Salam, xoş gəlmisiniz.

LAVROVUN ERMƏNİ SEVGİSİ YENƏ “FANTAN VURDU” - Erməniləri “göylərə qaldırdı”, amma Nijdeni yada salmadı

2019-11-11 14:58:01

LAVROVUN ERMƏNİ SEVGİSİ YENƏ “FANTAN VURDU” - Erməniləri “göylərə qaldırdı”, amma Nijdeni yada salmadı

Hər zaman ermənipərəst mövqeyini gizlətməkdə çətinlik çəkən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov noyabrın 10-11 tarixində Ermənistana səfər edib. “AzPolitika.info” xəbər verir ki, Lavrov rəsmi səfəri çərçivəsində İkinci Dünya Müharibəsilə bağlı təşkil olunmuş sərgiyə qatılıb və orada çıxış edib.

Çıxışında erməniləri “göylərə qaldıran” Lavrov Rusiya ilə Ermənistanın strateji tərəfdaşlığı ilə yanaşı iki xalq arasındakı tarixi dostluqdan da danışıb: “Rusiyalılar ilə ermənilər arasındakı sərt hərbi sınaqlardan keçmiş və rus-erməni strateji əməkdaşlığı ilə möhkəmlənmiş çoxəsirlik dostluq vətəndaşlarımızın rifahına, Zaqafqaziyada və regonda stabilliyin təminatına xidmət edir.”

Uzun–uzadı ermənilərin faşist Almaniyası ilə mübarizəsindən danışan Rusiya XİN rəhbəri xüsusilə onların Rusiyada geniş qeyd edilən “Ölməz polk” yürüşünü İrəvanda da təşkil etməsini və bu yürüşə hətta Ermənistan prezidentinin də qoşulmasını vurğulayıb.

Tərifin “barıtını” bir az da artıran Lavrov sonda erməniləri az qala nasizmlə mübarizənin əvəzolunmaz təmsilçisi kimi qiymətləndirib: “Ermənilərin nasizmlə mübarizədə rolu qiymətəgəlməzdir…”

Ancaq təbii ki, Lavrov həmişki kimi nasizmlə mübarizədə “əvəzsiz” olan ermənilərin özlərinin işğalçı faşist Almaniyasından heç də geri qalmadığını, Azərbaycan torpaqlarını işğal etməsini, dinc, günahsız insanları qətlə yetirməsini, Xocalıda törətdikləri vəhşilikləri yada salmayıb.

Ancaq yaxşı olardı ki, Lavrov erməni qəhrəmanlardan danışarkən məsələn, faşist Almaniyasının sadiq qulluqçusu, Vermahtın məşhur simalarından biri, Hitlerin sevimli erməni generalı Haynz Quderyandan da söz açaydı.

Həmçinin, daha yaxşı olardı ki, içindəki erməni sevgisi “fantan vuran” Rusiya xarici siyasət idarəsinin başçısı Ermənistanın paytaxtı İrəvanda, qondarma “erməni soyqırımı” abidəsini ziyarət etdiyi kimi, faşist generalı Nijde kimi tanınan, Hitlerin əlaltılarından biri sayılan, vaxtilə Vermahtın erməni cəza legionunun əsasını qoymuş, “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” deyən Qaregin Ter-Arutunyana qoyulan heykələ də baş çəkib, qarşısına gül dəstəsi qoyaydı.

83d05646a44c226999d527c91ad6caaeddbf2b3e_1509340839

Xatırladaq ki, Azərbaycan Prezidenti Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistan hakimiyyətinin nasist tullantısı Nijdeyə heykəl qoymasını sərt tənqid etmişdi: “Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib…”

Ancaq görünür, Lavrov da öz mahiyyəti ilə Azərbaycan Prezidentinin məlum çıxışına etiraz etməyə çalışan və Rusiyaya “buynuz göstərən” Nikol Paşinyandan o qədər də fərqlənmir. Və hər dəfə nümayiş etdirdiyi mövqeyi ilə Azərbaycanda Rusiyadan imdad uman, ədalət gözləyən “ağzıgöyçəklərin” necə yanıldıqlarını bir daha göstərmiş olur./azpolitika.info/


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru