Salam, xoş gəlmisiniz.

Hakimin ədalətsiz qərarını Apellyasiya Məhkəməsi LƏĞV ETDİ

2019-12-07 13:35:57

Hakimin ədalətsiz qərarını Apellyasiya Məhkəməsi LƏĞV ETDİ

Əlibala Qənbərov: “Hazırda öz sahəmə gedə bilmirəm, mən öz sahəmə hava ilə getməliyəm?”

Yolların geniş, səliqəli olması vacib olduğu halda, bəzi inşanlar buna əhəmiyyət vermir, hətta yoldan oğurlamağa, evini, sahəsini yola doğru genişləndirməyə, yolu isə daraltmağa çalışırlar. Halbuki, yolların səliqəli, geniş, yaşıllıqla əhatəli olması özü bir mədəniyyətdir. Təəssüf ki, biz isə hər zaman yoldan da oğurlamaqda maraqlıyıq. Hətta yolun hesabına kiminsə öz sahəsini genişləndirmək bir tərəfə qalsın, yolu bağlayanlara da bəzən rast gəlmək olur. Elə Astara rayonu, Ojakəran kəndi Qənbərov Əlibala Qafar oğlunun “Hürriyyət”ə şikayəti də bu barədədir.

“Yol bağlı olduğu üçün nə ağaçlara qulluq edə, nə də məhsullarını sata bilirəm”

Ə. Qənbərovun sözlərinə görə, 0,55 hektar pay torpağı kəndin kənarında yerləşir: “Mənim sahəm sonuncudur. Mənim sahəmdən öncə isə Hüseynov Əbülfəz Balahəsən oğlu və Ağayev Yaqub Əhədulla oğlunun torpaq sahələri yerləşir, lakin mənim yolumu bağlayıblar, yola çəpər çəkiblər. Mən sahəmdə feyxua ağacları əkmişəm, ancaq yol bağlı olduğu üçün nə ağaçlara qulluq edə, nə də məhsullarını sata bilirəm. Məhsulumu sata bilmədiyim üçün mənə külli miqdarda ziyan dəyib. Ümumi istifadə də olan yolun açılması ilə əlaqədar kənd icra nümayəndəliyinə və bələdiyyəyə bildirsəm də, heç bir nəticəsi olmadı. Ona görə, məcbur olub Hüseynov Əbülfəz Balahəsən oğlu və Ağayev Yaqub Əhədulla oğlu tərəfindən tutulmuş yolun çəpərinin sökülməsi üçün Astara Rayon Məhkəməsinə müraciət etdim”.

“Hakim Mübariz Məmmədov iddamı əsassız hesab edərək? şikayətimi təmin etmədi”

Ə. Qənbərov bildirdi ki,  Astara Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmayıb: “Məhkəmə yola baxış keçirməliydi, heç yola gəlib baxmadılar da. Hüseynov Əbülfəz Balahəsən oğlu və Ağayev Yaqub Əhədulla oğlu yolu kəsməyinə baxmayaraq, hakim Mübariz Məmmədov iddamı əsassız hesab edərək şikayətimi təmin etmədi. Hazırda öz sahəmə gedə bilmirəm, mən öz sahəmə hava ilə getməliyəm?”

Ə. Qafarovun dediklərinə diqqət yetirdikdə burada maraqlı məqam üzə çıxır. Məhkəmə necə ola bilər ki, yola baxış keçirmədən Hüseynov Əbülfəz Balahəsən oğlu və Ağayev Yaqub Əhədulla oğlunun lehinə qərar çıxarıb? Biz bilmirik, məhkəmə hansı səbəbdən yola baxış keçirməyib, ancaq bu qərarın qanunsuz olduğu aydın görünür.

Çünki məhkəmə bu məsələ ilə bağlı düzgün qərar vermək üçün yola baxış keçirməli idi. O zaman kimin haqlı, kimin haqsız olduğu aydın olardı. Əslində, Astara Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun qərarından narazı olan təkcə Qənbərov Əlibala Qafar oğlu deyil, bundan öncə, adıkeçən hakimin qərarından Astara rayonu, Kijabə qəsəbə sakini Qənbərov Möysüm Manaf oğlu da “Hürriyyət”in redaksiyasına gələrək narazılığını bildirmişdi və bu məsələ ictimailəşmişdi. Buna görə isə hakim M. Məmmədov qəzetin baş redaktoru Vüqar Məmmədova narazılığını bildirmişdi. Amma “Hürriyyət” qəzeti hakimin ədalətsiz, çıxardığı qərarın isə əsassız oluğunu sübut etdi. Çünki hakimin verdiyi qərarı Şirvan Apellyasiya Məhkəməsi ləğv edib. Bu barədə yenidən redaksiyamıza gələn Möysüm Qənbərov özü bunları söylədi: “Mübariz Məmmədov haqsız qərar verəndən sonra Şirvan Apellyasiya Məhkəməsinə getdim. Şirvan Apellyasiya Məhkəməsi Mübariz Məmmədovun çıxardığı qərarı ləğv etdi. Apellyasiya Məhkəməsinin çıxardığı qətnamədə yazılıb ki, əks kassasiya şikayəti verilə bilməz. Mən artıq şikayətçiyə pul  ödəməyəcəm, sığorta şirkəti ödəyəcək. Əslində, şikayətçi məni yox, sığorta şirkətini məhkəməyə verməliydi. Hakim mənə dedi ki, mən dövlət adından qərar verirəm. Dövlət adından belə qərar verərlər? Şirvan Apellyasiya Məhkəməsinin hakimi Fehruz Abbasov sağ olsun, düzgün qərar çıxardı, qarşı tərəfi də başa saldı ki, siz vətəndaşı yox, sığorta şirkətini məhkəmə verməliydiniz. Onlar da heç bir yerə kassasiya şikayəti vermədilər”.

M.Qənbərov onu da vurğuladı ki, “Hürriyyət” qəzetinin bizim problemi işıqlandırmasının çox təsiri oldu, məsələ ictimailəşdi: “Mübariz Məmmədov verdiyi qərardan bəlkə də indi peşmandır”.

Qeyd edək ki, M.Qənbərovun oğlu Astara rayonun Təngərud kəndində qəza törətmişdi, adıkeçən şəxsin maşını sığortalı olmasına baxmayaraq, hakim onun qarşı tərəfə1888 manat ödəməsi ilə bağlı qərar çıxarmışdı. Halbuki, sığorta şirkəti ilə müqavilədə yazılır ki, avtomobil sahibi qəza törətdikdə 5 min manata qədər zərəri sığorta şirkəti ödəməlidir. Zərər 5 min manatdan yuxarı olduqda avtomobil sahibi ödəyir. Ancaq M. Qənbərovun dediyinə görə, məhkəmə zamanı hakim M.Məmmədov sığorta şirkətindən bir nəfəri də çağırmayıb.

Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru