Görünüşündə "ASAN XİDMƏT"i xatırladan bina ucuz daş tikili əvəzinə, bədxərcliklə şüşəbənd olub. Otağında 5 min manatlıq akvariumda yırtıcı balıqlar saxlayıb meliorasiyaya lazımsız azarına minimum əməkhaqqı dəyərində xərc çəkən dımbılıboy meliorator özbaşına memarlıq da edərək idarəni öz zövqü ilə lap balıq akvariumuna bənzədib. Şəffaf və parlaq binanın tikinti və təmirində də Əhmədzadə etimadına xəyanət vardır.

Məlumata görə, İlqar Məhərrəmova "inanan" cənab Əhmədzadə binanı bürüyən təxminən 450 kv metrlik şüşənin hər kvadratına Gəncədəki şüşə sexində 103 manat verildiyini, işin belə ucuz başa gəldiyini bilməyib. Hansı ki, binanın şüşələnmə əməliyyatı 2 saylı forma sənədlərində 2 dəfə artıq qiymətlə, yəni 220 manatla ödənilib.

Baş melioratorun haqq-hesabına küllü miqdarda kəf gələn Məhərrəmovun yaxasına hansı "özəl meliorativ qabiliyyətləri"nə görə medal taxdırdığını anlamaq indi çox çətindir. Axı təkcə bu fırıldaqla Əhmədzadəyə 50 min manat "fırladan" şəxs korrupsiya halına və rəhbərinə xəyanətə görə cəza almalı, lap həbsi boylamalı deyildimi? 

İdarə rəisinin bir "ilk"i də zay çıxdı - artezianların interaktiv idarəetmə sistemi özünü niyə doğrultmadı və çəkilən xərc hara getdi?

Ölkəmizdə bəzi fırıldaq məmurların uydurmaları və yalanları elə şirin olur ki, xeyli müddət rəhbərini aldada bilir. Bu İlqar Məhərrəmovun da Əhmədzadəyə sırıdığı nağıllardan biri artezianların interaktiv idarəetmə sistemi ilə bağlı olub. İndi məlum olur ki, 2017-ci ildə AZTV-də və digər televiziyalarda bir "ilk" kimi reklam olunan sistem özünü doğruldacaq məsələ deyilmiş. Az qalsın Avropanın, MDB-nin ilki adlandırılan bir layihə qısa zamanda fiasko olub. Sistemləşdirilmiş artezianların hazırda elə köhnə üsulla - əllə idarə olunduğu deyilir. İdarənin həyətində quraşdırılan gözdağı "interaktiv idarəetmə mərkəzi"nin fəaliyyətinin ciddi təftişinə ehtiyac var. Bu barədə də xeyli dedi-qodular gəzir ki, dəqiqləşdirilməlidir.

AYRILAN TONLARLA YANACAQ DİGƏR İNVENTARLAR KİMİ TALANIR...

İdarədə dövlət vəsaiti hesabına ağır tonnajlı texnikalara, traktorlara ayrılan dizel və benzin yanacağının, yağ və sürtkü materiallarının talanması açıq müşaiyyət olunur. İdarəyə ayrılan yanacaq müdirin ata-baba malı kimi hər gün havaya sovrulur, müxtəlif adda şəxsi yanacaqdoldurma məntəqələrində satılmaqla İlqar Məhərrəmovun cibinə pullar doldurur.

Hələ sovetlər dönəmindən idarənin (Göygöl r, Totanlı-111) həyətində quraşdırılan (ləğv olunub) xüsusi yanacaqdoldurma deposu (əsassız ləğv olunub) illərdir ki, təyinatından kənar quru və lazımsız halda benzin özbaşınalığına şahidlik edir. İdarəyə ayrılan tonlarla yanacaq limiti Göygöl rayonunun Üçtəpə kəndində yol kənarında yerləşən, kəndin bələdiyyə sədrinə məxsus "Alik" petrolda fərdi müştərilərə satılır...

Əhmədzadənin texnikası Gəncə yollarını neçəyə qazır?

Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR

İ.Məhərrəmov idarənin texnikalarını da istədiyi şəxsə və istədiyi qiymətə arendaya verir. Traktor sürücüləri texnikaları öz əmlakları kimi evlərində saxlayırlar. Traktorlar istənilən gün tikiləcək fərdi yaşayış evlərinin katlavanını, binəsini qazmaqla xeyli gəlir əldə edirlər. Hazırda SSİ-nin bir neçə traktorunun Gəncədə abadlıq-quruculuq işi həyata keçirən "Azəraqrartikinti"yə pulla arendaya verildiyi barədə məlumatlar var. Traktor sürücüləri meliorativ işlərdən ayrılaraq karlı pullar qazanırlar və rəisə aylıq haqq ödəyirlər.

Metr götürün, sahil-bərkitmə işlərini də ölçək...

"Demokratik.Az"-a verilən digər məlumatlara görə, idarə rəisi kağız üzərində sel və daşqınlardan yayınmaq məqsədilə Gəncə çayı, "Ərəbli" və "Xan Arx" su kanalları boyunca "sahil bərkitmə" işlərinin aparıldığını rəsmiləşdirməklə xeyli investisiya vəsaitini "xırıd" etmişdir. Təkcə, Gəncə çayının sahilində sovet dövründən yadigar qalan beton örtükləri, hətta köhnə körpüləri, plitələri yenisi kimi göstərməklə, ala-yarımçıq suvaq işləri gördürməklə aldatmalar edilir.

Təsadüf deyil ki, Göygöl SSİ-nin heç bir hesabatında "görülmüş" bənd bərkitmə işinin konkret ölçüsü, uzunluğu, smeta xərcləri barədə hansısa geniş məlumata rast gəlinmir. Yalnız, "Ərəbli" və "Xan arx" su kanallarının Göygöl-Üçtəpə yolundan görünən bir neçə yüz metrlik hissəsində beton işlərini aparıldığını görmək mümkündür. Həmin "Ərəbli" kanalı ki, uzunluğu 25 km-dir, lakin talançı müdir televiziya qarşısında özünü reklam edərkən həmişə betonlanmış məhdud yerləri gözə soxur. Amma bəzən lilli betonsuz yerə də dəng gəlir.

 

Göygöl SSİ-də benzin, artezian və bəndbərkitmə MAXİNASİYASI

20 km-ə yaxın uzunluqda olan "Xan arx" su kanalı barədə də meliorativ uğurlardan danışmaq yersiz olardı. Bu kanal da kağız üzərində dəfələrlə təmizlənmiş, xeyli hissəsi guya betonlanmış kimi "pripiska"ya məruz qalıb.

İldə bir dəfə arxasında traktor televiziya kamerasına pozlar verən idarə rəisinin və arendadakı traktorların çömçəsinin əslində ayrılan pulları qazıdığı faktı ortadadır. Hər açıqlamasında bu kanalların hər birində ildə bir neçə kilometrlik torpaq məcralı kanallarda betonlama işinin görüldüyünü "üfürən" İlqar Məhərrəmov bu maxinasiya hesabına 100 minlərlə manatı necə havaya sovurduğunu beləcə özü də etiraf edir. Bircə, qalır bu maxinatorun fəaliyyətini və dediklərini dərindən təftiş etmək və meliorasiya adına yaradılan korrupsiya bataqlığında İlqar Məhərrəmov kimiləri boğub başqalarına xoş nümunə aşılamaq... Bunu da nədənsə Əhməd baba istəmir!

İlqar Məhərrəmov cadu-piti ilə də məşğuldur?

Gülməli və qeyri-ciddi səslənəcək bir iddianı da diqqətinizə çatdırım. SSİ-nin əməkdaşlarının dediyinə görə, İlqar Məhərrəmov özünü üst təftişlərdən və Əhmədzadənin tələbkarlığından qorumaq üçün Nəzifə adlı falçı vasitəsilə dil-ağız bağlatdırır. Məlumata görə, xurafata inanan məmur falçını ayda bir neçə dəfə idarəyə dəvət edərək cadu (qara magiya) işləri gördürür. Məlumata görə, işə gəlmədən maaş alanlardan olan Elnur adlı Gəncə sakini həmin falçının oğludur. Vaxtilə öz rəisi Namaz Quliyevin Əhmədzadəyə söyüşünün səsini yazan biri indi də sədrinin dil-ağzını bağlamaq üçün molla tutmuşdursa, bu sərhədsiz rəzalətdir.

BUNCA CƏZASIZLIQ VƏ ÖZBAŞINALIQ HARA GEDİR?  

Belə aydın olur ki, son illərdə Göygöl Suvarma Sistemləri idarəsində qıy vuran özbaşınalıq Əhməd Əhmədzadə nəzarətsizliyi, sədrin laqeydliyi, maddi maraqlara mütiliyi ilə sıx bağlı haldır. 

Yerlərdə SSİ-dəki məmurların özbaşınalıqlarına göz yuman, kari-lal Əhmədzadəyə nə deyəsən axı? Qosqoca adamı hansı xoş və əməli tədbirlərə çağırasan?! Onsuz da bir tədbir görməyəcək. Axı, cənab prezidentin dediyi kimi, " qudurğan məmurlar cəzasız qalmamalıdır" prinsipinin pozulması acı xəyanətdir. Axı, susqunluq və dərəbəyliklə qanunlara savaş meydanı açmağa kimsələrin haqqı çatmır. 

İlqar Məhərrəmovun ASC-dəki himayədarının sədrin müavini (qudası) Rafiq Aslanov olması və Əhmədzadənin adaşı, qocaman jurnalist Əhməd İsayev tərəfindən də müdafiə olunması da artıq hamımıza məlumdur.

Hər şeyə rəğmən, kənd təsərrüfatının inkişafı naminə ölkə başçısının islahat yolunu dəstəkləyən Prezident İcra Aparatını, baş prokurorluq və korrupsiyaya qarşı mübarizə idarəsini və bütün vicdanlı mətbuat nümayəndələrini Göygöl SSİ-yə xüsusi yoxlamaya dəvət edirəm. Yoxsa, İqlar Məhərrəmovun korrupsiyalaşmış şoran torpağı hələ çox su aparacaq, büdcə pulları heyif olacaq...

Osman Nərimanoğlu

Demokratik.Az saytının baş redaktoru