Salam, xoş gəlmisiniz.

HESABLAMA PALATASI SAHİBKARLARA QARŞI? – Bank hesabından nağd pul çıxarılması daha da çətinləşə bilər

2019-11-13 10:15:08

HESABLAMA PALATASI SAHİBKARLARA QARŞI? – Bank hesabından nağd pul çıxarılması daha da çətinləşə bilər

Azərbaycanda nağdsız hesablaşmaların artırılması üçün görülən inzibati tədbirlər gözlənilən effekti vermir. Bunu Hesablama Palatasının(HP) 2020-ci il üzrə dövlət büdcəsinə verdiyi rəydən də görmək olar.

Belə ki, HP şirkət və sahibkarların bank hesablarından nağd pul çıxarmasını çətinləşdirməyi təklif edir. Xatırladaq ki, sahibkarlıq subyektlərinin narazılığına rəğmən, 2018-ci ilin əvvəlindən Azərbaycanda 1% həcmində nağdlaşdırma vergisi tətbiq edilir. Yəni sahibkar hesabından çıxarılan vəsaitin 1%-i həcmində vergi ödəyir.

Buna baxmayaraq, ötən dövrdə bank hesablarından nağd vəsaitlərin çıxarılması prosesi zəifləməyib. Çıxarılan vəsaitin həcmi isə ilbəil artırBelə ki, 2018-ci ildə şirkətlər və sahibkarlar bank hesablarından 2,9 milyard manat nağd pul çıxarıblar. Bunun 2,7 milyard manatı hüquqi şəxslərin, 0,2 milyard manatı isə fiziki şəxs olan sahibkarların payına düşür. Artıq 2019-ci ilin yanvar-avqust aylarında bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 2,5 mlrd. manata çatıb və ilin sonunadək 3 milyard manatı ötə bilər.

1543228999_manat

2020-ci il üçün isə nağd çıxarılan məbləğin bir qədər də artaraq 3,6 mlrd. manata (hüquqi şəxslər 3,4 mlrd. manat, fiziki şəxslər 0,2 mlrd. manat) çatması proqnozlaşdırılır. Məhz buna görə də nağdlaşdırma üzrə vergi proqnozu da 36 milyon manata qaldırılıb.

Palatanın fikrincə, görülən inzibati xarakterli tədbir nağd pul çıxarılmasına mane olmur. Ona görə də qurum təklif edir ki, sahibkarların pul vəsaitlərini bank hesablarından nağd çıxarmasının qarşısının alınmasına yönələn yeni tədbirlər görülsün. Bu tədbirlərin nədən ibarət olacağı barədə hələlik hər hansı bir məlumat verilmir. Lakin ehtimal etmək olar ki, əsas etibarilə nağdlaşdırma vergisinin faiz dərəcəsinin artırılması və ya əlavə bank komissiyalarının tətbiqi nəzərdə tutulur. Yəni məqsəd budur ki, sahibkarların bank hesablarına köçən vəsaiti nağdlaşdırması zamanı xərcləri artsın və nəticədə nağdsız hesablaşmalara üstünlük versinlər.

Lakin palatanın verdiyi təklifin nağdsız hesablaşmalara ciddi dərəcədə müsbət təsir edəcəyini düşünmək doğru olmazdı. Ötən illərin təcrübəsi göstərir ki, nağdlaşdırma vergisini artırmaq heç də bank hesablarından nağd pul çıxarılması həcmini azaltmayıb, əksinə, bu məbləğ daha da artıb. Rəqəmlərdən də göründüyü kimi, banklardakı hesablardan çıxarılan nağd pulun böyük qismi hüquqi şəxslərin, yəni şirkətlərin payına düşür. Ona görə də nağdlaşdırma vergisi artırılacağı təqdirdə heç olmasa bu tədbirin yalnız iri vergi ödəyicilərinə şamil edilməsi daha doğru addım olardı.

Həmçinin, bütünlükdə ölkə üzrə nağdsız hesablaşmalar üçün tam normal mühit formalaşdırmadan, “kölgə iqtisadiyyatının” ölçüsü əhəmiyyətli dərəcədə azalmadan, yəni kompleks tədbirlər görülmədən sahibkarları “yükləməyin” heç bir mənası yoxdur. HP-nin nəzərdə tutduğu bu inzibati tədbirlər həyata keçiriləcəyi təqdirdə, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektlərinin sadəcə vergi yükünü bir qədər də artırmış olacq və onsuz da çətin olan durumunu bir qədər də ağırlaşdıracaq./azpolitika.info/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru